
Polşa İsveçdən “GlobalEye” AEW&C təyyarələri almağa yaxındır
Polşa İsveçdən “GlobalEye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri (AEW&C – Airborne Early Warning and Control) almağa yaxındır.
“Poliqon” xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşçak açıqlayıb.
“Biz İsveçdən erkən xəbərdarlıq təyyarələri almaq baxımından çox irəliləmişik. Artıq ətraflı danışıqlar aparılır. İnanıram ki, qısa müddətdə uğurla başa çatacaq”, -deyə Mariuş Blaşçak bildirib.
Qeyd edək ki, İsveçin “Saab” şirkəti tərəfindən istehsal olunan “GlobalEye” hava, dəniz və qurudakı hədəflərin uzun məsafədən aşkarlanmasını və identifikasiyasını təmin edən AEW&C təyyarədir. O, bu funksiyasını yerinə yetirə bilmək üçün bir sıra aktiv və passiv sensorlar ilə təchiz olunub.
AEW&C təyyarə Hərbi Hava Qüvvələrinə, Quru Qoşunlarına və Hərbi Dəniz Qüvvələrinə real vaxt rejmində informasiya ötürməklə, həmin bölmələrin həm ətraf ərazi haqqındakı situasiya məlumatlılığının artmasına, həm də təhdidlərin daha erkən aşkarlanmasına imkan verir.