Polşa PUA-larla bağlı tarixinin ən böyük müqaviləsini imzalayıb

Polşa PUA-larla bağlı tarixinin ən böyük müqaviləsini imzalayıb

Polşanın milli müdafiə naziri Mariuş Blaşçak (Mariusz Błaszczak) “Gladius” batareya atəş modullarının alınması üçün müqaviləni təsdiq edib.

Bu barədə “Poliqon” Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, müqavilənin məbləği 450 milyon ABŞ dolları təşkil edir ki, bu da “Bayraktar TB2” (270 milyon ABŞ dolları) və ya hələ də tədarük olunmamış “Orlik” pilotsuz uçuş aparatının (PUA) (180 milyon ABŞ dolları və ya 800 milyon zlotı) alınması üzrə sövdələşmələrin dəyərindən çoxdur. Bu isə o deməkdir ki, sözügedən fakt, tarixdə Polşa ordusu üçün pilotsuz sistemlərin tədarükü üzrə ən böyük müqavilədir.

Polşa Milli Müdafiə Nazirliyinin məlumatına görə, Polşa ordusu “Gladius” sisteminin tərkibinə daxil olan bir neçə yüz pilotsuz uçuş aparatı alacaq. Bura “WB Group” şirkəti tərəfindən istehsal olunan FT5 kəşfiyyat PUA-ları və BSP-U (“BSP Uderzeniowy”, “Impact UAV”) süzən sursatları (kamikadze dronlar) daxildir. Ümumilikdə müqavilə çərçivəsində sistemin dörd batareya dəsti, personalın hazırlığı və texniki xidmət paketi təhvil veriləcək. Bu fakt, 2 milyard zlotı dəyərində alışın məbləği ilə təsdiqlənir.

“Gladius” sistemi Polşanın mövcud “Topaz” atəşi idarəetmə sistemi vasitəsilə yerüstü artilleriya bölmələri ilə inteqrasiya ediləcək. “Gladius” sisteminin ilk elementləri 2022-ci ildə ölkənin şərqindəki artilleriya alaylarının silahlanmasına qəbul olunacaq.

Həmçinin bildirilib ki, sistemin alınması qərarına Ukraynadakı müharibənin təhlili təsir edib. “Gladius” kompleksi Polşa ordusuna kəşfiyyat aparmağa və 100 km dərinlikdəki hədəfləri vurmağa imkan verəcək.

İstehsalçının məlumatına görə, “Gladius” kəşfiyyat və zərbə sisteminin tərkibinə daxil olan FT-5 PUA qanad açıqlığı 6,4 m olan iki mühərrikli pilotsuz təyyarədir. Maksimual 5000 m yüksəklikdə kəşfiyyat tapşırıqlarını yerinə yetirə və 10 saat havada qala bilir. PUA-nın faydalı yükünə optoelektronik və termal kamera, radioelektron kəşfiyyar sistemləri (signals intelligence – SIGINT), çirklənmə səviyyəsi təyinetmə sensoru aiddir.

Məlumatda hansı kamikadze dronun sistemə daxil olacağı barədə məlumat verilmir. Lakin qeyd etmək lazımdır ki, “WB Group” şirkəti “Warmate” və “Warmate 2” süzən sursatların istehsalçısıdır.

Məlumatda o da bildirilir ki, “Gladius” təkcə qılınc deyil, həm də göz, qulaq və beyindir: “Bu, artıq işləyən həllərə əsaslanan və tamamilə Polşa zavodlarında Polşa mühəndisləri tərəfindən hazırlanmış bir sistemdir”.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS