Raket zərbəsi təhdidlərinə qarşı “Arrow” RƏM kompleksləri
İsrail ölkəni təhdid edən ballistik raketlərə qarşı müdafiə və hücum qabiliyyətini daima təkmilləşdirməklə məşğuldur. İsrail Müdafiə Nazirliyi tərəfindən hələ keçən əsrin 80-ci ilərinin ortalarında “Hetz” proqramının icrasına başlanılıb. Proqramın həyata keçirilməsi ilə yaradılan hələlik son nümunə isə raket əleyhinə müdafiə təyinatlı (RƏM) “Hetz-3” zenit raket kompleksidir. O, İsraildə yerləşdirilən, uçuşun son mərhələsində, yəni enmənin son dəqiqələrində daxil olan ballistik raketləri axtarıb məhv edə biləcək yüksəklik tutucularından ibarətdir.
“Hetz 3” (ing. “Arrow 3”) zenit raket kompleksi (ZRK), havasız məkanda qitələrarası ballistik raketləri məhv etmək üçün təyin edilib. Kompleks yerin süni peyklərini də məhv etməyə qadirdir. Ümumilikdə “Arrow 3”, İsrail Müdafiə Nazirliyinin MAFAT Müdafiə Araşdırma İdarəsinin IMDO İsrailin Raketdən Müdafiə Təşkilatının ABŞ-ın MDA Raketdən Müdafiə Agentliyi ilə əməkdaşlığı, həmçinin İsrail və ABŞ şirkətlərinin iştirak etdiyi İsrailin çoxpilləli RƏM sisteminin yaradılması layihəsi çərçivəsində yerli mütəxəssislər tərəfindən inkişaf etdirilən və ölkənin Raketdən Müdafiə Sisteminin tərkibində yer alan RƏM ZRK-dir.
İsrailin “İsrail Aircraft Industries” (IAI) dövlət konserni Hərbi Faəliyyət Teatrının Raket Əleyhinə Müdafiə (HFT RƏM, Israeli Theater Missile Defense Systems) sisteminin inkişafı çərçivəsində 1988-ci ildə taktiki və əməliyyat-taktiki raketləri məhv etmək üçün təyin edilmiş raketin prototipini yaratmaq barədə sifariş alıb. Sifariş əsasında IAI konserni işləri ABŞ-ın “Lockheed Martin” şirkəti ilə birlikdə yerinə yetirib və 1994-cü ilə qədər belə bir prototip yaradılaraq uğurla sınaqdan keçirilib. Sonradan böyük və həcmli “Arrow-1” raketininin inkişafı dayandırılıb və tədqiqatlar daha kiçik, daha sürətli və daha ölümcül “Arrow-2” raketi ilə davam etdirilib. Belə ki, “Arrow-1” raketinin düşmənin ballistik raketlərini tutma qabiliyyəti sübut edildikdən sonra, 1994-cü ildə işlərin birinci mərhələsi başa çatdırılıb və IAI konserni ABŞ-ın “Boeing” konserni ilə birlikdə daha da inkişaf etdirilmiş, 3000 km-ə qədər məsafədən atılan və saniyədə 4,5 km sürətlə uçan raketləri tuta bilən RƏM kompleksi hazırlayaraq İsrail ordusuna təhvil verib. “Arrow-2” adlandırılan yeni kompleksin tutucu raketləri, düşmən raketlərini stratosferdə məhv etmək üçün təyin edilib. Sınaqlar zamanı kompleksin, döyüş təyyarəsindən buraxılan və texniki xüsusiyyətlərinə görə Yaxın Şərq ölkələrindən birinin ballistik raketi ilə eyni olan raketi aşkarlama və məhvetmə sistemi sınaqdan keçirilib. Sınaqların ssenarisi tutucu raketin fiziki olaraq buraxılmasını nəzərdə tutmayıb, lakin onların icrası zamanı İsrail və ABŞ RƏM sistemlərinin uğurlu qarşılıqlı əlaqəsi təsdiqlənib. Nəticədə kompleksin hədəfi məhvetmə dəqiqliyi 90% olaraq qiymətləndirilib. “Arrow-2” RƏM kompleksi İsrail Müdafiə Qüvvələrinin (İMQ) silahlanmasına 14 mart 2000-ci il tarixində qəbul edilib.
