
Qazaxıstanda ALAN-2 MRAP zirehli maşınlarının ilk poliqon sınaqları keçirilib
Qazaxıstanın “Kazakistan Paramount Engineering” (KPE) şirkəti tərəfindən inkişaf etdirilən ALAN-2 MRAP zirehli maşınlarının ilk poliqon sınaqları keçirilib.
“Poliqon” KPE-yə istinadən xəbər verir ki, mühəndislərin və sürücü-mexaniklərin iştirakı ilə keçirilən sınaqlar zamanı maşınların hərəkət qabiliyyəti yoxlanılıb.
4×4 təkər formullu ALAN-2, artırılmış mina müdafiəsinə sahib MRAP tipli (mina partlayışına və pusquya qarşı qorumalı) zirehli maşındır. Bu tip maşınlar böyük klirensə və “V” şəkilli gövdəyə malikdir ki, bu da onlara qəlpələrə qarşı davamlı olmağa və partlayış enerjisini yaymağa imkan verir.
Maşının balistik müdafiə səviyyəsi STANAG 4569 Level 3, mina müdafiə səviyyəsi isə STANAG 4569 Level 1-dir. Bu mina müdafiə səviyyəsi hər təkərin altında 8 kq-yə qədər TNT partlayışına və maşının alt hissəsində eyni gücdə partlayışa davam gətirməsinə imkan verir. Eyni zamanda, ALAN-2, 5 metr məsafədən 50 kiloqram TNT ekvivalentinin yaratdığı təsiri də nəzərə alacaq şəkildə dizayn edilib. O, 7.62 millimetrlik zireh dələn güllələrə, “Dragunov” tipli snayper tüfənginə və 12.7 mm-lik NATO standartlı güllələrə qarşı dayanıqlıdır. 2500 kq faydalı yük götürə bilən maşının şəxsi heyəti 2 nəfər, personal daşımaq bacarığı isə 6 nəfərdir.


