
Postsovet dövlətləri yeni hücum tüfəngləri axtarışında – ANALİZ
Postsovet məkanında 2000-ci illərin əvvəllərində elan edilən silahlı qüvvələrin modernləşdirilməsi proqramlarının ana xəttini silah və texnika parkının müasirləşdirilməsi təşkil etmişdir. Sovet Ordusunun anbarlarından götürülmüş köhnə silah və texnikaların bir qismi ordunun perspektiv tələblərinə cavab vermədiyindən, eləcə də bəzi dövlətlər NATO-ya inteqrasiya ilə əlaqədar arsenalın kompleks yenilənməsi planlarını reallaşdırmağa başladılar. Baltik dövlətləri NATO-ya üzv olduqdan sonra, Almaniya, İngiltərə və ABŞ kimi dövlətlərin də yardımı ilə kompleks şəkildə NATO dövlətlərinin istehsalı olan silah və hərbi texnikalara keçid ediblər. Adıçəkilən dövlətlərin silahlanmadan çıxardığı Sovet Ordusundan miras qalan arsenalın bir hissəsi ya konservasiya edilib, və ya dəyər-dəyməzinə ixrac olunub. Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Tacikistan kimi dövlətlər isə bu prosesi qismən, ayrı-ayrı layihələr formasında bu gün də davam etdirirlər. Başqa sözlə ifadə edərsək, birinci qrup qərb silahlarına keçidi sürətli şəkildə tamamlasa da, ikinci qrup bu prosesi tərəddüdlə, tələsmədən və hissə-hissə həyata keçirməkdədir.
Avroatlantik inteqrasiya proseslərini gücləndirən Gürcüstan və Ukraynanın da son illərdə NATO dövlətlərindən ciddi şəkildə silah idxalı müşahidə olunur. Ordunun silahlanmasındakı AK-74 avtomatlarını Amerika istehsalı olan “Bushmaster AR15”, M-4/M-16 hücum tüfəngləri ilə 80 faizə qədər əvəz edən Gürcüstan 2025-ci ilədək köhnə Sovet atıcı silahlarından tam şəkildə azad olmağı planlaşdırır. Ukraynada isə mütəxəssislərin dəyərləndirmələrinə görə, indiki yanaşma dəyişməzsə, bu prosesin ən yaxşı halda yaxın 15-20 il ərzində yekunlaşdırılması mümkündür.
Bu yazımızda region dövlətlərinin son illərdə seçim etdikləri hücum tüfənglərindən bəhs etməyə çalışacağıq.
İtaliya Ordusunun 2008-ci ildə elan etdiyi “Gələcəyin Əsgəri” layihəsi çərçivəsində “Beretta Defense Technology” şirkəti tərəfindən istehsal olunan ARX-160 avtomatınn gövdəsi polimerdən, üst hissəsi alüminiumdan hazırlanıb. Avtomat üç – tək, yarımavtomat və avtomat atış rejimlərinə malikdir. ARX-160 avtomatı yalnız bu silah üçün yaradılmış 40 mm-lik GLX-160 lüləaltı qumbaraatanla komplektləşdirilir.

ARX-160 avtomatı ilə silahlanmış Qazaxıstan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları
5.56×45 mm NATO kalibrinə uyğun dizayn edilmiş olsa da sonrakı illərdə sifarişçilərin tələblərinə uyğun olaraq ARX-160 avtomatının 5.45×39 mm Sovet, 6.8×43 mm “Remington SPC” və 7.62×39 mm çaplı NATO və Sovet patronlarına uyğun modifikasiyaları istehsal edilib. 2015-ci ildə “Beretta” ARX-160 xəttinin davamı olaraq, 7.62×51 mm kalibrli ARX-200 modelini bazara təqim edib. ARX-160 avtomatının 406 mm uzun və 302 mm qısa lüləli versiyaları mövcuddur. 302 mm qısa lüləli avtomatın uzunluğu 680 mm, qundaq açıldıqda 755 mm, 406 mm uzun lüləli avtomatın isə uzunluğu 820 mm, qundaq açıldıqda isə 920 mm təşkil edir.
ARX-160 avtomatından hər iki əldə rahat şəkildə istifadə etmək mümkündür. Ən əsası isə sol əllə istifadə zamanı avtomat heç bir problem yaratmır. Silahın lüləsi əlavə alət tələb olunmadan qısa müddətdə dəyişdirilə bilir. Dəqiqədə 700 atəş açan avtomatın 7.62×39 mm Sovet kalibrli versiyası eyni kalibrli standart AKM maqazinləri istifadə edir.

