Region orduları: Modernləşməyə gedən Türkmənistan Silahlı Qüvvələri – ANALİZ

Müstəqilliyini qazandığı ilk gündən neytral hərbi-siyasi mövqe nümayiş etdirməsinə baxmayaraq Türkmənistan son 10 ildə aktiv silahlanma proqramı yürütməkdədir. Yerləşdiyi regionun qeyri-stabil olması, Əfqanıstanla sərhəd, Xəzər dənizinin hüquqi statusunun indiyədək müəyyənləşdirilməməsi kimi faktorlar Türkmənistanı müəyyən silahlanma proqramlarında açıq aşkar müşahidə olunur.

SSRİ-nin süqutundan sonra sovet hərbi arsenalından Türkmənistana az miras qalmayıb. Məsələn, 1992-ci ildə SSRİ Silahlı Qüvvələri Türküstan Hərbi Dairəsinin maddi-texniki əmlakının bir hissəsi adıçəkilən respublika ərazisində qalmalı oldu və yeni qurulan ölkənin istismarına verildi. Sovetlər Birliyindən Türkmənistana 700 tank, yüzlərlə zirehli transportyor, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları və digər hərbi-texniki məhsullar miras qaldı.

1280px Independence Day Parade Flickr Kerri Jo 66

2000-ci illərin əvvəllərindən Türkmənistan hökuməti ordunun silahlanmasına daxil olan bəzi köhnə texnikaların modernləşdirilməsi proqramlarını reallaşdırmağa başladı. Bununla yanaşı xarici ölkələrdən bir sıra satınalmalar da həyata keçirildi və bu proses indidə davam edir. Müstəqillik qazandıqdan sonra Türkmənistan Rusiya, Çin, Belarus, Ukrayna, Serbiya, Türkiyə, İtaliya, Fransa, BƏƏ və digər ölkələrlə silah-sursat satınalınmaları, o cümlədən birgə şəkildə mövcud texnikaların modernləşməsi proqramlarını həyata keçirir. Əsas silah satınalmaları istiqamətində ağırlıq isə Çin, Türkiyə və Avropa, konkret olaraq İtaliya və Fransanın üzərinə düşür.

Quru Qoşunları

Türkmənistan Quru Qoşunlarının arsenalında 2010-cu ilədək əsas yeri Sovet Ordusundan qalan və müstəqillik dövründə Rusiyadan satın alınmış Т-90S, Т-72, T-55 tankları, BRDM-1 və BRDM-2 zirehli transportyorları, BMP-1, BMP-2, BMP-3 piyada döyüş maşını, BTR-60, BTR-70 və BTR-80 zirehli transportyorlar, 122 mm-lik 2S1 “Qvozdika”, 2S3 “Akatsiya”, 2S9 “Nona-S” özüyeriyən artilleriya sistemləri, 122 mm-lik D-30 haubitsası, 152 mm-lik D-1 və 152 mm-lik D-20 haubitsalar, BM-21 “Qrad” reaktiv yaylım atəş sistemi, 9P138 “Qrad-1”, 9P140 “Uraqan”, BM9A52 “Smerç” reaktiv yaylım atəş sistemi, 9K33 “Osa”, 9K35 “Strela-10” zenit-raket, 9K72 “Elbrus” operativ taktik raket kompleksləri, ZSU-23-4 “Şilka” və 57 mm-lik S-60 zenit topları yer alıb.

belgrad

Son illərdə rəsmi Aşqabad İsrail hərbi sənaye kompleksi ilə də əlaqələri inkişaf etdirməyə çalışır. Ötən il İsraildən “CombatGuard” zirehli avtomobillərinin satın alınması bu sahədə bir ilk sayıla bilər. Adıçəkilən maşınlar ilk dəfə Türkmənistan Silahlı Qüvvələrinin “Vətən-2016” taktiki təlimlərində nümayiş olunub. Qeyd edək ki, “CombatGuard” 4×4 təkər formuluna sahibdir və 2014-cü ildən istehsal edilir. Çəkisi 8 ton təşkil edən maşın “General Motors” şirkətinin 300 at gücündə “Cobra” dizel mühərriki ilə təchiz olunub və sürəti 150 km/saat təşkil edir. “CombatGuard” maşını distans döyüş modulu ilə silahlandırılıb.

