Prezident İlham Əliyev “Müharibə veteranı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Müharibə veteranı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

“Poliqon” xəbər verir ki, sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin ediləcək.

Nazirlər Kabineti bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin kateqoriyalarının müəyyən edilməsini təmin etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etməli, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsini təmin etmək üçün tələb olunan vəsaitin 2022-ci ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin etməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidirlər.

Azərbaycan Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcılarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Poliqon.az

CATEGORIES
TAGS