
Prezident “Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
“Poliqon” xəbər verir ki, qanunun 1-ci maddəsinin birinci cümləsinə “çevik hərəkət qüvvələrindən,” sözlərindən sonra “xüsusi hava əməliyyatları qüvvələrindən,” sözləri əlavə edilib.
Bundan başqa, qanunun 24-cü maddəsinin birinci hissəsində “aviasiya hissəsinin” sözləri “xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin” sözləri ilə əvəz edilib.
Yeni dəyişikliklə dövlət sərhədinin mühafizəsi və toxunulmazlığı sərhəd qoşunları, çevik hərəkət qüvvələri, xüsusi hava əməliyyatları qüvvələri, sahil mühafizəsi və sərhəd nəzarəti ilə təmin edilir.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməyə əsasən Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik hərəkət qüvvələri, xüsusi hava əməliyyatları qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.