Rektor Vilayət Vəliyev: AzTU qarşısında duran ən önəmli məsələ müdafiə sənayesi üçün kadr hazırlığı və tədqiqatların aparılmasıdır

Rektor Vilayət Vəliyev: AzTU qarşısında duran ən önəmli məsələ müdafiə sənayesi üçün kadr hazırlığı və tədqiqatların aparılmasıdır

Strategiyamızın əsas hədəfi dayanıqlı və inklüziv bir universitet qurmaqdır

Yaxın zamanlarda AzTU-nun müdafiə sənayesinin inkişafına yönələn texnoparkı fəaliyyətə başlayacaq

Azərbaycanın dayanıqlı inkişaf məqsədlərini əsas götürərək texnologiyalar bazarını genişləndirmək istiqamətində layihələr həyata keçirən Azərbaycan Texniki Universiteti (AzTU) bütün potensialını müdafiə sənayesinə cəlb etməyi hədəfləyib. Regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olan AzTU həm də müasir innovasiyalara uyğun islahatlar həyata keçirir, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində işlər görür. Bundan başqa AzTU-nun logistika sahəsi üzrə fakültəsinin hərbiyə istiqamətlənməsi, mühəndis hazırlığı ilə bağlı ixtisaslarda və o ixtisasların tədrisində dəyişikliklər edilməsi universitetin prioritet tərəflərindəndir. Bu və digər məsələlər barədə AzTU-nun rektoru, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Vilayət Vəliyevlə danışdıq.

Poliqon: Cənab rektor, müsahibəmizə AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası ilə bağlı fikirlərinizlə başlamaq istərdik. Bu istiqamətdə görülən işlər barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

Vilayət Vəliyev: 2 il yarımdan bir az çox müddətdir ki, Azərbaycan Texniki Universitetinin rektoru işləyirəm. Bu müddətdə 2021-2030-cu illəri əhatə edən universitetin 10 illik inkişaf strategiyasını hazırlamışıq. Bununla bağlı bir sıra düşüncələrimiz oldu, müxtəlif baxışlar da var idi. Bilidiyiniz kimi, artıq beynəlxalq aləmdə dayanıqlı inkişaf məqsədləri ilə bağlı ciddi yanaşmalar və bu yanaşmalara Azərbaycanın öz baxışları var. Bununla bağlı universitetlərin də üzərinə bəzi öhdəliklər düşür. AzTU olaraq BMT-nin Baş Assambleyasında 2 dəfə könüllü hesabat vermişik.

Burada kifayət qədər ciddi məqsədlər, hədəflər və göstəricilər var. Düşünürəm ki, universitetlər ölkədə aparılan reformlar (çoxtərəfli əməkdaşlıqlar) kontekstində daha çox dayanıqlı inkişaf məqsədlərinə xidmət etmək, bu məqsədlər fonununda formalaşmaqla Azərbaycana daha çox milli mənafelərin qorunması ilə bağlı dəstək verə bilər. Bu prosesi daimi olaraq bir səviyyədə saxlamaq üçün universitetlərin rolları əvəzsizdir. O nöqteyi-nəzərdən iqtisadiyyatın baza sektorları üzərində olan proseslərlə məşğul olan, kadr hazırlayan və tədqiqatlar aparan Texniki Universitet bu məsələdə əsas rol oynayır. Universitetin strategiyasını da bu dayanıqlı məqsədlərin fonunda hazırlamaq istəyirik.

AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyasında universitetin dayanıqlı inkişaf məqsədləri, ümumi prinsipləri öz əksini tapıb. Strategiyada hər bir bənd üzrə 5 istiqamət formalaşdırılıb, əsas hədəfi “yarat, inkişaf etdir, işlət” konsepsiyasından ibarətdir. Yəni aldığımız biliklərlə dizayn etməyi bacarmalı, bununla bağlı nəsə yaratmalı, yaratdığımızı inkişaf etdirməli və onu işlətməliyik. Bu baxımdan belə bir mühəndis hazırlığını ortaya qoymalıyıq.

İnkişaf strategiyasında digər bir məqam isə, öyrədənlə öyrənənin vəhdətini görmək istəyirik. Tələbələrin öyrənməsini və yüksək səviyyədə öyrədilməsini tələb ediriksə, eyni qaydada mütləq müəllim hazırlığını, müəllim hazırlığı proqramlarını ortaya qoymalıyıq. Müəllimlər hazırlıqlı olmalı və bununla bağlı universitetdə hər cür şərait olmalıdır. Bundan sonra, öyrənən proqramları ortaya qoymalıyıq, öyrənənləri sürətlə öyrətməliyik. Belə bir münasibətin formalaşması tədqiqatı, tədqiqat mühitini artıracaq, eyni zamanda universitet-sənaye iş birliyini möhkəmlədəcək. Bununla sənaye biznesinə daha açıq olacağıq.

