
Polşa Ordusuna “Homar-K” (K239 “Chunmoo”) yaylım atəşli reaktiv sistemləri (YARS) üçün raketlərin növbəti partiyası təhvil verilib.
“Poliqon” Polşanın Silahlanma Agentliyinə istinadən xəbər verir ki, budəfəki tədarükə CGR-80 raketləri ilə yanaşı, daha uzaqmənzilli CTM-290 raketləri də daxil olub.
Agentlik Polşada raketlərin yerli istehsalı üzrə işlərin də davam etdiyini bildirib. İlk raketlərin 2028-ci ildə ölkədəki zavodda istehsal olunaraq tədarük edilməsi planlaşdırılır.
Qeyd edək ki, CGR-80 Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti tərəfindən istehsal edilən K239 “Chunmoo” YARS-larının istifadəsi üçün nəzərdə tutulmuş 239 mm-lik raketdir. CGR-80 raketinin mənzili təxminən 80 km təşkil edir.
KTSSM Block-I taktiki ballistik raketinin ixrac versiyası olan CTM-290 isə təxminən 290-300 km mənzildəki hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Hər iki raket “Hanwha Aerospace” şirkəti tərəfindən istehsal edilir.





