Polşada BWP-1 PDM-in yeni təkmilləşdirilmiş variantı təqdim edilib

Polşada BWP-1 PDM-in yeni təkmilləşdirilmiş variantı təqdim edilib

Polşanın “Wojskowe Zakłady Motoryzacyjne” (WZM) şirkəti BWP-1 piyada döyüş maşınının (PDM)  təkmilləşdirilmiş gövdəsi və qülləsi olan yeni versiyasını nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, yeni model Sovet istehsalı BMP-1 PDM-in lisenziyalı analoqu olan BWP-1 PDM üzərində qurulub.

Polşalı konstruktorlar maşının ban hissəsini artırıblar. Həmçinin təkmilləşdirilmiş PDM-də yanacaq çənlərinin yeri dəyişdirilib və qüllənin bünövrəsi çıxarılıb. Bu yeniliklər desant bölməsinin həcmini artırmağa və heyətin iş şəraitini yaxşılaşdırmağa imkan verib. Təkmilləşdirilmiş maşının ballistik qorunması NATO STANAG 4569 standartının 3-cü səviyyəsinə uyğundur. Təhlükəsizlik variant olaraq, snayper tüfənglərinin və iriçaplı pulemyotların zirehdələn güllələrinin atəşinə davam gətirəcək 4-cü səviyyəyə qədər qaldırıla bilər.

Təkmilləşdirilmiş PDM, heyətin vəziyyət məlumatlılığını artıran dairəvi baxış sistemi, yeni rabitə sistemləri, kondisioner və yanğınsöndürmə avadanlığı ilə, həmçinin maşını tank əleyhinə idarə olunan raket (TƏİR) komplekslərindən maskalayan SSP-1 “Obra 3” lazer şüalanma xəbərdarlıq sistemi ilə də təchiz edilib. Müştərinin istəyi ilə standart mühərrik Almaniyanın 326 at gücünə sahib MTU 6R 106 TD21 mühərriki ilə əvəzlənə bilər.

PDM-in standart qülləsi “John Cockerill” 1030 döyüş modulu ilə əvəz edilib. Maşın 30 mm və ya 40 mm çaplı “Bushmaster” MK 44 topları ilə təchiz oluna bilir. Əsas silahlanmaya qoşalaşdırılmış pulemyot və TƏİR buraxma qurğusu da əlavə edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS