
Prezident İlham Əliyev: Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
Biz son vaxtlar bu istiqamətə yeni prizmadan yanaşmağa başlamışıq və mənim göstərişimlə özəl şirkətlər bu sahəyə cəlb olunublar.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
“Bildiyiniz kimi, mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi. Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.


