
Qazaxıstan Silahlı Qüvvələrində müasir zərbə üsulları və hərbi texnikanın kompleks istifadəsinə, eləcə də hava hədəfləri və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizəyə xüsusi diqqət yetirilir.
“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qazaxıstan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov “Qvardeysk” qarnizonuna səfər edərək “Aybaltа-2026” operativ-taktiki komanda-qərargah təliminə hazırlıq prosesini yoxlayıb.
O, “Mətibulaq” poliqonu ərazisində praktiki fəaliyyətlərin planını nəzərdən keçirib, bölmələrin tapşırıqlarını müəyyənləşdirib. Tapşırıqların icra mərhələləri dəqiqləşdirilib, qüvvə və vasitələrin bölgüsü məsələləri işlənib. Müasir zərbə üsulları və silahlarla hərbi texnikanın kompleks istifadəsi nəzərə alınaraq döyüş əməliyyatlarının yeni elementlərinə xüsusi diqqət yetirilib.
Təlimlərin əsas istiqaməti hava hədəflərinə qarşı mübarizəyə, o cümlədən pilotsuz uçuş aparatlarının aşkarlanması və məhv edilməsinə yönəlib.
Baş Qərargah rəisi bildirib ki, bölmələrin koordinasiyalı fəaliyyəti, idarəetmənin sabitliyi, atəş dəqiqliyi, həmçinin hava təhdidlərinin operativ aşkarlanaraq zərərsizləşdirilməsi əsas diqqət mərkəzindədir.
Səfər çərçivəsində Kanış Abubakirov qarnizondakı hərbi hissələrin döyüş texnikası parklarında silah və texnikanın vəziyyətini də yoxlayıb. O qeyd edib ki, bölmələrin effektivliyi birbaşa texnikanın sazlığına, istismar qaydalarına riayət olunmasına və vaxtında texniki xidmət göstərilməsinə bağlıdır.





