Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib – YENİLƏNİB

Noyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın müdafiə istehsalatı naziri Zobaida Cəlalı qəbul edib.

Bu barədə “Poliqon” Prezidentin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Zobaida Cəlalın səfərinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Prezident İlham Əliyev bu yaxınlarda Pakistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayaraq bu görüşün çox uğurlu olduğunu və əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev Bakıda keçiriləcək Azərbaycan-Pakistan Birgə Komissiyasının işinə toxunaraq bu tədbirin iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı investisiya qoyuluşu üçün prioritetlərin müəyyənləşdirilməsinin zəruriliyini də vurğulayıb.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirib və Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Dövlət başçısı bu xüsusda qeyd edib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak edən xarici şirkətlər sırasında Pakistan şirkətlərini də görməkdən məmnun olardı.

Nazir Zobaida Cəlal ölkəsinin Azərbaycan ilə əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayaraq, bu münasibətlərin illər ərzində özünü doğrultduğunu bildirib. O, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin Pakistanda bayram tədbirləri ilə qeyd edildiyini bildirərək bunu ölkələr arasında olan qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib.

Qonaq Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədikləri xüsusi qeyd olunub.

Poliqon.az

CATEGORIES
TAGS