
Polşa yeni qısa mənzilli HHM sisteminin inkişafını sürətləndirir
Böyük Britaniyanın Müdafiə Nazirliyi perspektivli “Narew” raket sistemi üzərində birgə iş üçün Polşa ilə müqavilə imzaladığını açıqlayıb.
“Poliqon” xəbər verir ki, “Polska Grupa Zbrojeniowa” şirkətinin baş direktoru Sebastian Çvalek (Sebastian Chwałek) və “MBDA Polska” şirkətinin satış direktoru Adrian Monks (Adrian Monks) Varşavada aralıq müqaviləsi imzalayıblar.
Bu sənəd Böyük Britaniyanın “Common Anti Air Modular Missile” (CAMM) tipli “yer-hava” sinif raketlərinin Polşaya çatdırılması üçün tələb olunan iki addımdan birincisidir.
Qeyd olunur ki, əvvəlcə perspektiv raket sisteminin yaradılması üzrə müqavilənin 2023-cü ildə imzalanması planlaşdırılırdı. Lakin Şərqi Avropadakı mövcud vəziyyətə görə Polşa Müdafiə Nazirliyi “Narew” sisteminin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib.
Bildirilir ki, Polşanın “Narew” sistemi MBDA UK şirkəti tərəfindən hazırlanmış Britaniyanın CAMM raketləri bazasında hazırlanacaq. Bu raketlər quru və gəmi əsaslı “Land Ceptor” və “Sea Ceptor” zenit-raket komplekslərində (ZRK) istifadə olunur. Eyni zamanda, sursatın özü “hava-hava” sinif ASRAAM raketinin təkmilləşdirilmiş versiyasıdır.
Böyük Britaniya Polşanın hava hücumundan müdafiə (HHM) sisteminin yaradılması, o cümlədən proqram təminatının bütün mənbə kodlarının ötürülməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır. Polşa Silahlı Qüvvələrinin qısa mənzilli ZRK-nə ehtiyacı 23 komplekslə qiymətləndirilir ki, onların ümumi dəyəri 8 milyard ABŞ dollara çata bilər (həmçinin bax: Polşa Ordusu qısa mənzilli ZRK-lər əldə edəcək).
Əhəd Əzizov