Polşa İsveçdən bir milyard dollarlıq “Carl-Gustaf M4” qumbaraatanları alır

Polşa İsveçdən bir milyard dollarlıq “Carl-Gustaf M4” qumbaraatanları alır

İsveçin “Saab” şirkəti Polşa Silahlı Qüvvələrinə “Carl-Gustaf M4” tank əleyhinə qumbaraatan tədarük edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 12.9 milyard SEK (1.2 milyard ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

“Carl-Gustaf M4” qumbaraatanları ilə yanaşı, sursat və təlim avadanlıqlarının da tədarükünü nəzərdə tutan müqaviləyə əsasən, məhsulun sifarişçiyə çatdılması 2024-2027-ci illər ərzində həyata keçiriləcək.

“Carl-Gustaf M4” qumbaraatanı, “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.

Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2.2 dəfə yüngüldür.

“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran sursat sürətləndiricisi var.

Hazırda “Carl-Gustaf” qumbaraatanları dünyanın 40-dan çox ölkəsində istifadə edilir.

CATEGORIES
TAGS