belgrad

122 mm BelQrad

2016-cı ilin oktyabr ayında keçirilmiş hərbi paraddan məlum olduğu qədər son 5 ildə rəsmi Aşqabad Çindən “Dongfeng Mengshi” zirehli avtomobilləri, TS-504 troposfer rabitə stansiyası, Ukraynadan “Qrom” döyüş modulu ilə silahlandırılmış BTR-80, Belarusdan 122 mm çaplı BM-21A “BelQrad”, Çexiyadan RM-70 reaktiv yaylım atəş sistemləri, Avstriyadan “PMV Survivor II” zirehli maşınları, Türkiyədən “Kirpi” MRAP-ları, BƏƏ-dən “Nimr Ajban-440A” zirehli avtomobili, Almaniyanın “Rohde & Schwarz” şirkətindən müxtəlif rabitə vasitələri, Belarusdan “Şerşen” TƏİR satın alıb.

BMT-nin Adi Silahlar Regstində yer aılan hesabatlara görə Türkmənistan 2012-ci ildə Ukraynadan 6 ədəd 152 mm-lik 2A36 “Giatsin-B” haubitsası, Rusiyadan 15 ədəd “İqla-S” daşınan ZRK və 60 ədəd “İqla-S” raketi, 2008-ci ildə İngiltərədən 9 , 2012-ci ildə Fransadan 5 ədəd snayper tüfəngi, Ukrayna, İsveçrə, Avstriya və Türkiyədən tapança, avtomat və pulemyot, 2012-2013-cü illərdə Serbiyadan 72 ədəd lüləaltı qumbaraatan, İtaliyadan “Beretta ARX”, Çexiyadan CZ “Bren 1” avtomatları əldə edib. Snayper tüfəngləri və sonuncu silahlar Türkmənistan Xüsusi Təyinatlı Qüvvələrinin arsenalında yer alır.

Hərbi Hava Qüvvələri

Türkmənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrində kadr potensialının o qədər də qənaətbəxş olmadığı bildirilsə də son illərdə bu sahədə də silah və texnika parkının gücləndirilməsi müşahidə olunur. Türkmənistan Hərbi Hava Qüvvələrinin balansında əsasən MiQ-29AS, MiQ-29UB, Su-25 döyüş, Aero L-39 “Albatros” döyüş-təlim, An-26, An-24 hərbi-nəqliyyat təyyarələri, Mi-24 döyüş və Mi-8 döyüş-nəqliyyat helikopterləri mövcuddur. 2006-cı ildən sovet dövründən qalmış döyüş təyyarələri parkını modernləşdirməyə başlayan Türkmənistan HHQ-nin MiQ-29 döyüş təyyarələri Ukraynada, Su-25 təyyarələri isə Gürcüstanın Tiflis Aviasiya Zavodunda əsaslı təmir olunub. Bundan başqa Türkmənistan Gürcüstandan Tiflis Aviasiya Zavodunda İsrail mütəxəssisələri tərəfindən modernləşdirilən 1 ədəd Su-25MK və 6 ədəd Su-25UB döyüş təyyarələri satın alıb. Qeyd olunan dövrdə Rusiyadan 2 ədəd Mi-17-1B hərbi nəqliyyat helikopterlərinin satın alınması reallaşdırılıb.

070246

Türkmənistan HHQ-nin modernizə edilmiş Su-25 döyüş təyyarəsi

2009-2015-ci illərdə Türkmənistanın aviiasiya vasitələrinin satın alınmasında qərbə üz tutması müşahidə olunmağa başlayıb. Bu dönəmdə İtaliyadan AW-101, AW-139, Fransadan “Eurocopter -145” və “Eurocopter-365”, ABŞ-dan S-76 (bunlar ordu və dövlət rəsmilərinin istifadəsi, axtarış xilasetmə əməliyyatları üçün istifadıə olunur. HHQ və Sərhəd Qoşunlarının istifadəsindədir), Ukraynadan 2 ədəd AN-74 nəqliyyat, Avstriyadan “Diamond-42” təyyarəsinin satın alınması gerçəkləşdirilib.