Kompleksin ikipilləli bərk yanacaqlı tutucu raketi ayrılan özütuşlanan tutucu başlıq hissə ilə təchiz edilib. Raketin başlıq hissəsi mürəkkəb hava şəraitində və düşmən tərəfindən radioelektron əks təsirlərin tətbiqi zamanı hədəfi etibarlı şəkildə tutmağa qadirdir. Raketdə yüksək hündürlüklərdə infraqırmızı özütuşlama başlığı, aşağı hündürlükdə isə buludlu və ya tüstü şəraitində radiolokasiya özütuşlama başlığından istifadə olunur. Raketin döyüş başlığı istiqamətləndirilmiş qəlpəli-fuqas təsirlidir. Partlayıcı qeyri-kontakt fəaliyyətlidir. Raket indiyədək bir neçə dəfə təkmilləşdirilərək Block 1, Block 2, Block 3, Block 4 və Block 5 kimi modifikasiyaları yaradılıb.
Qeyd etmək lazımdır ki, kompleksin inkişafında və istehsalında IAI konserninin törəmə ELTA və MLM şirkətləri, eləcə də “Boeing”, “Elbit Systems”, “Rafael” və “Tomer” şirkətləri iştirak ediblər. Hazırda İsrail daxilində kompleks “Hetz”, ABŞ-da və beynəlxalq silah bazarında “Arrow” kimi tanınır. Mənası “Ox” deməkdir.
İsrail ilk olaraq “Arrow” sistemini öz ərazisində istehsal edib. Lakin, sonradan “Arrow” layihəsi çərçivəsində IAI konserni və “Boeing” konserni arasında 11 fevral 2003-cü il tarixində əməkdaşlıq sazişi imzalanıb. Saziş raketlərin alınması üçün Amerika hərbi yardımı çərçivəsində verilən vəsaitdən istifadə etməkdən ötrü ABŞ-da “Arrow-2” raketinin komponentlərinin istehsalının qurulması barədə idi və istehsal müəssisəsinin yaradılmasını nəzərdə tuturdu. Bu sazişə əsasən, “Boeing” konserni Alabama ştatının Huntsville şəhərində yerləşən zavodunda raketin elektronika bloku, sürətləndirici mühərrikin gövdəsi və raket gövdəsi daxil olmaqla, komponentlərin təxminən 35%-nin (bəzi mənbələrə görə 50%-nin) istehsalını və digər 150-dən artıq ABŞ podratçıları tərəfindən həyata keçirilən istehsalın koordinasiyasını öz üzərinə götürüb. IAI konserni isə ümumi koordinasiyaya, kompleksin və raketlərin İsraildə son yığılmasına məsuldur.
Raketin marş mühərriki və döyüş hissəsi “Rafael”, sürətləndirici mühərriki “Israel Military Industries” (IMI), mühərrikinin üzlükləri və birinci pillə soploları “Alliant Techsystems”, aktiv radiolokasiya özütuşlama başlığı “Lockheed Martin”, infraqırmızı şüalandırıcısı “Raytheon” və keramika örtükləri “Ceradyne” şirkətləri tərəfindən istehsal olunur.
