Qazaxıstan Müdafiə Nazirliyi “Arma 8×8”i seçmələrindəki səbəbi açıqlayıb

Qazaxıstan Müdafiə Nazirliyi “Arma 8×8”i seçmələrindəki səbəbi açıqlayıb

Son vaxtlar Qazaxıstan Müdafiə Nazirliyinin Türkiyənin “Otokar” şirkətindən 8×8 təkər formullu “Arma” zirehli döyüş maşınlarını almasına dair yayımlanan xəbərlər yerli müdafiə sənayesi ilə bağlı bir sıra narazılıqların yaranmasına səbəb olub.

“Poliqon” xəbər verir ki, bu narazılıqlar səbəbindən Qazaxıstan Müdafiə Nazirliyi rəsmi izahat yayıb.

İzahatda Qazaxıstan Müdafiə Nazirliyinin nə üçün “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti tərəfindən yerli istehsal edilən “Barys 8×8” zirehli transportyorunun deyil də, “Otokar” istehsalı “Arma 8×8”i almaq niyyətində olmaları açıqlanıb.

Qazaxıstan MN “Barys 8×8”i seçməmələrinə səbəb kimi aşağıdakıları göstərib:

  • “Barys 8×8”in sınaqlar zamanı “Arma 8×8”dən geri qalması;
  • Onun “Arma 8×8” kimi suda üzə bilməməsi;
  • Rusiya istehsalı BTR-82A zirehli transportyoru ilə təxminən eyni imkanlara sahib, ancaq qiymət baxımından ondan 400 milyon KZT (870 min ABŞ dolları) daha baha olması (“Barys 8×8”in dəyəri təxminən 1 milyard KZT-dir (2.1 milyon ABŞ dolları));
  • “Arma 8×8” ilə müqayisədə “Barys 8×8”in üzərinə quraşdırılan silah seçiminin az olması və təkcə 30 mm-lik topa sahib döyüş modulu ilə silahlandırıla bilməsi;
  • KPE şirkətinin daha əvvəlki dövlət müdafiə sifarişlərini vaxtında yerinə yetirə bilməməsi;
  • KPE-nin istehsal etdiyi zirehli maşınların heç bir ölkəyə ixrac olunmaması (Qazaxıstan Müdafiə Nazirliyi rəsmilərinin fikirncə, bu, şirkətin istehsal etdiyi maşınların aşağı rəqabət qabiliyyətindən irəli gəlir);
  • 2023-cü il mayın 15-dən 30-dək “Barys 8×8”in hərbi istifadəsinə dair keçirilən üçüncü eksperimental sınaqlar zamanı əvvəlki testlərdə Qazaxıstan MN-in zirehli texnika ilə bağlı KPE-yə bildirdiyi iradların tam olaraq aradan qaldırılmaması (həmin vaxt bu iradlar yalnız baza şassisində aradan qaldırılmış, döyüş modulunda isə çatışmazlıqlar aradan qaldırılmamışdır).

İzahatda qeyd edilib ki, bundan başqa, Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən 2023-cü il avqustun 21-dən 25-dək zirehli texnikaların performans və atəş imkanlarının nümayiş olunması məqsədilə hərbi poliqonlarda yerli və xarici istehsal olan döyüş maşınlarının sınaq sürüşü təşkil edilib.

Həmin nümayişdə iştirak etmək üçün KPE və “Otokar” şirkətlərinə, eləcə də bəzi dövlət qurumlarına dəvət göndərilib: “Türkiyənin “Otokar” şirkəti bu nümayiş üçün “Arma 8×8”i göndərdi. Ancaq KPE şirkəti əvvəllər “Barys 8×8”in döyüş qabiliyyətini bir neçə dəfə nümayiş etdirdiyini, həmçinin quraşdırılmış silahların köhnəlməsinin döyüş qabiliyyətini tam miqyasda göstərilməsinə imkan vermədiyini bildirərək iştirakdan imtina etdi”.

Qazaxıstan Müdafiə Nazirliyi “Barys 8×8”dən 40 faiz daha baha olsa da, “Otokar” istehsalı “Arma 8×8”i seçmələrindəki və almaq istəmələrindəki səbəblər kimi bunları göstərib:

  • Suda üzmək imkanın yüksək səviyyədə olması;
  • Sınaqlarda özünü performans, atış və s. cəhətlərdən daha yaxşı göstərməsi;
  • Dənizdə batdığı zaman suyun altındakı yüksək təzyiqə tab gətirməsi və quruya çıxarıldıqdan sonra bütün elektrik sistemlərinin normal işləməsi;
  • Silah seçim imkanın yüksək olması (30 və 100 mm-lik toplarla, 5 km məsafəyə qədər atış imkanına malik tank əleyhinə raket kompleksləri ilə silahlandırıla bilməsi) və s.

Xatırladaq ki, Qazaxıstan Müdafiə Nazirliyi “Arma 8×8”in ilkin sınaqlarının keçirilməsinə 2023-cü ilin mart ayından başlayıb. İndiyə kimi “Arma 8×8” həm Qazaxıstan çöllərində, həm də Xəzər dənizində bir sıra sınaqlardan keçirilib. Zirehli texnika bu sınaqlarda özünü uğurlu şəkildə göstərməyi bacarıb. Ötən günlərdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də “Arma 8×8” zirehli maşınının su maneələrini keçmək imkanlarını izləyib.

Cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023 sərgisi çərçivəsində POLİQON jurnalına müsahibə verən “Otokar”ın baş direktoru Serdar Görgüc “Arma 8×8”in bütün sınaqlardan uğurla çıxdığını və onun imkanılarının Qazax operatorlar tərəfindən qiymətləndirildiyini açıqlamışdı.

Əlavə məlumat üçün qeyd edək ki, ötən aylarda Qazaxıstan mətbuatında Müdafiə Nazirliyinin “Otokar” ilə “Arma 8×8”in alqı-satqısına dair müqavilənin imzalandığı xəbərləri yayılmışdı. Həmin vaxt Qazaxıstan MN bu xəbəri təkzib etmiş və zirehli texnikalarla bağlı hələ sınaqların aparıldığını bildirmişdi.

CATEGORIES
TAGS