Türkmənistan pilotsuz uçuş aparatları (PUA) parkını da gücləndirməyə yönələn bir sıra satınalmalar həyata keçirib. Türkmənistanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə 2016-cı ilin oktyabr ayında Aşqabadda keçirilən hərbi paradda ilk dəfə bu ölkənin Çindən və İtaliyadan aldığı taktik və silahlı PUA-lar nümayiş olunub.

turkmenParadda göründüyü qədər Türkmənistan son bir ildə Çinin “China Aerospace Science and Technology Corporation” (CASC) şirkətindən silahlı CH-3A və WJ-600 A/D, İtaliyanın “Selex-ES” şirkətindən 3 ədəd “Falco” taktik PUA-ları satın alıb. Paradda Türkmənistanın əlində olan köhnə LA-17 PUA-ları da nümayiş etdirilib. Bunlardan əlavə, Türkmənistan İsraildən açıqlanmayan sayda “Orbiter-2”, Belarusdan isə “Busel” tipli PUA-lar əldə edib. Belarusun “Pilotsuz Uçuş Aparatları Kompleki Çoxfunksiyalı Elmi-İstehsalat Mərkəzi 2016-ci ildə rəsmi Aşqabadın adıçəkilən PUA-nın Türkmənistan ərazisində istehsalına başlanılmasına dair də danışıqlar apardığını, Türkmənistanın aidiyatı qurumlarının həmin Mərkəzin istehsalı olan 290 km radiusda uça bilən aerostat və digər aviasiya kompleksləri ilə yaxından maraqlandığını açıqlayıb.

Hava Hücumundan Müdafiə Qüvvələri

SSRİ-nin süqutundan sonra Sovet Ordusunun hava hücumundan müdafiə qüvvələrinin 17-ci diviziyası 2 zenit-raket, 1 radiotexnika briqadası və bir radiotexnika alayı ilə birgə Türkmənistanın yuridiksiyasına keçib. Hazırda Türkmənistan Ordusunun hava hücumundan müdafiə qüvvələrinin arsenalında Sovetlər birliyindən qalma S-75МZ, S-125М, S-200VМ, “Kub” zenit-raket kompleksləri, o cümlədən P-15, P-14, P-18, P-19, P-35, P-37, P-40, P-80 radiolakasiya sistemləri yer alır. Türkmənistan mövcud komplekslərin modernləşdirilməsini də həyata keçirir. Belarusun “Oboronitelniye sistemi” müəssisəsi 2009-cu ildə Türkmənistanın silahlanmasındakı S-125 ZRK-ni modernləşdirərək onları “Peçora-2M” səviyyəsinə çatdırıb. Ukraynadan isə 36D6 RLS-ləri və “Kolçuqa-M” radiotexniki kəşfiyyat stansiyasılarının alışı reallaşdırılıb.

turkmen pvo

Türkmənistanın bu sahədə son illərdə həyata keçirdiyi satınalmalarda Çinə xüsusi yer verməsi son nümayişlərdə bir daha üzə  çıxmış oldu. 2016-cı ildə keçirilmiş hərbi təlim və paradlar rəsmi Aşqabadın son iki ildə Çindən HQ-9 (ixrac versiyası FD 2000 adlanır) hava hücümundan müdafiə kompleksləri aldığını doğruladı.

