Prezident: Minatəmizlənmə prosesini sürətləndirmək üçün müasir texnika və cihazlar alınıb

Prezident: Minatəmizlənmə prosesini sürətləndirmək üçün müasir texnika və cihazlar alınıb

Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübününün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Yeni texnikanın alınmasının təmin edildiyini, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alındığını qeyd edən dövlət başçısı beynəlxalq mütəxəssislərin dəstəyinə böyük ehtiyac olduğunu söyləyib.

“Bizim indi üç qurumumuz – ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar. Əlbəttə ki, bir müddət bundan əvvəl yerli şirkətlərin buraya cəlb olunması məsələsi müzakirə edilmişdir və bildiyimə görə, yerli şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm sahibkarlığın inkişafına təkan verəcək, – əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə prosesi uzunmüddətli olacaq, – eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz xidmətlərini təqdim edə bilərlər.

Xarici şirkətlərə gəldikdə, onların təklifi, əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var.

Ona görə mən hesab edirəm ki, üç dövlət qurumu ilə bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər yaxşıdır. Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin alınması da təmin edilməlidir”, – deyə Prezident İlham Əliyev bildirib.

Poliqon.az

CATEGORIES
TAGS