Gürcüstan Ordusunun hərbçiləri M-4 hücum tüfəngi ilə
Son illər Qazaxıstan və Türkmənistan kimi postsovet ölkələri ilə yanaşı keçmiş sosialist blokuna üzv olmuş, hazırda NATO-da təmsil olunan bir sıra dövlətlər də ARX-160 avtomatının böyük həcmli satınalmalarını həyata keçiriblər. 2013-cü ildə Qazaxıstan İtaliyadan 300-dən çox 7.62×39 mm çaplı ARX-160 avtomatı və GLX-160 lüləaltı qumbaraatanı əldə edərək Xüsusi Təyinatlı Qüvvələrin və güc strukturlarının xüsusi bölmələrinin istifadəsinə verib. Türkmənistan isə 2014-cü ildə “Beretta” şirkətindən (3.9 milyon avroluq) 1680 ədəd ARX-160A1, bu silahlar üçün 2 milyondan artıq döyüş sursatı, 150 ədəd GLX-160 lüləaltı qumbaraatanı satın alıb. ARX-160 avtomatları hazırda Türkmənistan Xüsusi Təyinatlı Qüvvələrinin silahlanmasına daxildir. Türkmənistanın 2018-ci ildə əlavə olaraq ARX-160A3 modifikasiyası da əldə etdiyi bildirilir.
Regionda Azərbaycan, Ukrayna, Gürcüstan və Türkmənistanın ordu və güc strukturlarının silahlanmasında yer alan TAR-21 “Tavor” hücum tüfəngi İsrail Ordusunun istifadəsində olan M16, M4 və “IWI Galil” avtomatlarının yerini almaq məqsədilə hazırlanıb. İsrail Silah Sənayesi (IWI) şirkəti tərəfindən TAR-21 (Tavor Assault Rifle) dizaynına 1991-ci ildə başlanılıb. İlk prototipi 1998-ci ildə hazır olan TAR-21 hücum tüfəngi 2002-ci ilə qədər test edilmək üçün orduya verilib. Sınaqların nəticələri İsrail Ordusu tərəfindən yüksək qiymətləndirilib.
TAR-21 hücum tüfənginin yaradılması zamanı ilk diqqət erqonomikaya yönəlib. IWI mütəxəssislərinin sözlərinə görə, bullpap dizayna malik silahın mexanizmində dəyişiklik etməklə, həm sağ, həm də sol əllə istifadə etmək olar. 5.56×45 mm çaplı TAR-21 hücum tüfəngiı 30 patron tutumlu daraqla dəstləşdirilir (eyni zamanda M4 avtomatının standart maqazinindən istifadə olunur). Hissələri polimerdən hazırlanan silahın üzərinə klasik nişangah yerinə lazer nöqtələyici quraşdırılıb. TAR-21 istifadəçilərə MARS, yaxud MEPRO nişangahları və M203 lüləaltı qumbaraatanla komplektləşdirilmiş şəkildə təklif olunur.
TAR-21 hücum tüfənginin standart konfiqurasiyadan əlavə, CTAR-21, GTAR-21, STAR-21, X-95 (MTAR-21) və “Tavor-7AR” adlı 6 fərqli modeli mövcuddur. CTAR-21 və X-95 isə lüləsi qısaldılmış kompakt modeldir. 2017-ci ildə IWI şirkəti tərəfindən təqdim olunan 7.62×51 mm çaplı “Tavor-7AR” avtomatının çəkisi isə 4.1 kq, atış uzaqlığı 600 metr təşkil edir. Bu model sifarişdən asılı olaraq 432 mm və 508 mm uzunluğunda lülələrlə təklif olunur.
Postsovet məkanında TAR-21 avtomatının ilk istifadəçisi Gürcüstandır. 2000-ci illərin əvvəllərində Gürcüstan Daxili İşlər Nazirliyinin bölmələrinin silahlanması üçün açıqlanmayan sayda TAR-21 alıb. Sonrakı illərdə silahın növbəti partiyalarının əldə edilməsi planlaşdırılsa da, maliyyə çətinliklərinə görə satınalma baş tutmayıb. 2008-ci ildə Bakı şəhərində keçirilmiş hərbi paradda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri TAR-21 hücum tüfənglərini ilk dəfə nümayiş etdirib. Sonrakı dövrlətdə keçirilən hərbi paradlarda, təlimlərdə və təqdimatlarda ordu ilə yanaşı ayrı-ayrı güc strukturlarının da TAR-21 avtomatlarını silahlanmaya qəbul etdiyi üzə çıxıb. 2018-ci ildə keçirilən hərbi paradda isə Xüsusi Təyinatlı Qüvvələrin silahlanmasında ilk dəfə X-95 modeli görüntülənib.