Üçüncü nəsil ZRK sinifinə daxil edilən HQ-9 ZRK “yer-yer” tipli taktik ballistik raketlərin aşkar olunması və məhv edilməsi imkanına malikdir. HQ-9 “China Academy of Defence Technology” akademiyasında yaradılıb. ZRK-nın ilk nümunəsi Çin Ordusunun silahlanmasına 1990-cı illərin sonlarında verilib. Türkmənistana satılan HQ-9 kompleksinin modernləşdirilmiş variantı (DM-14SD) olduğu bildirilir. Rusiyanın S-300 ZRK-sinin rəqibi hesab olunan HQ-9 ZRK 6-200 km uzaqlıqda, 500-30000 metr hündürlükdə hədəfləri vurmağı bacarır. Kompleksə idarə olunan zenit raketi, çox funksiyalı HT-233 radarı, aşağı məsafədən uçan hədəfləri müəyyən etmək üçün Тype-120 radarı, nəqliyyat-enerji maşını daxildir. Kompleks eyni vaxtda 50 hədəfi aşkarlayıb, izləyə bilir. ZRK “Taian” TA-5380 8х8 şassi formullu maşın üzərində qurulub.

Türkmənistan bununla yanaşı Çindən FM-90, KS-1A zenit-raket kompleksləri, YLC-2V və YLC-18 üçkoordinatlı radar stansiyaları da əldə edib.

Hərbi Dəniz Qüvvələri

Türkmənistanın Hərbi Dəniz Qüvvələri (HDQ) demək olar ki, sıfırdan yaradılıb. 2000-ci illərin əvvəllərində Rusiya və Ukraynadan kiçik su basımına malik katerlərin satın alınması gerçəkləşdirilsə də 2010-cu ildən HDQ-nin yeni və daha böyük gəmilərlə təchiz edilməsi prosesinə start verildi. Türkmənistanın HDQ-nın əsas bazası liman şəhəri olan Türkmənbaşı liman şəhərində yerləşir. Ölkənin dəniz təhlükəsizliyini və sahil mühafizəsini təmin edən bu qoşun növündə 2 mindən artıq hərbçi xidmət edir.

Qeyd edək ki, Türkmənistanın Sərhəd Qoşunları Sahil Mühafizəsinin texniki imkanları da 2000-ci illərin əvvəlindən inkişaf etməyə başlayıb. 2002-ci ildə Türkmənistan Sahil Mühafizəsinin tərkibinə Ukraynada istehsal olunan sahil mühafizə təyinatlı ondan artıq “Kalkan-M” və “Qrif-T” patrul katerləri daxil edilib. 2003-cü ildə isə İran Türkmənistana uzunmüddətli icarə şərtləri ilə 7 ədəd sahil mühafizə kateri və 1 ədəd sürət kateri verib. Bundan başqa ABŞ Müdafiə Nazirliyi ilə həyata keçirilən proqram çərçivəsində Türkmənistan Amerika istehsalı olan “Point Jackson” tipli patrul kateri ilə təmin olunub. 2009-cu ilin dekabr ayında isə Türkmənistanın Sahil Mühafizəsi Rusiyadan 2 ədəd 12418 “Molniya” layihəli kater və “Uran-E” gəmi əleyhinə raketlər alıb.

turkmen arkadag

2009-cu ilin avqustunda Türkmənistanın Türkmənbaşı şəhərində yaranmaqda olan Hərbi Dəniz Qüvvələri üçün bazanın bünövrəsi qoyulub. Hazırda Türkmənistan bu bazadakı texniki imkanlardan istifadə edərək, Xəzərin özünə aid olan hissəsində optik və radiolakasiya müşahidəsi aparır.

Türkmənistan HDQ 2011-ci ildə Rusiya istehsalı olan 2 ədəd 12418 “Molniya” layihəli raket katerini donanmaya daxil edib. Sonrakı illərdə hər iki kater MBDA (İtaliya) şirkətinin istehsalı olan “Otomat Mk 2” gəmi əleyhinə raketlər, o cümlədən “Marte Mk 2/N” yüngül gəmi əleyhinə raket sistemi və “SIMBAD-RC” zenit-raket kompleksi ilə silahlandırılıb. Hazırda bu gəmilər “Edermen” və “Gayratly” adları ilə Xəzər dənizində üzürlər.

