Prezident İlham Əliyev: “Xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir”

Prezident İlham Əliyev: “Xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir”

Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib ki, söhbət revanş cəhdlərindən gedir: “Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Prezident İlham Əliyev bildirib ki, görülən tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq.

“Hərçənd, artıq hamının bildiyi kimi, bizim nümayiş etdirdiyimiz həm mütəxəssislərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Bu gözlənilməz və gizlədilməyən heyranlıq, əlbəttə, bizdə, hər kəsdə qürur hissi doğurub. Lakin, eyni zamanda, biz, necə deyərlər, qürrələnməməli, lovğalanmamalı, özlərini böyük döyüşçülər hesab edən, lakin, əslində, sprintdə yeni rekordlar müəyyən etmiş böyük sprinterlər olan erməni tərəfin səhvlərini təkrarlamamalıyıq. Əlbəttə, belə olmayacaq, lakin hər halda indi mənim hərəkətlərim, o cümlədən hərbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kənara çıxmamağa yönəlib.

Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik. Fikrimcə, müharibədən sonrakı dövr, – ötən bir il ərzində çox hadisələr baş verib, özü də təkcə Ermənistana münasibətdə deyil, – nümayiş etdirib ki, biz özümüzü layiqincə qorumağı bacarırıq”, – deyə dövlət başçısı vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS