Qırğızıstanın müdafiə naziri Azərbaycana səfər edib

Qırğızıstanın müdafiə naziri Azərbaycana səfər edib

İyulun 6-da Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Bekbolotov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə danışıb.

General-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından düzgün nəticə çıxarmayan Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq silahlı qüvvələrinin qalıqlarını hələ də Azərbaycan ərazilərində saxlamaqla regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaradır.  Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir.

Qırğızıstanın müdafiə naziri iki ölkə xalqlarının tarixi dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Poliqon.az

CATEGORIES
TAGS