Qazaxıstan Müdafiə Nazirliyi cari il ərzində alınan yeni texnika və silah sistemlərini açıqlayıb
Qazaxıstan Müdafiə Nazirliyi cari il ərzində Silahlı Qüvvələr üçün alınan yeni texnika və silah sistemlərini açıqlayıb.
“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Nazirlik təkcə yeni texnikanın alınmasına deyil, həm də mövcud silah və texnikanın modernləşdirilməsinə xüsusi diqqət yetirir.
Bildirilib ki, 2024-cü ildə Qazaxıstan Ordusunun arsenalına müasir hava hücumundan müdafiə sistemləri: “Buk-M2E”, “Tor-M2K” zenit-raket kompleksləri; yerli “Nur” radiolokasiya stansiyası (RLS); “Rosa-RB” və “Platforma” RLS-ləri daxil edilib.
2024-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində Qazaxıstan Silahlı Qüvvələri üçün 53 ədəd “Arlan” zirehli nəqliyyat vasitəsi alınıb. Bundan əlavə, 2024-cü ildə Türkiyənin “Otokar” şirkətindən 45 ədəd COBRA II zirehli maşını tədarük olunub. Yeni zirehli manşınlar Qazaxıstan Quru Qoşunlarının bölmələrinin hərəkətliliyini, təhlükəsizliyini və aktiv döyüş şəraitində əməliyyat aparmaq qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.
Cari ilin dekabr ayında Qazaxıstan ilk A400M “Atlas” hərbi nəqliyyat təyyarəsini İspaniyadan təhvil alıb.
Həmçinin Qazaxıstanın Manqistau vilayətində inşa edilən “Şapşan” sürətli nəqliyyat və desant kateri Aktauda suya buraxılıb.