QuruXəbərlər

Polşa, Litva, Latviya və Norveçə “Piorun” DZRK-lar tədarük ediləcək

Polşa, Litva, Latviya və Norveçə “Piorun” daşınan zenit-raket kompleksləri (DZRK) tədarük ediləcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Polskiej Grupy Zbrojeniowej” (PGZ) şirkəti məlumat yayıb.

Bildirilib ki, DZRK-lərin tədarükü ilə bağlı Polşa Silahlanma Agentliyi və PGZ-nin tərkibinə daxil olan MESKO S.A. şirkəti EDIRPA VSHORAD beynəlxalq konsorsiumu çərçivəsində müqavilə imzalayıb. Müqaviləyə əsasən, planlaşdırılan tədarüklərin ümumi dəyəri 8 milyard Polşa zlotundan (2,1 milyard ABŞ dolları) çox olacaq və çatdırılmaların 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılır. Satınalma Avropa İttifaqının SAFE proqramı çərçivəsində maliyyələşdiriləcək.

EDIRPA VSHORAD konsorsiumuna Polşa, Litva, Latviya və Norveç daxildir. Konsorsiuma Polşa rəhbərlik edir. Tədarük ediləcək raket və buraxılış qurğularının 80 faizindən çoxunun Polşa Silahlı Qüvvələrinə verilməsi nəzərdə tutulur.

“Piorun” kompleksi təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlərin məhv edilməsi üçün nəzərdə tutulub. Sistem müasir özütuşlanan döyüş başlığı, yaxınlıq partladıcısı və elektron maneələrə yüksək davamlılığı ilə seçilir.

Polşada hazırlanaraq istehsal olunan “Piorun” son illərdə dünyanın ən tanınmış daşınan qısamənzilli hava hücumundan müdafiə sistemlərindən birinə çevrilib. Sistemin effektivliyi və etibarlılığı real döyüş əməliyyatları zamanı da nümayiş etdirilib.

Bununla yanaşı, MESKO “Piorun”un yeni nəsli hesab olunan “Piorun NG” və “Grzmot” sistemləri üzərində də inkişaf işlərini davam etdirir. Yeni komplekslərin daha böyük döyüş imkanlarına, artırılmış əməliyyat məsafəsinə və Polşanın hava hücumundan müdafiə sistemləri ilə daha geniş inteqrasiya imkanlarına malik olması planlaşdırılır.

Back to top button