2008-ci ildə Ukraynanın “RPC Fort” və İsrailin IWI şirkəti arasında imzalanmış müqavilə çərçivəsində Ukraynada DİN və təhlükəsizlik qüvvələri üçün “Tavor”un 5.45×39 mm sovet kalibrli patronlara uyğunlaşdırılmış “Fort -221” (CTAR-21) və “Fort-222” (STAR-21) modellərinin istehsalına başlanıb. “Milkor” şirkətinin istehsalı olan 40 mm UBGL lüləaltı qumbaraatanlarla dəstləşdirilən “Fort-221” hücum tüfənginin ilk məhdud saylı çatdırılma müqaviləsi 2009-cu ilin dekabrında Ukrayna kəşfiyyat və sərhəd mühafizə orqanları ilə imzalanıb. 2014-cü ilin payızında isə “RPC Fort” şirkəti Ukrayna DİN ilə “Azov” alayının, habelə nazirliyin 1-ci operativ briqadasının “Fort-221” və “Fort-222”, Müdafiə Nazirliyi ilə Ukrayna Ordusunun hava-desant hissələrinin “Fort-221” və “Fort-224” (5.56×45 mm) hücum tüfəngləri ilə tədarükünə daiir böyük həcmli müqavilələr imzalayıb. Hazırda şirkət özünün rəsmi kataloqunda “Tavor”un yuxarıda adı çəkilən modelləri ilə yanaşı 9×19 mm Luger patronlardan istifadə edən “Fort-224” subkompakt modelinin də olduğunu göstərir.
2004-cü ildən ABŞ-ın dəstəyi ilə silah və texnika parkını yeniləyən Gürcüstan ilk illərdə Türkiyədən 1500 ədəd HK G-3 piyada tüfəngi, 2007-2016-cı illərdə ABŞ-ın “Bushmaster” və “Colt” şirkətindən ümumilikdə 20 mindən çox M4A1, M4A1 SOPMOD, M4A2 və M4A3 hücum tüfəngləri əldə edib. Hazırda M16 hücum tügəngi lisenziya əsasında G13 indeksi altında Gürcüstanın “STC Delta” Mərkəzi tərəfindən istehsal olunur. Gürcüstan Ordusu M4/M16 tüfənglərinin ilk partiyasını 2008-ci ilin yanvar ayında qəbul edib. 2008-ci ilin avqust ayında baş verən müharibədə Gürcüstanın Qori və Senaki hərbi bazalarından bir neçə min ədəd M4 hücum tüfəngi Rusiya silahlı qüvvələri tərəfindən qənimət olaraq ələ keçirilib.
AR-15/M4 hücum tüfəngləri son illər Azərbaycanın Dövlət Sərhəd Xidməti və digər güc strukturlarının da silahlanmasında nümayiş olunub. 2018-ci ildə Müdafiə Nazirliyi Belarus müəssisəsi tərəfindən AR-15 dizaynı əsasında istehsal edilmiş 7.62×39 mm çaplı “Aztex” avtomatını silahlanmaya qəbul edib.

AR-15 tipli hücum tüfəngləri ilə silahlanmış Azərbaycan DSX-nin bölmələri
NATO üzvü olan Baltik respublikalarının ordu və güc strukturlarınən silahlanmasında Almaniyanın “Heckler&Koch” şirkəti ilə HK G-36 avtomatları əsas yer tutur. 5.56×45 mm çaplı G-36 avtomatının həm sağ, həm də sol əldə istifadəsi mümkündür. Avtomatda standart 30 patron tutumlu daraqla yanaşı 100 patronlu baraban tipli maqazin istifadə olunur.
2016-cı ilin avqust ayında Litvanın Müdafiə Nazirliyi “Heckler & Koch” şirkəti ilə G-36KA4M1 avtomatlarının və bu silah üçün 40 mm-lik HK-269 lüləaltı qumbaraatanın tədarükünə dair 12.5 milyon avro dəyərində müqavilə bağlayıb. Sözügedən müqavilənin davamı olaraq, 2018-ci ilin oktyabr ayında tərəflər arasında 11 milyon avro dəyərində növbəti müqavilə imzalanıb. Litva Müdafiə Nazirliyinin rəsmi internet saytında yayımlanan informasiyada hazırda ordunun G-36 avtomatının G-36KA4, G-36KV1, G-36C və G-36KA4M1 modellərinə sahib olduğunu bildirilir.
2006-cı ildən G-36 avtomatları həm də Latviyanın Quru Qoşunlarının silahlanmasına daxilir. 2018-ci ilin yanvar ayında Latviya Müdafiə Nazirliyi ilə “Heckler & Koch” şirkəti arasında G-36 avtomatlarının tədarükünəə dair 13 milyon avro dəyərində 7 illik müqavilə imzalanıb. Müqavilə çərçivəsində Latviya Milli Qvardiyası və Dövlət Sərhəd Xidmətinin hərbi hissələri G-36 avtomatları ilə təchiz ediləcək. Qeyd edək ki, hazırda Latviyanın adıçəkilən strukturlarının silahlanmasına Sovet istehsalı olan AKM və İsveç istehsalı olan AK-4 avtomatları daildir. Müqavilənin icrası nəticəsində G-36 avtomatının Latviya silahlı qüvvələri və güc strukturlarının vahid avtomatı olacağı gözlənilir.

Azərbaycan MSN-in istehsalı olan EM-14 avtomatı
Digər Baltik dövləti Estoniya Müdafiə Nazrliyinin “Heckler & Koch” şirkətindən aldığı G-36K avtomatlarının ilk partiyası 2000-ci illərin əvvəllərində Xüsusi Təyinatlı Qüvvələrin silahlanmasına daxil edilib. Sonrakı dövrdə imzalanmış əlavə müqavilələr hesabına tədarük edilən G-36 avtomatları Estoniya Silahlı Qüvvələrinin vahid avtomat silahı olaraq qəbul olunub. Cari ilin iyul ayında Estoniya Ordusunun vahid atıcı silahının seçilməsi üçün elan edilmiş tender yekunlaşıb. Atıcı silahların istehsalı sahəsində ixtisaslaşmış 12 şirkətin iştirak etdiyi tenderin qalib elan edilmiş ABŞ-ın “LMT Defence” şirkəti ilə Estoniyanın “Milrem LCM” şirkəti arasında sifariş verilən silahların birgə istehsalı və təmirinə dair müqavilə imzalanıb. Dəyəri 75 milyon avro təşkil edən müqavilə çərçivəsində Estoniya Müdafiə Qüvvələri üçün ilk mərhələdə 16000 ədəd LMT MARS avtomatının (arasında AR-15 və AR-10 modelləri olmaqla) istehsalı nəzərdə tutulur. Avtomat və aksesuarların tədarükü 2019-cu ildə başlayacaq və 2021-ci ilədək davam edəcək.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov MKE Təşkilatının istehsal etdiyi MPT-76 və MPT-55 piyada tüfənglərini incələyir
BMT Adi Silahlar Registrində Latviyanın 2006-cı ildən 2018-ci ilədək Almaniyadan 9700 ədəd, Litvanın 8920, Estoniyanın 200-dən çox G-36 avtomatı aldığı qeyd olunur. Bundan başqa, Almaniya hökumətinin Gürcüstana yarımları çərçivəsində, Gürcüstan Daxili İşlər Nazirliyinə 230 ədəd G-36 avtomatı bağışlanıb. Litva və Gürcüstanın xüsusi təyinatlı qüvvələri G-36 ilə yanaşı HK-416 avtomatına da sahibdir. Litva Silahlı Qüvvələri ilə Belçikanın “FN Herstal” şirkəti arasında 2013-cü ilin dekabr ayında imzalanmış 2.78 milyon avro dəyərində müqavilə çərçivəsində SCAR-HPR hücum tüfəngləri əldə edilib.
