Qazaxıstan ordusu “Sarp NSV Dual” silah sistemindən atışlar icra edib – FOTOLAR

Qazaxıstan ordusu “Sarp NSV Dual” silah sistemindən atışlar icra edib – FOTOLAR

Türkiyənin ASELSAN və Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinin birgə müəssisəsi olan “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti tərəfindən istehal edilən “Sarp NSV Dual” uzaqdan idarəolunan silah sistemi Qazaxıstan Silahlı Qüvvələrinin inventarına qəbul edilib.

“Poliqon”un məlumatına görə, “Arlan” (“Marauder”) zirehli transportyorlarına quraşdırılmış “Sarp NSV Dual” döyüş modulu Qazaxıstan ordusu tərəfindən test edilib.

Qazaxıstan Silahlı Qüvvələrinin 35-ci Hava Desant Briqadasının kəşfiyyat bölmələrinin təlimi zamanı “Sarp NSV Dual” döyüş moduludan atışlar icra edilib.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin 2015-ci ilin avqust ayında “Kazakhstan Engineering” şirkəti ilə imzaladığı müqaviləyə əsasən yerli hərbi sənayenin imkanlarından istifadə edilməklə “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkətində “Sarp” uzaqdan idarə olunan silah sisteminin birgə istehsalı həyata keçirilir.

2016-cı ilin noyabr ayında Qazaxıstan Ordusu Türkiyənin ASELSAN şirkətindən “Sarp” (Qazaxıstan Ordusunda “Sunkar” adlanır) döyüş modullarının alınmasına dair 3 milyon 570 milyon dollar dəyərində birinci müqaviləni imzalayıb. Tədarükü 2017-ci ildə gerçəkləşdirilmiş döyüş modulları yerli istehsal olan “Arlan” minaya qarşı qorumalı nəqliyyat vasitələrinin silahlanmasına daxil edilib.

2020-ci ilin aprel ayında Qazaxıstan Müdafiə Nazirliyi “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti ilə “Sarp NSV Dual” döyüş modullarının tədarükünə dair ikinci müqaviləni bağladığını elan edib.

“Sarp NSV Dual” döyüş modulu 2017-ci ilin əvvəlində ASELSAN tərəfindən tamamilə yerli imkanlar hesabına tank, zirehli döyüş maşını və digər yerüstü platformalarda, sabit qurğularda hava və quru hədəflərinə, xüsusilə asimmetrik təhdidlərə qarşı qorumanı təmin etmək məqsədiylə hazırlanıb.

Qazaxıstan Ordusu üçün istehsal edilən “Sarp Dual” döyüş modulunda əsas silah 12,7×108 mm NSVT, ikinci silah isə 7,62×54 mm PKT pulemyotu təyin edilib. Açıqlanmayan az sayda isə ikinci silah olaraq 30 mm çaplı avtomatik qumbaraatanın olacağı söylənilir. “Sarp NSVT Dual” döyüş modulunun ballistik müdafiəsi STANAG 4569 Level 4 səviyyəsinə cavab verir. Sistem böyük miqdarda sursat saxlama xüsusiyyətinə malikdir (400 ədəd 12,7 mm, 1000 ədəd 7,62 mm).

Döyüş modulu -30/+60° bucaq altında yüksəklikdəki hədəflərə atəş açmağa imkan verir. Sistem hərəkət halında belə hədəflərə yüksək dəqiqliklə atəş açmaq, gecə və gündüz görmə, hədəfin avtomatik şəkildə təqibi, balistik hesablama, məsafə ölçmə, kompüter bazalı atış-kontrol funksiyaları, sursatın bitməsi barədə xəbərdarlıq və digər özəlliklərə sahibdir.

Onu da qeyd edək ki, “Semey Engineering” şirkəti tərəfindən modernizə ediləcək T-72 tanklarının da “Sarp” döyüş modulu ilə silahlandırılması gözlənilir.

Poliqon.az

CATEGORIES
TAGS