Polşa “Krab” ÖAQ-ların istehsalını artırır

Polşa “Krab” ÖAQ-ların istehsalını artırır

Polşanın Qliviçe bölgəsində yerləşən “Bumar Labedy” şirkəti tərəfindən yerli 155 mm-lik AHS “Krab” özüyeriyən artilleriya qurğusu (ÖAQ) istehsal olunacaq.

“Poliqon” xəbər verir ki, bunu şirkətin istehsal zavodunu ziyarət edən Polşanın baş naziri Mateuş Moravietski açıqlayıb.

O bildirilib ki, Polşanın müdafiə sənayesi şirkətlərinin inkişaf ölkə üçün çox vacibdir: “Bu sahəyə qoyulan investisiyalar sayəsində biz istehsal xətlərini modernləşdirə bilirik, yeni sifarişlər əldə edirik və yeni iş yerləri açırıq”.

Polşanın baş naziri zirehli texnikaların istehsalı, təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşan “Bumar Labedy” şirkətinin ölkənin müdafiəsi üçün strateji əhəmiyyət kəsb edən müəssisələrdən biri olduğunu vurğulayıb.

Son zamanlarda Polşanın, “Bumar Labedy”də “Leopard 2” tanklarına texniki xidmət göstərilməsi ilə bağlı niyyət məktubu imzaladığını diqqətə çatdıran nazir qeyd edib ki, zavod həm də “Leopard” tanklarının modernləşdirilməsində əsas podratçı mövqeyindədir.

“2023-cü ilin fevral və mart aylarında Polşa ümumilikdə 14 ədəd “Leopard 2A4” tankı təhvil verdi. Bu tip texnikalar Norveç, Kanada, Almaniya və İspaniya tərəfindən də təhvil veriləcək. Qərb texnikasının Ukrayna Ordusu tərəfindən istifadə edilməsi onların təmir, texniki xidmət və ehtiyat hissələri ilə təmin olunmasını tələb edir.

Biz Polşada “Leopard 2” tanklarına xidmət göstərəcək servis mərkəzi yaratmağa hazır olduğumuzu bəyan etmişik. Bura servis mərkəzi, “Leopard” tanklarının təmiri mərkəzi olacaq”, – deyə Mateuş Moravietski bildirib.

155 mm-lik AHS “Krab” Polşanın milli özüyeriyən artilleriya qurğusudur. Onun istehsalında Britaniya AS90/52 haubitsasının lisenziyalı qülləsindən istifadə edilir. Lülənin uzunluğu 52 çapa bərabərdir. Şassi olaraq isə Cənubi Koreyanın “Samsung Techwin” şirkətinin K9 “Thunder” ÖAQ-ın platforması seçilib.

Qurğudan baza döyüş sursatları ilə effektiv atəş məsafəsi 30 km, maksimal atəş məsafəsi isə 40 km-dir. AHS “Krab” ÖAQ dəqiqədə 6 atəş aça bilir. Heyəti 5 nəfərdən ibarətdir.

Qeyd edək ki, AHS “Krab”ın əsas istehsalçısı Polşanın “Huta Stalowa Wola” şirkətidir. Polşa hökuməti “Krab” ÖAQ-larını “Bumar Labedy”də də istehsal etməyə başlamaqla onların istehsalını artırmağı hədəfləyib. Bu, Polşanın Avropanın ən güclü Quru Qoşununa sahib olmaq yolunda attdığı növbəti addımlardan biridir.

Poliqon.az

CATEGORIES
TAGS