Nəql edilən “Arrow” kompleksinin tərkibinə “ELTA Systems” şirkətinin istehsalı EL/M-2080 “Green Pine” aktiv fazalı anten sisteminə malik erkən xəbərdarlıq RLS-i, “Elisra” şirkətinin istehsalı olan “Golden Citron” komanda məntəqəsi və “C3I Center” rabitə mərkəzi, habelə IAI konserninin istehsalı “Brown Hazelnut” (“Hazelnut Tree”) raketlərin buraxılışını idarəetmə məntəqəsi, “Arrow-2” hipersəsli raketləri şaquli buraxma üçün təyin edilmiş 4 və ya 8 ədəd mobil buraxma qurğusu (Hər qurğuda nəqletmə-buraxma konteynerində yerləşdirilmiş 6 ədəd raket olur), güc qurğusu və RLS soyutma sisteminin də daxil olduğu köməkçi avadanlıqlar daxildir. “Brown Hazelnut” raketlərin buraxılışını idarəetmə məntəqəsi və rabitə mərkəzi yük maşınlarının üzərində, buraxma qurğuları qoşquların, kompleksin qalan elementləri isə yarımqoşquların üzərində yerləşdirilib.
“Arrow-2” kompleksinin hündürlük üzrə məhvetmə zonası, minimal/maksimal 8/50 km, EL/M-2080 “Green Pine” RLS ilə tipik hədəfi aşkaretmə məsafəsi 500 km-ə qədər, eyni anda müşayiət olunan hədəflərin sayı 12 ədədə qədər, hədəfin koordinatlarının təyin edilməsi səhvi 4 metr təşkil edir. Raket üzrə kanalların sayı 2, raketi uzunluğu 7000 mm, raketin diametri 800 mm, raketin start kütləsi 1300 kq, raketin mühərriki iki pilləli (start və marş) bərk yanacaqlı, raketin döyüş başlığı istiqamətlənidirilmiş təsirli qəlpəli-fuqas, raketin maksimal uçuş sürəti 2,5 – 3 km/saniyə, raketin maksimal uçuş məsafəsi 100 km-dir.
2009-cu ildə İsrail hökuməti və ABŞ Raketdən Müdafiə Agentliyi “Arrow-3” kompleksini yaratmaq üçün yeni layihəyəyə başlayıblar. 2012-ci ilin əvvəlində “Boeing” və IAI konsernləri bu layihə üzrə əməkdaşlıq sazişi imzalayıblar. Sazişin şərtlərinə əsasən layihə İsrail hökuməti və ABŞ Raketdən Müdafiə Agentliyi tərəfindən birgə maliyyələşdirilir. Baza olaraq düşmənin yaxın və orta mənzilli ballistik raketlərini tutmaq üçün təyin edilmiş “Arrow-2” raket əleyhinə müdafiə kompleksi götürülüb.
Kontaktsız döyüş başlığı istifadə edən tutucu raketlərin əvvəlki “Arrow-1” və “Arrow-2” versiyalarından fərqli olaraq, “Arrow-3” tutucu raketi kinetik məhvetmə başlığından istifadə edir. Tutucu raket, əyilmə dartqı vektoru olan raket mühərriki ilə təchiz edilib. Uçuş trayektoriyasının son hissəsində, tutucu raketin yüksək manevrli başlıq hissəsi yerüstü idarəetmə sistemindən asılı olmayaraq əlavə impuls alır.
Buraxma qurğuları (BQ) qoşqularda yerləşdirilib, mobildir, komanda məntəqəsindən və RLS-dən 300 km məsafədə yerləşdirilə bilər. BQ-nin yenidən doldurulma müddəti 1 saatdır. “Arrow-3” sisteminə təkmilləşdirilmiş EL/M-2080S “Super Green Pine” və ya “Great Pine” radiolokasiya stansiyası (RLS) daxil edilib. Həmçinin, “Arrow-3” kompleksi, İsrailin cənubunda yerləşən və “X” diapazonda işləyən AN/TPY-2 RLS-i ilə əlaqələndirilib.
Açıq mənbələrin məlumatına əsasən, kompleks İranın “Şahab-3” və “Sacil”, Suriyanın “Skud” və Livanın “Fəth-110” kimi 300-2000 km məsafəyə uçan ballistik raketlərini atmosferin hüdudları xaricində tutmaq üçün təyin edilib. Kompleks İsraili İranın uzaq mənzilli raketlərindən də qorumağa qadirdir. Beləliklə, eşelonlaşdırılmış raketdən müdafiə sisteminin bu elementi İsraili kustar üsulla hazırlanmış raketlərdən, İranın qeyri-ənənəvi başlıqlı ballistik raketlərindən və başqa raketlərdən effektiv müdafiə edir. “Arrow-3” kompleksi günün istənilən vaxtında və istənilən hava şəraitində raketləri effektiv şəkildə tutmağı bacarır.
