Qazaxıstan HHQ ilk A400M hərbi nəqliyyat təyyarəsini təhvil alıb
Qazaxıstan Hərbi Hava Qüvvələri ilk A400M “Atlas” hərbi nəqliyyat təyyarəsini təhvil alıb.
Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, bu münasibətlə keçirilən mərasimdə Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, Silahlı Qüvvələrin hərbi qulluqçuları, “Airbus” şirkətinin nümayəndəsi Yelena Pariya Martin və digər şəxslər iştirak edib.
Mərasimdə çıxış edən Qazaxıstanın müdafiə naziri vurğulayıb ki, müasir, mobil, yüksək texnologiyaya malik ordu hər zaman ölkənin təhlükəsizliyinin təmin edilməsinin və müdafiə qabiliyyətinin gücləndirilməsinin təminatı olacaq.
O, alınan yeni hərbi nəqliyyat təyyarəsinin şəxsi heyətin, ağır yüklərin və texnikanın daşınmasında, eləcə də humanitar tapşırıqların yerinə yetirilməsində istifadə olunacağını söyləyib.
Nazir həmçinin “Airbus” şirkətinin nümayəndələrinə İspaniyanın Sevilya şəhərindəki aviasiya təlim mərkəzində qazaxıstanlı mütəxəssislərin hazırlanmasında fəal iştirakına görə təşəkkür edib.
Qeyd edək ki, Qazaxıstan hökuməti 2021-ci ilin sentyabr ayında “Airbus” şirkətinə iki ədəd A400M hərbi nəqliyyat təyyarəsi sifariş edib (həmçinin bax). İkinci A-400M təyyarəsinin 2026-cı ildə Qazaxıstana təhvil veriləcəyi planlaşdırılıb.
Məlumat üçün onu da qeyd edək ki, “Airbus” şirkəti A400M hərbi nəqliyyat təyyarəsinin yaradılması ilə bağlı işlərə 2003-cü ildə başlayıb. 6 illik prosesin ardından, 2009-cu ildə ilk uçuşunu reallaşdıran A400M təyyarəsi 2013-cü ildən seriyalı istehsal edilir. “Airbus” şirkəti həmin ildən indiyə kimi 170-dən çox A400M sifarişi alıb ki, onların da 100-dən artığını müştərilərə təhvil verib.
A400M-in boş kütləsi 66.5 ton, maksimum yükqaldırma qabiliyyəti isə 37 tondur. Təyyarə vasitəsilə həm yüklər, həm personal, həm də çəkisi 32 tona qədər olan döyüş maşınları daşına bilər. Heyəti 2-4 nəfər, uçuş tavanı 12200 metr və maksimum sürəti 802 km/saat olan təyyarənin maksimum yüklə uçuş uzaqlığı 3300 km təşkil edir.