
“Raytheon” şirkəti ABŞ Müharibə Nazirliyi ilə “Standard Missile-3 Block IB” (SM-3 IB) tutucu raketlərinin istehsalı və texniki qulluğu üçün 6.3 milyard dollar dəyərində müqavilə imzalayıb.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, müqavilə döyüş əməliyyatlarında uğurla istifadə edilmiş və ABŞ qüvvələrinin, müttəfiqlərinin, eləcə də kritik infrastrukturun qorunmasında mühüm rol oynayan raketdən müdafiə vasitələrinin ehtiyatlarını təcili şəkildə bərpa etməyi nəzərdə tutur.
SM-3 IB tutucu raketi qısa və orta mənzilli ballistik raketləri uçuşun orta mərhələsində məhv etmək üçün nəzərdə tutulub. O, həm gəmi, həm də quru bazalı raketdən müdafiə sistemlərindən buraxıla bilər. Sistem ilk dəfə 2024-cü ildə döyüş şəraitində istifadə olunub.
SM-3 IB ABŞ Hərbi Dəniz Qüvvələrinin inteqrasiya edilmiş hava və raketdən müdafiə sisteminin mühüm tərkib hissəsidir. Bu sistem SM-3 IIA və “Standard Missile” ailəsinin digər raketləri ilə birlikdə fəaliyyət göstərir.