“Arrow-3” kompleksinin tərkibinə daxil edilən EL/M-2080S “Super Green Pine” (“Great Pine”) RLS düşmənin qanadlı və ballistik raketlərinin axtarışı, aşkar edilməsi, müşayiət olunması və tuşlanması üçün təyin edilmiş İsrail istehsalı stansiyadır. RLS AWS Block 4 atəşi idarəetmə kompleksinin sisteminə daxildir. Qeyd olunduğu kimi “Arrow-3” raketlərinin tuşlanması AESA (Active Electronically Scanned Array) aktiv fazalı antenalı EL/M-2080S “Super Green Pine” RLS tərəfindən yerinə yetirilir. RLS 500 MHz-dən 2000 MHz-ə qədər ultra yüksək tezlikli və desimetr dalğalı “L” diapazonlarında işləyir. Fəaliyyət məsafəsi 500 km-dən 900 km-ə qədərdir. Antenanın ölçüləri 9×3 m, dəqiqliyi ± 4 m-dir. Komanda məntəqəsinin döyüş heyəti 6 nəfərdir, iş yerləri məlumatları göstərmək üçün müasir avadanlıqlarla təchiz edilib.
ABŞ-ın “Raytheon” şirkəti Ballistik Raketdən Müdafiə Sisteminin (BRMS) vacib elementi olan THAAD (Terminal High Altitude Area Defense) terminalının raketdən müdafiə və silah sistemləri üçün hazırladığı AN/TPY-2 RLS “Arrow-3” RƏM kompleksi ilə də qarşılıqlı əlaqədə işləyə bilir. AN/TPY-2 RLS, ballistik raketlərin aşkarlanması, izlənməsi və identifikasiyası (hədəftanıması), habelə çox böyük yüksəkliklərdə və hətta ulduzlararası fəzada belə uzun mənzilli raket zərbələrinin aşkarlanması üçün təyin edilmiş yüksək effektivli portativ stansiyadır. RLS, ABŞ-ı və onun müttəfiqlərini ballistik raket təhdidlərindən qorumaq üçün nəzərdə tutulmuş raketdən müdafiə sistemində mühüm yer tutur, erkən aşkarlanmanı və gələn raketlərə qarşı daha təsirli hərəkətetmə qabiliyyətini təmin edir.
“Arrow-3” kompleksi, İsrail ordusunda çoxpilləli raketdən müdafiə sisteminin 5 komponentindən biri olaraq görülür. Bundan başqa, perspektiv raketdən müdafiə sisteminə “Iron Dome” (“Dəmir Qübbə”), “Arrow-2” və “Sharvit Ksamim” (“David’s Sling”, “David Sapandı”) kompleksləri və “Iron Ray” (“Dəmir Şüa”) sistemi daxil olacaq. “Iron Ray” sistemi “İron Dome” kompleksinin aşağı hüdüdlarından daha az olan məsafələrdə, yəni 4 km-ə qədər, həmçinin bundan artıq – minimal 7 km-ə qədər olan məsafələrdə, raketlərə, artilleriya mərmilərinə və minaatan minalarına qarşı əkstəsir üçün təyin edilib.
