
Polşa Ordusu qısa mənzilli ZRK-lər əldə edəcək
Polşa “Narev” milli qısa mənzilli hava hücumundan müdafiə (HHM) proqramının praktiki tətbiqinə başlayır.
“Poliqon” “Defence24”ə istinadən xəbər verir ki, layihənin icraçısı “Polska Grupa Zbrojeniowa” (PGZ) şirkəti olacaq.
Polşa Müdafiə naziri Mariusz Blaszcaka, Soxaçev şəhərinə səfəri zamanı həm bu barədə, həm də “Narew” qısa mənzilli hava hücumundan müdafiə proqramının analitik və konseptual mərhələsinin nəticələrinin imzalanması barədə məlumat verib.
“Beləliklə, bu proqram podratçı ilə danışıqlar, müqavilə imzalamaq və tədarükün başlanması da daxil olmaqla icra mərhələsinə keçə biləcək. Polşa Ordusunun “Narev” proqramı altına alınması ilə əlaqədar analitik və konseptual mərhələdən çıxan nəticələri qəbul etdim. Bu, Polşa səmasının qorunması ilə əlaqəli boşluğu dolduracaq hərbi texnikadır. Müqavilə PGZ tərəfindən həyata keçiriləcək”- deyərək nazir Blaszcak bildirib.
Yeni zenit raket kompleksinin (ZRK) atış məsafəsi 40 km-ə qədər olmalıdır və qısa mənzilli ZRK-lərlə (məsələn, “Poprad”) qarşlıqlı əlaqədə olaraq həm aviabazaların, həm də quru qoşunlarının HHM-si üçün təyin edilib. Kompleks HHM vasitəsi kimi həm aerodinamik hədəflərə (təyyarə, helikopter, pilotsuz uçuş aparatı), həm də RƏM vasitəsi kimi qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün yaradılır.
Planlara görə yeni “Narva” ZRK Polşanın HHM sistemində mühüm rol oynamalıdır. Bu gün Polşa ordusunun silahlanmasında “Grom”, “Piorun” və “Poprad” kimi qısa mənzilli zenit raket kompleksləri var. Ancaq “Poprad” ZRK ilə “Patriot” ZRK arasında sistemlər mövcud deyil.
Ümumilikdə, “Narev” proqramına əsasən 19 batareyaya (38 atəş bölməsi) tələbat müəyyən edilib. Bu isə öz növbəsində 100-dən çox atıcı qurğu və konfiqurasiyaya görə 2000-ə qədər raket deməkdir. Yeni ZRK-lər 3-cü Varşava HHM raket briqadasının, həmçinin quru qoşunlarının zenit alaylarının və ola da bilsin ki, Hərbi Dəniz Qüvvələrinin sahil birləşmələrinin silahlandırılmasına daxil olmalıdır.
“Narev” proqramının tam versiyasındakı dəyəri təxminən 30-40 milyard zlotı (təqribən 7,96-10,6 milyard ABŞ dolları) olaraq qiymətləndirilir.
Qoyulmuş tələblərə uyğun olaraq, xaricdən asılılığı aradan qaldırmaq məqsədi ilə yeni sistem Polşa istehsalı olan əsas komponentləri özündə birləşdirməlidir. Bu əsas komponentlərə kəşfiyyat radiolokasiya stansiyası (radarı), raketləri tuşlama radarı, mobil buraxma qurğusu, hava hədəflərini izləmə və raketi müşayiətetmə passiv optoelektronik sistem, döyüş idarəetmə sistemi və komponentlər arasındakı rabitə sistemi daxildir.
Seçilən variantdan asılı olmayaraq, bir şey dəqiqdir ki, “Narev” proqramı Polşa Silahlı Qüvvələri üçün xüsusi əhəmiyyət kəsb edir, çünki hava bazalarını (o cümlədən müttəfiq bazaları) müdafiə etmək, orta mənzilli sistemlərlə qarşılıqlı əlaqəda olmaq, və nəhayət Quru Qoşunlarının mobil qruplarını müdafiə etmək üçün təyin edilmiş qısa mənzilli sistemdir. Başqa sözlə, bu sistemin effektivliyi Polşa Ordusu tərəfindən bir çox digər döyüş vasitələrinin real istifadəsindən asılı olacaqdır. Bu səbəbdən proqram səmərəli tətbiq edilməli və eyni zamanda yerli sənayenin geniş iştirakı ilə həyata keçirilməlidir. 19 batareyadan ibarət “Narev” ZRK-nin bütün çeşidlərinin tədarükünün özü on il çəkə bilər . Buna görə də, mütəxəssislər Polşa Milli Müdafiə Nazirliyinin qərarını doğru istiqamətdə atılmış addım hesab edir, lakin bu proqramı yekunlaşdırmaq üçün qətiyyət tələb olunduğunu da vurğulayırlar.
Hər şey plana uyğun gedərsə, ilk “Narev” komplekslərinin Polşa ordusuna təxminən 2025-ci ildə təhvil verilməsi gözlənilir. Çünki 2014-cü ildən bəri “Narev” proqramı Polşa “uzunmüddətli plan”lardan birinə aid edilir. Ancaq indi, Polşalı mütəxəssislərin fikrincə, Rusiyanın artan hərbi təhlükəsi Varşava üçün bu mürəkkəb və bahalı layihə üzərində işi gücləndirməyə təkan ola bilər.
- Daşınan zenit raket kompleksi “Grom”
- Daşınan zenit raket kompleksi “Piorun”
- Zenit raket kompleksi “Poprad”
- Zenit raket kompleksi “Patriot”
Əhəd Əzizov