2011-ci ildən Türkmənbaşıda yerləşən tərsanədə Türkiyənin DEARSAN şirkəti tərəfindən Türkmənistan HDQ və Sahil Mühafizəsi üçün müxtəlif ölçülü hərbi gəmilərinn inşasına başlanılıb və proses hazırda davam etdirilir. Qeyd edək ki, Türkmənistan HDQ və Sahil Mühafizəsi son 7 ildə HDQ DEARSAN şirkəti tərəfindən inşa edilmiş 10 ədəd Yeni Tip Gözətçi Gəmisi, 20 ədəd müxtəlif ölçülü (o cümlədən LSM-1 layihəli 4 ədəd desant) katerə sahib olub. “Tuzla” sinifli Yeni Tip Gözətçi Gəmisinin uzunluğu 55,75 metr, su basımı 400 ton, heyəti 34 nəfərdir. Gəmilərin silahlanmasına 40 mm-lik “Oto Melara Twin Compact” avtomat top, ROKETSAN şirkətinin istehsalı olan ASW raket buraxılış qurğusu, ASELSAN şirkətinin istehsalı olan 2 ədəd 25 mm-lik STOP sistemi daxildir. Bundan başqa, gəmilər sualtı bombalarla və sualtı qayıqlara qarşı raket buraxılış qurğusu, HAVELSAN döyüş idarəetmə sistemləri, Yaltes/Imtech Built Integrated Platform Management Systems (IPMS), operator konsolları, taktiki ekran bölmələri və EO/Sonar Konsol otağı (EO/Sonar Console Suits), ASELSAN şirkətinin istehsalı olan “AselFLİR-200D” müşahidə qurğusu ilə təchiz ediliblər. Gəmilər “Thales” şirkətinin istehsalı olan, X və C diapazonlarda çalışan VARIANT 2D hava/yer müşahidə radarına malikdir.

33 metrlik bot

DEARSAN 2014-cü ildə Türkmənistan Sahil Mühafizəsindən 6 ədəd 33 metrlik itisürətli katerin çatdırılmasına dair sifariş aldığını açıqlayıb. Layihə üzərə ilk katerlərin inşasına 2015-ci ildə başlaınıb və çatdırılmalar 2017-ci ildə tamamlanmalıdır. İki ədəd MTU dizel mühərriyi ilə təchiz edilmiş 33 metrlik katerlərin maksimum sürəti 43+mil, hərəkət radiusu 350 dəniz mili təşkil edir. Katerlərin silahlanmasında MBDA Marte Mk 2/N gəmi əleyhinə raket kompleksinin iki işəsalma qurğusu, ASELSAN şirkətinin istehsalı olan 1 ədəd 25 mm çaplı top və ASELFLİR elektro-optik sistemi ilə komplektləşdirilmiş STOP silah sistemi yer alır.

Onu da qeyd etmək lazımdır ki, Türkmənistan gəmilərin silah arsenalının təchizatı ilə bağlı Avropa şirkətləri ilə sıx əməkdaşlıq edir. 2013-2016-cı illərdə İtaliyada fəaliyyət göstərən “Rheinmetall Italia” şirkəti Türkmənistana 2.4 milyon avro dəyərində 25 mm-lik KBA topu, “OTO Melara” şirkəti 28 milyon avro dəyərində 40/70 mm kalibrli gəmi topu, 10 min ədəd sursat, MBDA şirkəti isə 162 milyon avro dəyərində 25 ədəd “Marte” gəmi əleyhinə raketin satışını reallaşdırıb.

Ümumilikdə Türkmənistan son 10 ildə dənizdə silahlanmaya 1.5 milyard dollardan artıq vəsait xərcləyib. Bu göstəriciyə görə, rəsmi Aşqabad Xəzər hövzəsində lider mövqedə qərarlaşır. Mövcud proqramların reallaşdırılması hesabına 2020-ci ilədək Türkmən donanmasının 5-dək yeni raket-artilleriya və tral gəmilərinə sahib olacağı gözlənilir.

Qeyd: Məqalə AZERİ DEFENCE jurnalının Mart-Aprel 2017-ci il tarixli 2-ci sayında nəşr olunub. 

CATEGORIES