Qazaxıstanın müdafiə naziri istefa verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sursat anbarında baş verən fövqəladə hadisədən sonra ölkənin müdafiə naziri general-leytenant Nurlan Yermekbayevin istefasını qəbul edib.
“Poliqon” xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət başçısının mətbuat katibi Berik Uali “Facebook” səhifəsində bildirib.
Avqustun 26-da Qazaxıstanın Jambıl vilayətində mühəndis sursatlarının saxlandığı hərbi hissənin anbarında yanğın, sonra isə on partlayış baş verib. Hadisə nəticəsində 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanalara yerləşdirilib, 15 nəfər həlak olub, itkin düşmüş bir nəfərin axtarışları isə davam etdirilir. Həlak olanlar arasında yanğınsöndürənlər, FHN əməkdaşları, hərbi hissənin nümayəndələri, hərbiləşdirilmiş mühafizənin işçiləri və hərbi prokurorluq əməkdaşları var.
Fövqəladə hadisə səbəbindən yaxın kəndlərin 700 nəfərədək əhalisi təxliyyə edilib.
Qazaxstan Prezidentinin digər sərəncamı ilə general-leytenant Murat Qaribayeviç Bektanov ölkənin müdafiə naziri təyin edilib. O, buna qədər, müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində xidmət edib.

Əhəd Əzizov




