Polşa Ukraynaya 155 mm-lik AHS “Krab” ÖAQ verir
Polşa Ukraynaya 155 mm çaplı AHS “Krab” özüyeriyən artilleriya qurğularını (ÖAQ) verir.
Bu barədə “Poliqon” “Polskie Radio” İnformasiya Agentliyinə istinadən məlumat verib.
Hökumət dairələrindən olan müsahibin sözlərinə görə, söhbət üç artilleriya batareyasından – 18 ədəd 155 mm-lik özüyeriyən haubitsadan gedir. Polşa Ordusu artıq 100 nəfər ukraynalı hərbçiyə bu silahları istismar etmək üçün təlim keçib.
Polşanın köməyi sayəsində ukraynalılar hazırda Qərbin ən azı 24 ədəd özüyeriyən top-haubitsasına malikdir. Belə ki, Fransa 6 ədəd “Caesar” ÖAQ bağışlayıb. Öz növbəsində Almaniya və Niderland ümumilikdə 12 ədəd PzH 2000 ÖAQ verəcəklərini bəyan ediblər. Lakin rəsmi Berlin izah edir ki, “Panzerhaubitzen 2000” ÖAQ-ı idarə edəcək heyətlər hələ də təlimdədir və artilleriya qurğularının Şərqə çatdırılacağı tarix məlum deyil.
Beləliklə, ümumilikdə Ukrayna artıq 36 ədəd 155 mm-lik tırtıllı ÖAQ-a sahib olacaq.
155 mm-lik AHS “Krab” Polşanın milli özüyeriyən artilleriya qurğusudur. Onun istehsalında Britaniya AS90/52 haubitsasının lisenziyalı qülləsindən istifadə edilir. Lülənin uzunluğu 52 çapa bərabərdir. Şassi olaraq isə Cənubi Koreyanın “Samsung Techwin” şirkətinin K9 “Thunder” ÖAQ-ın platforması seçilib.
Qurğudan baza döyüş sursatları ilə effektiv atəş məsafəsi 30 km, maksimal atəş məsafəsi isə 40 km-dir. AHS “Krab” ÖAQ dəqiqədə 6 atəş aça bilir. Heyəti 5 nəfərdən ibarətdir.
AHS “Krab” istehsalçısı “Huta Stalowa Wola” şirkətidir. Şirkət 2016-cı ildə Polşanın Müdafiə Nazirliyindən 96 ədəd özüyeriyən qurğunun istehsalı üçün müqavilə alıb. 2020-ci ilin dekabr ayında daha iki divizion üçün müqavilə imzalanıb. 2022-ci ilin may ayında isə şirkət daha üç divizion üçün müqavilənin mümkünlüyünü açıqlayıb.
AHS “Krab” ÖAQ divizionuna aşağıdakı silah və texnikalar daxildir:
- iki komanda-qərargah maşını WDsz;
- üç batareya komandirinin maşını;
- doqquz taqım komandirinin maşını WD;
- iyirmi dörd 155 mm-lik AHS “Krab” ÖAQ;
- Jelcz 882.53 avtomobili şassisində altı nəqletmə-doldurma maşını WA;
- Jelcz P662 avtomobili şassisində silah və elektronika təmiri üçün maşın WRUiE.
AHS “Krab” ÖAQ ilə Polşa Ordusunun dörd hərbi hissəsi – bir mexanikləşdirilmiş briqada və üç artilleriya alayı ilə silahlandırılıb.
Bildirilib ki, cari ilin mart ayının ortalarında qüvvəyə minmiş qanun sayəsində Polşadan Ukrayna ordusuna yeni texnikanın verilməsi mümkündür. Polşa Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük texnika donorudur.
Xatırladaq ki, Polşadan Ukraynaya gələn silahlar arasında 250 ədədə yaxın T-72M və T-72M1 tankı, 2S1 “Qvozdika” ÖAQ və BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlər var. Polşa həmçinin MiQ-29 və Su-27 təyyarələri üçün hava-hava raketləri tədarük edib. Həmçinin Polşadan Ukraynaya “Piorun” daşınan zenit-raket kompleksləri də təchiz edilib.
Ağır texnika ilə yanaşı, Polşanın “WB Electonics” şirkəti tərəfindən istehsal olunan dronlar da yer alıb ki, onlar da digər tapşırıqlarla yanaşı, kəşfiyyat fəaliyyəti üçün də nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Ukraynada Polşa istehsalı “Warmate” dronları da istifadə olunur.
Qeyd edək ki, dünən Ukrayna müdafiə naziri Oleksiy Reznikov top-haubitsaların mənşəyini dəqiqləşdirmədən onlar barədə məlumat verib. O yazıb ki, Ukrayna bir çox ölkələrin arsenalında olan M109 haubitsasının “modifikasiyasını” alıb.
Əhəd Əzizov