
Almaniyanın “Rheinmetall” şirkəti Bakıda keçirilmiş ADEX-2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə iştirak edib.
“Poliqon” xəbər verir ki, şirkət sərgidə müxtəlif istiqamətlər üzrə qabaqcıl müdafiə texnologiyalarını nümayiş etdirib.
“Rheinmetall”ın stendində müxtəlif çaplı döyüş sursatları, raket və aviasiya bombaları, hava hücumundan müdafiə vasitələri, eləcə də müxtəlif silah sistemləri təqdim olunub. Sərgidə “Rheinmetall Expal Munitions”, “Rheinmetall Italia” və “Rheinmetall” qrupuna daxil olan digər şirkətlərin məhsullarının nümayiş etdirilməsi diqqət çəkib.
“Rheinmetall”ın Silah və Sursat Diviziyasının “Indirect Fire” biznes bölməsinin rəhbəri Qabil Məmmədli bildirib ki, Azərbaycan hazırda şirkət üçün regionda mühüm bazar və tərəfdaş ölkədir: “Biz “Rheinmetall” şirkətini bu regionda ilk dəfə təqdim edir və burada “Rheinmetall Expal Munitions”, “Rheinmetall Italia” və qrupun digər şirkətləri də daxil olmaqla, müxtəlif bölmələrimizin məhsullarını nümayiş etdiririk. Bunlara artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri, raket və bomba sistemləri daxildir. Bundan əlavə, müxtəlif silah sistemlərimiz də mövcuddur. Təklif etdiyimiz texnologiyalar tam şəkildə NATO standartlarına uyğun olaraq istehsal olunur”.
Onun sözlərinə görə, “Rheinmetall” şirkətinin Cənubi Qafqazda iştirak etdiyi ilk müdafiə sərgisi məhz Azərbaycanda keçirilən ADEX sərgisi olub. Şirkət sərgidə təqdim etdiyi məhsulların müxtəlif istiqamətlər üzrə tətbiq imkanlarını nəzərə alaraq, Azərbaycan müdafiə sənayesi ilə uzunmüddətli və perspektivli əməkdaşlıq imkanlarını müzakirə edib.
Q.Məmmədli ADEX-2026 ilə bağlı təəssüratlarının müsbət olduğunu bildirib. O, Azərbaycanın müdafiə sənayesinin inkişafına göstərilən diqqəti və ölkə rəhbərliyinin bu sahəyə verdiyi önəmi xüsusi vurğulayıb.
“Gördüyümüz kimi, sərgidə Böyük Britaniya, ABŞ, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdən şirkətlər təmsil olunur. Bu, xarici şirkətlərin müxtəlif bazarlarda fəaliyyətini daha da genişləndirmək və inkişaf etdirmək imkanlarının olduğunu göstərir. Düşünürəm ki, bu inkişafı nəzərə alsaq, gələcəkdə sərginin miqyası xarici şirkətlər üçün artıq kifayət etməyə bilər.
İnanıram ki, növbəti sərgilərdə “Rheinmetall” daha geniş məhsul portfeli ilə iştirak edə bilər. Azərbaycan milli pavilyonlarını görmək də bizim üçün xüsusilə xoş və əhəmiyyətlidir. Burada təqdim olunan məhsullar yeni texnologiyalara əsaslanır və yeni təhdidlərə cavab verə biləcək həlləri özündə birləşdirir. Artıq ADEX sərgisinin 6-cısı keçirilir. Sərgi əyani olaraq göstərir ki, Azərbaycan Respublikasının müdafiə sənayesi sektoru qısa müddət ərzində böyük uğurlar əldə edib”, – deyə Qabil Məmmədli qeyd edib.






