Polşa Ordusu 1400 ədəd “Borsuk” PDM alır

Polşa Ordusu 1400 ədəd “Borsuk” PDM alır

Polşa öz qoşunları üçün yerli istehsal olan 1400 ədəd “Borsuk” piyadanın döyüş maşını (PDM) sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq çərçivə müqaviləsi milli müdafiə naziri Mariuş Blaşçak tərəfindən təsdiqlənib.

“Borsuk” PDM-nin istehsalı və tədarükü üzrə müqavilə Polşa Silah Agentliyi ilə “Polska Grupa Zbrojeniowa” və “Huta Stalowa Wola” şirkətlərinin konsorsiumu arasında bağlanıb.

Bu sifariş Polşanın müdafiə sənayesində son 50 ildə ən böyük layihə adlandırılır. Buraya 1000-dən çox “Borsuk” PDM-i, həmçinin kəşfiyyat, koordinasiya və mühafizə funksiyalarını yerinə yetirən 400 ədədə yaxın texnika daxildir.

Müqavilənin anonsu hələ keçən həftə verilib. Bununla belə, Polşa media mənbələri o zaman 1000 ədəd yeni PDM-nin sifariş ediləcəyini bildirmişdilər.

Mariuş Blaşçakın sözlərinə görə, ilk dörd ədəd “Borsuk” PDM bu il sınaq üçün Polşa ordusuna təhvil veriləcək.

Polşa müdafiə sənayesinin “Borsuk” döyüş maşınları Polşa Silahlı Qüvvələrinin Quru Qoşunlarında köhnəlmiş Sovet istehsalı BMP-1 PDM-i əvəz etməlidir. 2020-ci ildə “Polska Grupa Zbrojeniowa” şirkəti perspektiv “Borsuk” piyada döyüş maşınının səhra sınaqlarının birinci mərhələsini elan edib.

2022-ci ilin iyul ayında “Borsuk” proqramı çərçivəsində yaradılmış Polşa yeni üzən piyada döyüş maşınının dövlət sınaqlarına başlanıb. Bu, “Borsuk” PDM-in mənimsənilməsi yolunda mühüm addımdır. Və həmin ilin payızında Polşa ordusunun 15-ci əlahiddə mexanikləşdirilmiş briqadasının hərbçiləri maşını poliqonda sınaqdan keçiriblər.

Polşanın “Borsuk” PDM-i, mühərrik-transmissiya bölməsi və idarəetmə bölməsi öndə, onun arxasında komandir və tuşlayıcının döyüş bölməsi olan kompanovkaya malikdir.

PDM uzaqdan idarə olunan ZSSW-30 döyüş modulu ilə təchiz olunub. Maşının silahlanmasına 30 mm-lik “Bushmaster” Mk 44/S topu ilə 200 atəş yığımından ibarət döyüş dəsti və 7,62 mm-lik UKM-2000C pulemyotu ilə 400 ədəd patrondan ibarət döyüş dəsti, həmçinin ikili “Spike-LR” tank əleyhinə idarə olunan raket (TƏİR) buraxma qurğusu daxildir. Modulun quruluşu əlavə asma zirehin quraşdırılması üçün uyğunlaşdırılıb.

Piyada döyüş maşınının çəkisi 28 tondur və asfaltlanmış yollarda 65 km/saata qədər maksimal sürətlə hərəkət edə bilir. Maşın Almaniyanın 720 at gücünə malik MTU 8V-199-TE20 dizel mühərriki ilə təchiz edilib.

Qey edək ki, Polşanın yeni piyada döyüş maşınlarının alınması ölkə ordusunun genişmiqyaslı modernləşdirilməsi çərçivəsində baş verir.

Xatırladaq ki, artıq silahlanmaya qəbul edilmiş və ya tezliklə qəbul ediləcək silahlar arasında ABŞ-ın MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemləri, M142 “HIMARS” yaylım atəşli reaktiv sistemləri sistemi, 32 ədəd F-35 “Lightning II” qırıcısı, “Sikorsky” UH-60 “Black Hawk” helikopteri, 250 ədəd М1А2 SEP v.3 ən müasir konfiqurasiyasında və 116 ədəd bir köhnə М1А2 SEP v.2 modifikasiyasında “Abrams” tankı var. Eləcə də Türkiyədən alınmış 24 ədəd TB-2 “Bayraktar” pilotsuz uçuş aparatları və digər texnikalar bu siyahıda yer tutur.

Ötən il Polşa Cənubi Koreyadan böyük miqdarda hərbi texnika və silah sifarişi verib. Onların arasında 1000 ədəd K2 “Black Panther” tankı, 600 ədəddən çox K9 “Thunder” özüyeriyən artilleriya qurğusu və üç eskadrilya FA-50 qırıcısı var.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS