
Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı – REPORTAJ
Bu gün Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür.
“Poliqon”un məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.
Vətən müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.
Lakin, bu heç də asan olmayacaqdı: Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular, yüksəkliklər düşmənin tam nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü. Ətrafda yerləşən kəndlər, o cümlədən Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri oktyabr ayının 23-də işğaldan azad edildi.
Qubadlı rayonunun azad edilməsinə dair ilk məlumatı biz oktyabrın 23-də alsaq da, rayon ərazisində düşmən hərbi obyektlərinə raket zərbələri döyüş əməliyyatlarının başlanmasından bir saat sonra endirilməyə başlanmışdı. Bu zərbələr adətən düşmən ehtiyatlarının yerləşdiyi dislokasiya məntəqələrinə, sursat və yanacaq anbarlarına endirildi.
Oktyabrın 24-dən 25-nə keçən gecə Qubadlı şəhəri uğrunda şiddətli döyüş başladı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qaldı. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi. Daha sonra, 25-26 oktyabrda Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri; 30 oktyabrda Kavdadıq, Məmər, Mollalı kəndləri; 2 noyabrda İşıqlı, Muradxanlı, Milanlı kəndləri; 4 noyabrda Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri; 7 noyabrda Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri; 9 noyabrda Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri düşməndən azad edildi.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib.
Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Şəhərin azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Dolayısı ilə Ermənistanla rəsmi dövlət sərhədini də bərpa etmiş olduq.
Qubadlının işğaldan azad edilməsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyinin xətti ilə döyüşlərin getdiyi ərazilərə media-tur təşikil edidi. Səfər çərçivəsində Azərbaycan Ordusunun bölmələrindən birində olduq və burada yaradılan şəraitlə yaxından tanış olmaq imkanı əldə etdik. 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış bu ərazidə Azərbaycan Ordusunun şəxsi heyəti üçün səhra şəraitinə uyğun nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər inşa edilərək ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub.
Şəxsi heyət üçün yeməkxana, ayrıca mətbəx və qabyuma otağı, eləcə də kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılıb. Şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin edilir. Burada qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər infrastukturlar yaradılıb.
Media nümayəndələri hərbi qulluqçuların döyüş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib.
Səfər çərçivəsində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidovun və onun döyüş yoldaşlarının şəhadətə ucaldığı “Yazı düzü” düzündə xatirəsi anıldı, ruhuna fatihə oxundu.
Qubadlı ərazisində xidmət edən, döyüşlərdə iştirak etmiş, fərqlənmiş hərbi qulluqçularla yerində görüşmək və döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Zəfər tarixini onu yazanlardan eşitmək, azad Qubadlının keşiyində dağ kimi dayanan hərbi qulluqçularımızı əyani tanımaq Qarabağ döyüşləri ilə bağlı hadisələri gözümüzdə bir daha canlandırdı.
Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı
Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Aqşin Babayev bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Onun sözlərinə görə, Qubadlı rayonunun azad edilməsi ilə digər yaşayış məntəqələrimizin də azad edilməsi üçün əlverişli şərait yarandı və böyük Qələbəni yaxınlaşdırdı.
“Düşmənin əsas müdafiə olunduğu rayonlardan biri Qubadlı idi. Burada xüsusilə 831 və 833 yüksəklikləri düşmənin əlində olan strateji yüksəkliklər idi. Demək olar ki, 831 və 833 yüksəklikləri Qubadlının açarı hesab olunurdu. Biz bu yüksəklikləri əldə etmədən Qubadlı rayonunun işğaldan azad olunması mümkün deyildi.
Hazırda burda olduğumuz Qubadlının “Yazı düzü” deyilən ərazisində oktyabr ayının 17-dən 24-nə qədər çox şiddətli və ağır döyüşlər keçirilmişdir. Biz bura Cəbrayıldan çayın içi ilə piyada hərəkət edərək irəlilədik. Çünki, atəş altında olduğumuz üçün bura maşınlarla hərəkət etməyimiz mümkün deyildi. Gördüyünüz bu istiqamətdə bizim bölmələrimizin hücumu nəticəsində düşmənin Qubadlıdan Gorus istiqamətinə gedən zirehli texnikaları, xüsusi nəqliyyat vasitələri, həmçinin canlı qüvvəsi pusquya salınaraq məhv edildi”, – deyə polkovnik-leytenant Aqşin Babayev vurğulayıb.
A.Babayevin sözlərinə görə, düşmən çoxlu sayda – 25-30 ədəd zirehli texnika və 200-dən çox canlı qüvvə itkiləri verərək həmin yüksəkliklərdən geri çəkilməyə məcbur edilib. Bundan sonra, Qubadlı rayonunun işğaldan tam azad olunması, itisürətli əməliyyatlar üçün geniş imkan yaranıb.
“Azərbaycanın Milli Qəhrəman, polkovnik Şükür Həmidovun bu istiqamətdə rəhbərliyini xüsusən qeyd etmək istəyirəm. Çox böyük şücaət göstərdi, burada şəhid oldu. Bu istiqamətə qədər gəlməyimizdə polkovnik Şükür Həmidov, həmçinin bizim hal-hazırda xidmət edən generallarımızdan da burada çox böyük şücaətlər göstərərək bizimlə birlikdə birinci eşelonda hücum tapşırıqlarını yerinə yetirən zaman birinci eşelondan bizim bölmələri idarə etdi.
Döyüşlər zamanı yuxarı rəhbərliyin əsgərlərimizin yanında olması Qubadlının işğaldan azad edilməsində çox böyük rol oynadı. Çünki, belə olan halda şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, ruh yüksəkliyi çox yaxşı idi. Baxmayaraq ki, şərait və ərazi irəliləmək üçün çox çətin idi. Hətta deyə bilərəm ki, “Yazı düzü” aparlan döyüş əməliyyatları zonası içərisində ən çətin olan bir yer oldu. Çünki, gördüyünüz kimi, hər yer düzəngahlıq, çılpaq ərazidir, dərə azdır. Düşmənin yerləşdiyi ərazi isə daha strateji, daha yüksək yerlər olduğu üçün çox çətinliklə Qubadlı rayonunu işğaldan azad etdik. Bununla həm də, Gorus-Qafan yoluna nəzarəti bərpa etdik”, – deyə polkovnik-leytenant A.Babayev vurğulayıb.
A.Babayev bildirib ki, Aprel döyüşləri, Tovuz hadisələri, Vətən müharibəsi, Qisas əməliyyatı, həmçinin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinə qarşı görülən qətiyyətli cavab tədbirləri zamanı şəxsi heyət əldə edilən təcrübələrdən, eləcə də müasir döyüş üsul və vasitələrindən istifadə edərək daha da təkmilləşir: “Ərazi bütövlüyümüzün qorunub saxlanılması, eləcə də istənilən təxribatın qarşısının alınması istiqamətində vəzifə borclarımızı yüksək peşəkarlıq nümayiş etdirərək yerinə yetiririk.
Azərbaycan Ordusu ölkəmizə qarşı yönəlmiş tecavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edir. Azad olunan ərazilərimiz də daxil olmaqla bütün istiqamətlərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunub, Azərbaycan Ordusu ölkəmizi istənilən xarici təhdidlərdən qorumağa daim hazırdır.
Hər bir hərbi qulluqçu bütün təminat növləri (maddi, mənəvi, tibbi təminat, məişət şəraiti) ilə təmin edilir. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür.
Aparılan islahatlar nəticəsində peşəkar kadrlar yetişir, yüksək dəqiqliklə hədəfi məhv etmə qabiliyyətinə malik müasir silahlar alınır və bununla da Ordumuz daha da qüdrətlənir. Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq şərəfli borcumuzdur”.
Radiostansiyalarda düşmən əsgərlərinin ağlama səsləri eşidilirdi
Sentyabrın 27-dən rabitəçi olaraq döyüşlərə qatıldığını deyən mayor İbrahim Əliyev Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasında iştirak edib.
“Gördüyünüz bu “Yazı düzü” ərazisi Qubadlının ən yüksəklikdə yerləşən strateji ərazilərindən biridir. Hansı ki, 831-833 yüksəkliyi sayılır bu ərazilər. Bu ərazilərin ələ keçirilməsi Qubadlı şəhərinin mühasirədən çıxması və Qubadlı şəhərinin tam şəkildə azad olunması demək idi. Qubadlı şəhərinin azad olunması isə öz növbəsində Laçın dəhlizinin ələ keçirilməsi, Laçın dəhlizinə çıxışı təmin etmək və oradan da Şuşa şəhərinə çıxışı təmin etmək üçün əhəmiyyətli edən bir ərazi idi.
Burada düşmən çoxlu sayda tərtiblənmişdi, 21 səngər qazılmışdı. Bir səngərdə döyüş apara bilmədikdə keçir o biri səngərə, ondan o biri səngərə və bu qayda da döyüşlər aparılıb. Demək olar ki, ən çox şəhidlərimiz burada oldu”, – deyə mayor İ.Əliyev bildirib.
Müharibədən yadda qalan maraqlı hadisələrdən danışan İ.Əliyev rabitəçi olaraq qeyd edib ki, ələ keçirdikləri düşmən radiostansiyalarında onların əsgərlərinin ağlama səslərini eşidirmişlər. Düşmən də bunu anlamışdı ki, onlar artıq məğlub olub, Azərbayan Ordusu öz doğma torpaqarına qayıdıblar.
Azərbaycan Ordusunun inventarında olan rabitə vasitələrinin üstünlükərindən bəhs edən mayor bildirib ki, istifadə etdikləri rabitə vasitələri müasir dünya ordularının səviyyəsində olan rabitə vasitələridir ki, bu da öz növbəsində düşmən tərəfindən tutulmamaq, danışıqların dinlənə bilməməsini təmin edir.
833 yüksəkliyi və onun ətrafında düşmən xeyli sayda itki verib geri çəkildi
Kapitan Qurban Novruzlu Qubadlının işğaldan azad olunması əməliyyatından döyüş xatirələrini bölüşüb. Q.Novruzlu bildirib ki, rəhbərlik tərəfindən onlara ilk mərhələdə yüksəkliklərin götürülməsi tapşırılıb: “Yüksəkliklərin götürülməsi ona görə vacibdir ki, onda düşmən düzənlik ərazidən geri çəkilməyə məcbur olur. Həm də düşmən yüksəkliklərdə mövqedə yerləşmişdi. Ümumiyyətlə düşmən adətən yükəsklikdə tərtiblənirdi.
Bölmələrimiz Yuxarı Soltanlıdan hərəkətə başlayaraq gecə saat 4-5 radələrində piyada şəklində düşmənə yaxınlaşdı və hücuma başladıq. Düşmən həmin gün çoxlu sayda itki verdi. Bizim bölmənin tapşırığı 833 yükəskliyini götürmək idi. Bizim sağ qonşularımızdan hücuma keçən bölmlərin tapşırığı isə yolu bağlamaq, yolu nəzarətə götürmək idi. Yolu bağladıqdan sonra, düşmənin hücuma gəlmək istəyən texnikaları, bölmələri çoxlu sayda itki verirdilər. Düşmən geri çəkilməyə məcbur oldu. Bölmələrimiz 833 yüksəkliyini götürərək onun ətrafında olan düşmənlə döyüşü davam etdirdi. 833 yüksəkliyinin ətrafında düşmən yenə xeyli sayda itki verib geri çəkildi. Həmin gün bizim bölmələrimiz tərəfindən itki olmadı”.
Kapitan Q.Novruzlunun sözlərinə görə, bölmələri 833 yükəskliyinin ətrafında “Yazı düzü”ndə düşmənlə qarşı-qarşıya çıxıb: “Yazı düzü”ndə bizi artilleriya bölmələrimiz də dəstəkləyirdi. Orada düşmən çoxlu sayda itki verdi. Yerdə qalanları da, silah və texnikalarını qoyub qaçmışdı. Demək olar ki, bu yükəsklikləri götürməklə həm Qubadlıya yol açıldı, həm də Laçından bölmələrimizin irəliləməsi mümkün oldu. Bundan əvvəl düşmən bu istiqamətdən Laçını da vura bilirdi, bizim bölmələrin irəliləməsinə imkan vermirdi”.
Düşmən bütün güc və vasitələrini Qubadlı istiqamətində cəmləşdirmişdi
Vətən müharibəsinə 2020-ci il sentyabr ayının 27-də Füzuli istiqamətində başlayan leytenant Şamxal Hüseynov Füzuli, Cəbrayıl, Qubadlı rayonları istiqamətində döyüşlərdə 24 gün iştirak edib. Daha sonra, Qubadlıda yaralandığı üçün hospitala təxliyə ediblər.
“Bizim üçün ən çətin keçilən yerlərdən biri Füzuli rayonu oldu. Çünki düşmənin ilk ön xətti orda idi. Orada möhkəmlənmişdilər, müəyyən eşelonları var idi. Düşmən tərəfi müdafiədə oturduqlarına görə və biz düşmənə əks-hücum əməliyyatı yerinə yetirdiyimiz üçün ilkin çətin keçilən yerlərdən biri Füzuli oldu. Ondan sonra Cəbrayıl və Qubadlı rayonlarında əməliyyatlarımızı davam etdirdik.
Mənim üçün ən çətin və yadda qalan yerlərdən biri də Qubadlı rayonu olmuşdur. Çünki Qubadlı rayonunda hansı ki, bu “Yazı düzü” deyilən yer var, adından da bilindiyi kimi düzənlik ərazi olduğuna görə, biz orada şəhidlər də verdik.
Bir məsələni vurğulamaq istəyirəm ki, döyüş olmadığı vaxtlarda komandir, əsgər xidməti cəhətdən seçilir. Amma, döyüş vaxtında seçmək olmurdu ki, bu insan polkovnik hərbi rütbəsindədir, baş leytenant, mayor və yaxud əsgər. Amma o qədər bir-birinə yaxın olurdu ki, elə bil hamı əsgər idi. Düzdür, sözsüz ki, müəyyən komandalar komandirlər tərəfindən verilirdi. Amma orada fərq qoyulmurdu ki, filankəs əsgərdir, filankəs zabitdir. O dərəcədə o döyüş şəraitində insan daha da doğmalaşırdı. Biz orada itkilər verəndə, yaralılar verəndə, bizə çox pis təsir edirdi. Bizə pis təsir etdiyinə görə daha da qəzəblənirdik, daha da qisas almağa çalışaraq düşmənin üzərinə gedirdik. Belə olduqda düşmən sayca daha çox itki verirdi.
Döyüşdə iştirak etdiyimin 24-cü günü idi. Hansı ki, Qubadlıda MAZ markalı avtomobil ilə hərəkət edirdik. Şəxsi heyət texnikadan düşüb mövqelərə keçən zaman maşını tank əleyhinə idarəolunan raket kompleksi (TƏİRK) ilə vurdular. Orada da şəhidlər və yaralılarımız oldu. Buna baxmayaraq yenə də şəhidləri, yaralıları təxliyə etdikdən sonra, düşmənə qarşı irəlilədik.
Mən özüm Yazı düzü istiqamətində hansı ki, Qubadlı rayonunun mərkəzinə 4 kilometr qalmış məsafədə iştirak etdim. Orada bizə düşmən artilleriyadan, ən çox ağır silahlardan atəş açırdı. Hansı ki, Qubadlı rayonunun mərkəzi istiqamətində onların hərbi hissələri var idi oradan, Qafan, Gorus istiqamətindən, Laçın istiqamətindən, Zəngilan, Zəngəzur istiqamətindən çünki onlar da bilirdi ki, Qubadlı rayonunu bizim işğaldan azad etməyimizin əsas səbəblərindən biri hansı ki, Laçında dəhliz adlı yerdə erməni silahlı qüvvələrinin, Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizini tutmaq idi ki, onların burada hərəkətləridir, silah-sursat daşımalarıdır, maddi-texiki təminatlarının qarşısını almaq məqsədi ilə biz dəhlizi almaq istəyirdik. Ona görə, onlar bütün güc və vasitələrini Qubadlı istiqamətində cəmləşdirmişdilər.
Artilleriyadan düşmənin atəşi zamanı hücumdayıqsa müdafiə olunmağın ən əsası biz müəyyən ara məsafələrində olmalı idik. Çünki artilleriyanın mərmisi düşəndə biri var cəmləşmiş kütlə tərkibinə düşər, biri var ara məsafələri ilə olduqda düşə. Bu həm az itki, həm də az yaralı verir, həm də ki düşmənə qarşı biz görüntü vermirik. Kütlə, biz bir yerdə olduqda, hərbi qulluqçular yığışdıqda qarşı tərəfə görüntü verirdik. Bu isə o deməkdir onlar istər-istəməz artilleriyadan atəş açırdılar. Artilleriya atəşi zamanı olduğun yerdə mövqelənərək yerə uzanmaq lazımdır. Qəlpələr V şəklində sıçradığına görə o bizi tutmasın. Bu tədbirlərdən istifadə edirdik. Hansı ki, aviasiya zərbələrində də”, – deyə leytenant Ş.Hüseynov vurğulayıb.
Əsas üstünlüklərimizdən biri, düşmənin ən çox qorxduğu PUA vasitələrimiz idi
Leytenant Ş.Hüseynov bildirib ki, Vətən müharibəsi zamanı əsas üstünlüklərimizdən biri müasir texnologiyalardan bizdə “Bayraktar TB2” pilotsuz uçuş aparatları, digər dron vasitələr var idi ki, düşməndə bunlardan yox idi: “Düşmənlərin də ən çox qorxduğu vasitələrdən biri demək olar ki, PUA vasitələri idi. Bundan başqa, müasir döyüş texnikalarımız, müasir artilleriya qurğularımız, özüyeriyən artilleriya qurğularımız var idi. Bu silahlarla düşmənə xeyli itki və zərbələr endirirdik.
Bizə də orada ən çox çətinlik yaradan artilleriya mərmiləri idi. Biz onların səngərinə çatanda, onların özünə də xətər yetirdiyinə görə artıq artilleriya mərmiləri ata bilmirdilər. Ən çətin məqam səngərə çatmaq idi. Ora çatdıqdan sonra onların əlində də ancaq atıcı vasitlər olurdu. Səngərdə avtomat, qumbaraatan vasitələrdən bizə qarşı tətbiq edirdilər.
Müharibədən ən çox yadda qalan xatirəm “Yazı düzü”ndə oldu. Həmin ərazidə düşmən arxasına keçərkən istiqaməti itirmişdik və mühasirəyə düşmüşdük. Polkovnik-leytenant Aqşin Babayevin rəhbərliyi altında səhərə qədər bizi mühasirədən çıxartdılar.
Döyüşdə mənə çox təsir edən məqamlardan biri polkovnik Şükür Həmidovun şəhid olması idi. Düzdür şəhidlərin hamısı bizim üçün əzizdir, daim yadımızda qalacaqlar. Ş.Həmidovun yüksək rütbəli komandir olduğu, yanımızda o dərəcədə bizə doğmalaşıb, döyüşməyi bizə tam ruh yüksəkliyi verirdi. Əsgərim Cəfərov Ayxan Cəmaləddin oğlu yeddi nəfər düşməni məhv etdi, sonra şəhid oldu. Onu itirməyimiz mənə çox təsir etdi.
