
“Raytheon” yeni nəsil qısamənzilli tutucu raketin ballistik sınağını keçirib
“Raytheon” şirkətinin ABŞ Ordusu üçün hazırladığı yeni nəsil qısamənzilli tutucu raketin ballistik sınağı uğurla tamamlanıb.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, “Next Generation Short Range Interceptor” (NGSRI) proqramı çərçivəsində hazırlanan yeni raket ABŞ Ordusunun inventarındakı “yer-hava” tipli “Stinger” raketlərini əvəz edəcək.
Bildirilib ki, NGSRI proqramı üzrə daha bir uğurlu ballistik test kimi qiymətləndirilən bu sınaq tutucu raketin pilotsuz uçuş aparatlarını izləmək, eləcə də daşına bilən (çiyindən buraxılan) qurğudan atəşə açılmaq qabiliyyətini nümayiş etdirib. Sınaq “Raytheon” tərəfindən maliyyələşdirilib və proqramın uçuş sınaqları mərhələsinə keçid öncəsi texniki yetkinliyin göstərilməsi və kritik məlumatların toplanması məqsədi daşıyıb.
NGSRI, mövcud tutucu raketlərə nisbətən daha yüksək sürətə malik olan və hava hədəflərinə qarşı daha effektiv fəaliyyət göstərən ABŞ Ordusunun yeni qısamənzilli raketidir. Raket həm nəqliyyat vasitəsindən, həm də çiyindən buraxılan qurğudan atıla bilir.