“Arrow-3” kompleksləri uzun mənzilli eşelon təşkil edir və tədricən İsrail Hərbi Hava Qüvvələrindəki (HHQ) “Arrow-2” sistemini əvəz edəcək. Çünki “Arrow-3” raketi ikiqat tutma yüksəkliyinə (100 km-dən çox) və uzun mənzilə (900 km-dən çox) malikdir. Ballistik raketləri yenidən yer atmosferinə girməzdən əvvəl kosmosda məhv edə bilir. Kompleksin hədəfi məhvetmə dəqiqliyi 99% olaraq qiymətləndirilir. Əvvəlki “Arrow-2” raketi ilə müqayisədə kütləsi təqribən iki dəfə yüngüldür. Kütləsinin yüngül olması səbəbindən döyüş gəmilərində yerləşdirilməsi mümkündür. Kompleks, hazırda hədəfləri atmosferin yuxarı qatlarında vuran, “Arrow-2” kompleksini tamamlayan, “Arrow” silah sistemi ilə istifadə edilən ən uzun mənzilli tutucu raketdir. 7 metrdən uzun tutucu raket, səs sürətindən doqquz qat artıq sürətlə təhlükəyə tərəf buraxılır və üç dəqiqədən az müddətdə 50 km yüksəkliyə çatır. Hədəfə iki saniyəlik məsafəyə yaxınlaşan kimi, “Arrow-3” döyüş başlığının optik detektorları yaxınlaşan düşmən raketinin döyüş başlığını hədəfə alır. Tutucu raketin özünün partlayıcı döyüş başlığı, düşmən raketinin 40-50 metr yaxınlığında partlayır və bu, “Arrow-3” raketinə bilavasitə hədəfə dəymədən təhlükəni təsirsiz hala gətirməyə imkan verir. Beləliklə, “Arrow-3”, dəqiq zərbənin kinetik qüvvəsinin məhv olmaya səbəb olan məhvetmə texnologiyasına əsaslanan MIM 104 “Patriot Advanced Capability-3” (PAC-3), RIM-161 “Standard Missile 3” (SM-3) və THAAD kimi ABŞ tutucularından fərqlənir.
Müxtəlif mənbələrin məlumatlarına əsasən “Arrow-3” RƏM kompleksi, IMDO tərəfindən ardıcıl keçirilən sınaqların müsbət nəticəsi olaraq, 2017-ci il yanvar ayının 18-də İDF HHQ silahlanmasına qəbul edilib. Qeyd edildiyi kimi, “Arrow-3” kompleksi, buraxma qurğusu, yerüstü radiolokasiya stansiyası və döyüşü idarəetmə sistemi olan “Arrow Silah Sistemi” ilə qarşılıqlı əlaqədə işləyir. “Arrow-3” raketi, ayıran kinetik məhvetmə vasitəsi (KV) olan ikipilləli, bərk yanacaqlı sürətləndiricidən ibarətdir. Raketin təxmin edilən uçuş məsafəsi 2400 km-ə qədərdir. “Arrow-3” raketinin sürətləndiriciləri və məhvetmə vasitələri, manevr etməkdən ötrü vektor dartqı idarəetməsindən istifadə edir. Tutucu, əlavə aerodinamik sabitliyin təmin olunmasından ötrü çıxarılan arxa çərçivə ilə təchiz olunub. Hədəfi aşkaretmə məsafəsi 900 km-dən (EL/M-2080 Block B “Super Green”) 1900 km-ə qədər (AN/TPY-2), raketin uzunluğu 7700 mm, raketin diametri 800 mm, raketin kütləsi 750-800 kq, hədəfi tutma sürəti, 4,5 km/saniyəyə qədər, raketin mühərriki iki pilləli (start və marş) bərk yanacaqlı, raketin döyüş başlığı istiqamətlənidirilmiş təsirli qəlpəli-fuqas, qəlpələrin uçma radiusu 75 m, qəlpələrin zəmanətli məhvetmə radiusu 50 metr təşkil edir. İsrail ərazisində yerləşdirilmiş batareyalar birbaşa İsrail Hava Hücumundan Müdafiə Komandanlığına tabedir və ölkə ərazisinin 85% -ni himayə edir. Öklənin cənubunda qalan 15% hissə isə hələlik RƏM sistemi tərəfindən müdafiə olunmur.