Son bir neçə ildə Türkiyənin MKE Təşkilatı tərəfindən Türk Silahlı Qüvvələri üçün istehsal edilən MPT-76 piyada tüfənginin də region bazarında aktiv şəkildə marketinqi aparılır. İstehsalçı müəssisənin məlumatına görə, MPT-76 tüfəngi NATO tərəfindən tədbiq olunan 42 fərqli testi uğurla tamamlayıb. 7.62×51 mm çaplı MPT-76 -nın çəkisi 4.18 kq, uzunluğu 920 mm, lüləsinin uzunluğu isə 406.4 mm təşkil edir. Silahın atış tempi dəqiqədə 650 atəş, effektiv atəş məsafəsi 600 metr, güllənin başlanğız sürəti isə saniyədə 800 metrdir. Silahın yığılıb açılan ayağı həm də ikinci əl dəstəyi funksiyasını icra edir. Türkiyə tərəfindən MPT-76 tüfənginin bəlli partiyası sınaq üçün Azərbaycan Ordusunun bölmələrinə də verilib. MKE rəsmilərinin sözlərinə görə, yaxın perspektivdə silahın sovet kalibrli patronları (7.62×39 mm və 5.45×39 mm) istifadə edən versiyalarının hazırlanması barədə düşünülür. Bu ideyanın reallaşması adıçəkilən silahları sovet kalibrli silahlardan istifadə edən region ordularına ixrac imkan verəcək. Şirkət mütəxəssislərin sözlərinə görə, bu gün region dövlətlərinin ordu və təhlükəsizlik qüvvələrindən daha çox 5.56×45 mm MPT-55 tüfənginə maraq ifadə olunur. MKE-nin 5.56×45 mm çaplı MPT-55 tüfənginin uzun lüləli (MPT-55) və qısa lüləli (MPT-55K) növü mövcuddur. MTP-55K tüfəngin lüləsinin uzunluğu 279,4 mm, ümumi çəkisi isə 3 kq təşkil edir. MTP-55-in isə lüləsinin uzunluğu 368,5 mm, çəkisi 3,3 kq-dır. Dəqiqədə 850-yə qədər atəş aça bilən MTP-55 tüfəngi həm avtomatik, həm də tək atış rejiminə malikdir. Tüfəng 30 patron tutumlu şəffaf maqazinləa dəstləşdirilir. Darağının çıxarılması üçün hər iki tərəfdə (sağ və solda) düymə yerləşdirilib. Bu da tüfəngin istifadəsini daha da asanlaşdırır. MPT-55 silahında dünyada geniş yayılmış M-16 piyada tüfənginin maqazini də istifadə oluna bilər.

AK-12
Yaradılmasına 2010-cu ildə başlanılmış və 2018-ci ildə silahlanmaya qəbul edilmiş AK-12 avtomatı Rusiya ilə yanaşı məhdud sayda da olsa Belarus, Ermənistan və Qazaxıstanın xüsusi təyinatlı bölmələrinin silahlanmasında yer alır. Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin açıqlamalarına görə, Rusiya tərəfi ilə 2018-ci ildə AK-12 avtomatının böyük həcmli partiyasının alınmasına dair razılaşma əldə olunub. Qeyd edək ki, Ermənistan 2016-2018-ci illərdə Rusiyadan bir neçə min ədəd AK-103 və AK-105 avtomatı satın alıb.
5.45×39 mm çaplı patronlardan istifadə edən AK-12 avtomatında əsas dəyişiklərdən biri gövdənin yeni dizaynıdır. Silahda qoruyucu-keçirici sistemi daha da kiçildilərək modernizə edilib. Avtomat fərqli ölçülü istifadəçilər üçün uzunluğu tənzimlənən və qatlanan qundaqla komplektləşdirilib. Silahın daha erqonomik olması üçün tapança dəstəyi və tutacaq hissələri polimerdən hazırlanıb. Dizayn dəyişiklikləri edilmiş avtomatın iş prinsipi sələfi AK-74M avtomatında olduğu kimi saxlanıb. AK-12 avtomatı AK-74 avtomatının 30 patronluq və РПК74 əl pulemyotunun 45 patronluq maqazinlərindən, həmçinin yeni 4 cərgəli 60 patronluq maqazindən və РПК-16 əl pulemyotunun 96 patronluq baraban tipli maqazinindən istifadə edə bilir. AK-12 avtomatının boş halda çəkisi 3.3 kq, uzunluğu 945 mm, qundaq büküldükdə 725 mm, o cümlədən, lüləsinin uzunluğu 415 mm təşkil edir. Silahın atış tempi dəqiqədə 650 atış, effektiv atəş məsafəsi isə 800 metr təşkil edir.
