Qazaxıstan müdafiə sənayesinin perspektiv layihələri
Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi 2022-ci ildə həyata keçiriləcək layihəyələr barədə məlumat verib.
Bu barədə “Poliqon” Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Bildirilib ki, Qazaxıstanda cari ildə “Qazaxıstan Aviasiaya Sənayesi” şirkətinin bazasında “Airbus” təyyarələrinə texniki xidmət göstərən servis mərkəzi fəaliyyətə başlayacaq.
Bu il ərzində Kokşetauda “Tınıs” şirkətinin bazasında 5,45 mm çaplı AK-12 və 7,62 mm çaplı AK-15 “Kalaşnikov” avtomatlarının istehsalı; “Tınıs”, “Alma DK” və “Militarm” müəssisələri tərəfindən birgə radiasiya və kimyəvi mühafizə vasitələrinin istehsalına başlanılması planlaşdırılıb.
Habelə, 2022-ci ildə Qazaxıstanın “405 saylı Aviasiya Təmiri Zavodu”nda Mi-171Ş helikopterlərinin yığılması, “Petropavlovsk Ağır Maşınqayırma Zavodu”nun bazasında dövlət sərhədinin mühafizəsi üçün texniki vasitələrin istehsalı, o cümlədən “Semey Engineering” şirkəti tərəfindən adı açıqlanmayan zirehli texnikanın modernləşdirilməsi həyata keçiriləcək.
Bundan başqa, “Steel Manufacturing”in bazasında avtomat patronlarının istehsalı, “Kazakhstan Paramount Engineering” şirkəti tərəfindən “Barys 8×8” zirehli maşınlarının istehsalı kimi layihələrin də icrası planlaşdırılır.