18-20 yaşlarında gənc əsgərlar var idi ki, döyüşün ilk günlərində müəyyən çətinliklər yaşayırdılar. Bir neçə gündən sonra artıq onlar da həmin artilleriya səslərinə, mərmilərin gedişinə öyrənmişdilər. Bunlardan mənim Atayev Anar adlı əsgərim var idi. Özü Qubadlı rayonundan idi, Qubadlı rayonunda yaralandı, hospitala təxliyə etdik. Bugünkü gündə sağ-salamatdır. İndi görüşəndə həmin günləri yada salırıq. Bir tərəfdən sevinir, bir tərəfdən kədərlənirik.
Göyçay rayonundan 19 yaşında Qaçayev İntizam adında əsgərim var idi, şəhid oldu. O əsgər çox ürəkli əsgər idi. 25-26 yaşında bir şəxs kimi ürəklə döyüşürdü. Özü arıq, çəkisi az, boyu balaca idi. Amma ağır silahı, sursatı daşıyırdı, onu yüksəkliyə qaldırırdı.
Biz bugünkü gündə döyüşdə qalib olmağımıza baxmayaraq günü-gündən özümüzü daha da təkmilləşdirir, daha da təlimləri ağırlaşdırırıq, yeni dərslər keçirilir, yeni nələrsə öyrənməyə çalışırıq ki, düşmən hiyləgər olduğuna görə gələcək illərdə düşmənin hücumu, təxribatı olarsa biz onun qarşısını almaq üçün özümüzü daha da təkmilləşdirək.
Buradan onu demək istəyirəm ki, hansı ki, gənc əsgərlik yaşına çatmamış övladlara demək istəyirəm onlar daha da özlərini təkmilləşdirsinlər. Hərbiyə gəlmələrinə baxmayaraq, əvvəlcədən də nəsə öyrənsinlər, bilib o cəhətdən gəlsinlər. Valideynlərə səslənmək istəyirəm ki, hansı ki, Qarabağ zonasında xidmət edən əsgər, zabit, gizir, müddətdən artıq xidmət edən fərq etməz hər bir şey Azərbaycan Ordusunun nəzarəti altındadır. Heç bir təhlükə, qorxuya əsas yoxdur. Rahat olsunlar.
Biz əvvəllər təlimlərdə iştirak etmişdik, hansı ki, bilirdik bu döyüş nə vaxtsa olacaq. İndi də biz o təlimləri elə keçirik, real olaraq döyüş keçmiş kimi. Hansı ki, dağlıqdı, meşəlik ərazidi, gecədi, gündüzdü, gecəförmələrlə və yaxud digər cihazlarla biz onu real olaraq şəxsi heyətə öyrədirik. Başa salırıq ki, hər hansı bir gələcəkdə təxribat olarsa onun qarşısını almaq bizim şəxsi heyət üçün rahat olsun. Təlimdə tər, döyüşdə zəfər.
Hazırda Azərbaycan Ordusuna müasir silahların gətirilməsi prosesi davam etdirilir. Bundan sonra da bizə nə qədər müasir texnika və silahlar gəlsə və biz bunları öyrənsək döyüşü aparmaq bizə daha da rahat olar. Təbii ki, müasir vasitələrdən istifadə etmək daha asan olur. Bunun üçün həmin müasir texnologiya ilə bağlı, xarici ölkələrdə kurslar keçirilir və Azərbaycan Ordusundan həmin kursa şəxsi heyət cəlb olunur. Gedib o kursu keçib sertifikat aldıqdan sonra onlar daha da işin mütəxəssisi olur və gəlib burada şəxsi heyətə öyrədirlər”.
Qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həmsərhəd olan Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı. Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi də əsgərlərimizin igidliyi nəticəsində işğaldan azad edildi. Digər 52 kənd isə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş Üçtərəfli Bəyanatın imzalanmasından sonra əraziyə yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən erməni silahlılarından təmizlənərək Azərbaycana qaytarıldı.
Qubadlı rayonunun 27 illik erməni işğalından azad edilməsindən iki il ötür. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Buna görə də şəhidlərimiz, yaralılarımız və qazilərimizə, ümumiyyətlə Qələbəmizdə əməyi keçən hər kəsə dərindən minnətdarıq.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitan olmaqla 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.