Digər variantlar
Region dövlətləri dünyanın aparıcı istehsalçılarından satınalmalarla yanaşı özlərinin milli istehsallarını da yaratmaq istiqamətində fəal çalışırlar. Bu çərçivədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) fəaliyyətləri xüsusi diqqət kəsb edir. 2010-cu ildə Rusiyanın “Kalaşnikov” Konserni ilə 120 min ədəd 5.45×39 mm AK-74M avtomatının 10 il ərzində lisenziya əsasında istehsalına dair müqavilə bağlayan MSN-in “Şərq” İstehsalat Birliyi ordu və digər güc strukturları üçün avtomatın seriyalı istehsalını təşkil edib. 2015-ci ildə müəssisənin mütəxəssisləri tərəfindən yaradılmış 5.56×45 mm EM-14 avtomatı respublikanın bir neçə güc struktrunun silahlanmasına verilib. Yeni avtomat tüfəngin yaradılması istiqamətində fəaliyyətləri davam etdirən MSN 2018-ci ilin sentyabr ayında 7.62×39 mm çaplı AZ-50 avtomatını təqdim edib. Boş halda çəkisi 3.6 kq, atış məsafəsi isə 1000 metr təşkil edən AZ-50 avtomatı AK-47 dizaynı əsasında yaradılsa da “Kalaşnikov” avtomatından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əsas fərqlərdən biri silahın uzunluğu tənzimlənən teleskopik qundağa malik olmasıdır. Avtomat 6 pilləli teskopik qundaqla və dünyada ilk dəfə olaraq 50 patron tutumlu maqazinlər dəstləşdirilib. Darağın dəyişilməsi ilə əlaqədar avtomatın işçi mexanizmlərində də dəyişiklik edilib, silahın dayanıqlılığı artırılıb. Silahın lülə qutusunun üzəri döyüş zamanı müxtəlif aksesuarların taxılmasına imkan verən piccatini tamasaları ilə bağlanıb. 50 patron tutumlu maqazin xüsusi daxili konstruksiyaya malikdir ki bu da atış zamanı maqazində patronun ilişib qalmasının qarşısını alır.
Yerli istehsalla yanaşı, “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən Azərbaycanın güc strukturlarına “Grey Wolf” markası ilə 5.56×45, 7.62×39 və .308 kalibrli AR-15 dizaynına malik hücum tüfəngləri, həmçinin Braziliyanın “Taurus” şirkətinin istehsalı olan T4 karabinləri və SMT9 tapança-pulemyotları təqdim olunur.

“Grey Wolf” avtomatı
Yerli dizayn və xarici şirkətlərlə müştərək atıcı silahların istehsalına diqqət ayıran Ermənistan 1999-cu ildə 5.45×39 mm çaplı K-3 adlı bullpap sxemə əsaslanan avtomatın seriyalı istehsalına başlayıb. İnternet mediada yer alan informasiyalara görə, K-3 avtomatı məhdud sayda buraxılıb və yerli güc strukturlarının silahlanmasına verilib. Ermənistan son illər Ermənistan K-3 avtomatını beynəlxalq bazarda təqdim etməyə çalışır. Kataloq məlumatlarına görə, çəkisi 3.4 kq təşkil edən avtomatın uzunluğu 700 mm, lüləsinin uzunluğu 415 mm, atış tempi dəqiqədə 600 atəş, nişangah məsafəsi 400 metrdir. K-3 avtomatı AK-74 avtomatının standart maqazinindən istifadə edir.
Ordunun yerli istehsal hücum tüfəngləri ilə təchiz edilməsi istiqamətində Ukraynanın hərbi sənaye müəssisələri tərəfindən bəzi layihələr həyata keçirilir. Bunlardan biri “Ukroboronservis” Dövlət Müəssisəsi ilə ABŞ-ın “Aeroscraft” şirkətinin birgə istehsalı olan M4-WAC-47 hücum tüfənginin istehsalıdır. Hücum tüfənginin ilk partiyası 2018-ci ildə sülhməramlı qüvvələrin və Ukraynanın Sərhəd Mühafizə bölmələrinin silahlanmasına verilib. Modulyar dizayna malik M4 – WAC-47 avtomatı 7.62×39 və 5.56×45 mm olmaqla iki fərqli kalibrdə buraxılır. Silahın lüləsini və darağını dəyişməklə asanlıqla fərqli kalibrlərdə patronlardan atəş açmaq mümkündür. Avtomat tüfəng fərqli uzunluqda (10.5″ 11.5″, 14.5″, 18″, 24″) lülələrlə istehsal olunur. Lüləni dəyişməklə silahı snayper tüfənginə çevirmək, avtomatın üzərinə qurulmuş pikkatini tamasalar vasitəsi ilə silaha optik nişangah, taktik fənər, lazer, qumbaraatan inteqrasiya etmək mümkündür.
Rəşad Süleymanov