Xarici mətbuatın yazmasına görə, 2012-ci ildə “Boeing” – IAI konsorsiumu, “Arrow-2” və “Arrow-3” RƏM sistemlərini beynəlxalq bazara çıxarmaq niyyətini açıqlayıb. Potensial alıcılar arasında Cənubi Koreya və Hindistanın da adı çəkilir. Lakin, 2002-ci ilin əvvəllərində ABŞ, əsas sponsor hüquqlarından istifadə edərək, İsrailin Hindistana “Arrow 2” raketlərini satmaq sorğusuna veto qoyub. ABŞ səlahiyyətliləri, satışın “Raket Texnologiyalarına Nəzarət Rejimi”ni (Missile Technology Control Regime – MTCR) pozacağını iddia ediblər. Böyük Britaniya, Yaponiya, Niderland, Sinqapur və İordaniya da “Arrow” sisteminin potensial xarici müştəriləri kimi qeyd edilir. Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının ölkələri də özləri üçün “Arrow” sistemini əldə etməkdə maraqlı olduqlarını bildiriblər.
Cari ilin əvvəllərində bəzi beynəlxalq mətbu orqanlarında İsrailin IMDO təşkilatının və ABŞ-ın MDA agentliyinin rəsmən yeni nəsil endo-ekzoatmosfer tutucu “Arrow 4” kompleksinin inkişafına başlamasına dair xəbərlər dolaşıb. MDA-ya görə, “Arrow-4”, bölgədə ortaya çıxan geniş miqyaslı təhdidləri məhv edə biləcək inkişaf etmiş, yenilikçi və qabaqcıl tutucu raket olacaq. Hər iki təşkilat bu səylərə rəhbərlik edir, IAI konserni isə sistemin və onu raketlərinin inkişafı və istehsalı üzrə əsas podratçıdır. ABŞ-ın “Boeing” və “Lockheed-Martin” konsernləri və İsrailin “Elbit Systems” şirkəti də “Arrow-4” RƏM kompleksi layihəsində iştirakçıdırlar. “Arrow-4” RƏM kompleksi, bu gün “Arrow-2” və “Arrow-3” tutucularından ibarət olan “Arrow” RƏM sisteminin bir hissəsi olacaq.
Rəsmi məlumatlarda “Arrow-4” kompleksinin, MDA və IMDO arasında ABŞ-ın İsrail Hökumətinə İsrail Dövlətini ortaya çıxan təhdidlərdən qorumaq üçün milli raketdən müdafiə qabiliyyətini təkmilləşdirməyə kömək etmək öhdəliyini əks etdirən birgə proqram olduğu bildirilir. “Arrow-4” tutucusunun inkişafı, hipersəsli qanadlı raketlər və hipersəsli süzən aparatlar kimi hipersəsli təhdidlərin qarşısını almağı hədəfləyir.
“Arrow-4” kompleksinin həm atmosfer daxilində (endoatmosferik), həm də atmosfer xaricində (ekzoatmosferik) olan təhdidlərə qarşı çıxacağı ehtimal olunur. Yeni “Arrow-4” raketinin əsas konstruktiv xüsusiyyətinin atmosferdəki təhlükələri, xüsusən də hipersəsli raketləri tutmağa kömək edəcək “qanadlar” olacağı güman edilir. Hazırda İsrail üçün hipersəsli raket təhlükəsi yoxdur, lakin gələcəkdə bu təhlükənin artacağı ehtimalı mövcuddur. Bu problemi erkən mərhələdə həll etməkdən ötrü isə “Arrow-4” kompleksi hazırlanır.
Yaxın Şərq dövlətlərindən İsrailə olan daimi hərbi təhdid, onu raket əleyhinə müdafiə potensialını inkişaf etdirməyə məcbur edir və “Arrow-3” kompleksini dünyanın ən mükəmməl sistemi vəziyyətinə gətirir. “Arrow-4” kompleksi isə gələcək nəsil raket əleyhinə müdafiə sistemi olmaqla, digər ölkələr üçün oxşar sistemləri inkişaf etdirməkdən ötrü bir baza modeli ola bilər.
Əhəd Əzizov