Bir sözlə, strategiyamızın əsas hədəfi ondan ibarətdir ki, biz dayanıqlı və inklüziv bir universitet qurmaq istəyirik. Bu universitet hərtərəfli olaraq milli maraqlarımızı ortaya qoya, beynəlxalq mühitə inteqrasiya oluna, dayanıqlı və davamlı olaraq kadr hazırlığını və tədqiqatları dəstəkləyə bilsin. Bu gün universitetin funksiyaları çox dəyişib, universitet iqtisadiyyatı inkişaf etdirməli və ona töhvə verməlidir. AzTU-nun əsas hədəfi Azərbaycanın dayanıqlı inkişaf məqsədlərini əsas götürərək texnologiyalar bazarını genişləndirməkdir.

Poliqon: AzTU uzun illərdi iqtisadiyatın müxtəlif sektorları ilə yanaşı, müdafiə sənayesi üzrə ixtisaslı kadrlar hazırlayır. Bu məqsədlə yaradılan AzTU-nun Xüsusi texnika və texnologiya fakultəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

foto 3Vilayət Vəliyev: Son dövrlərin hadisələri göstərir ki, müdafiə sənayesi və onun inkişafı ilə bağlı məsələlər çox ciddi məsələlərdir. AzTU-ya rektor təyin olunan kimi müdafiə sənayesi ilə bağlı məsələlərə ciddi fikir verməyə başladıq. AzTU yeganə universitetdir ki, burada Nazirlər Kabinetinin qərarı ilə yaradılmış “Xüsusi Texnika və Texnologiya” fakültəsi var. Yəqin ki, bu qərar Azərbaycan Prezidentinin bu sahədə apardığı siyasətin müəyyən bir tərkib hissəsidir. Çünki AzTU müdafiə sənayesinin inkişafı üçün, müdafiə sənayesinin bütün sektorları üzrə çox ciddi tədqiqatlar aparan universitetlərdəndir. Bu universitetdə belə bir fakültənin açılması çox önəmli məsələdir. İlk növbədə fakültənin kafedralarını təkmilləşdirdik, lazımsız kafedraları “Radioelektron və aerokosmik sistemlər”, eləcə də “Xüsusi təyinatlı material və vasitələr” kimi lazımlı kafedralarla əvəzlədik. Bu fakültə heç bir hərbiçi olmadan müdafiə sənayesi üçün mühəndislər hazırlayır.

Bu istiqamətdə Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə konseptual görüşümüz oldu. Mədət müəllim AzTU-da müdafiə sənayesi ilə bağlı işlərin getməsində çox maraqlıdır və bu baxımdan bizə xeyli imkanlar yaratdı. Ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müvafiq zavodlarında olmuşuq. MSN-in “İqlim” İstehsalat Birliyi (İB) kimi bir çox müəssisələri ilə əməkdaşlıq edirik. Bu da müdafiə sənayesi ilə bağlı işlərimizin sürətli qurulmasına kömək edir. Bundan başqa, MSN-in zavodlarında kafedralarımızın filiallarını açmışıq. Bizim həmin zavodlarda kabinetlərimiz, auditoriyalarımız var. Məsələn, “İqlim” İB-dəki bir mərtəbə AzTU-ya aiddir, dərslərimizin böyük qismi və imtahanlar orada keçirilir – müəllim otağı, proyektlər üçün otaqlar, tələbələrimizə dərs keçmək üçün zalları bizim ixtiyarımızdadır. “İqlim” İB-də müdafiə şuramız fəaliyyət göstərir. Bütün zavodlarda belə imkanların yaradılmasına səy göstəririrk.

Poliqon: Bu ilin mart ayının 2-də Müdafiə Sənayesi Nazirliyi ilə birgə AzTU-da böyük konfrans keçirildi.

IMG 5267 — копияVilayət Vəliyev: Bəli, müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması mövzusunda keçirilən konfransda Müdafiə Sənayesi Nazirliyinin bütün müəssisələrinin əməkdaşları iştirak etdi. Eyni zamanda müdafiə sənayesi ilə bağlı Müdafiə Nazirliyinin, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər nazirliklərin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da iştirak edirdi. Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov bir çox problemləri səsləndirdi. Konfransda çox ciddi məsələlər müzakirə edildi və bəlli bir nəticəyə gəldik. Gəldiyimiz nəticə ondan ibarət oldu ki, mühəndis hazırlığı ilə bağlı ixtisaslarda və o ixtisasların tədrisində dəyişikliklər etməliyik. Biz artıq nəzərdə tutulan dəyişikliyi etməyə başlamışıq. Həqiqətən də, yüksək kadr hazırlığı və tədqiqatlarımızın yaxşı nəticələr əldə etməsi üçün fakültə yenidən təşkil olunmalıdır. Bunun üçün ən başlıca müdafiə sənayesi ilə bağlı olan “Xüsusi Texnika və Texnologiyalar” fakültəsi Müdafiə Sənayesi Nazirliyi ilə AzTU-nun birgə fakültəsi olmalı və ayrıca bir binada yerləşməlidir. Binada kitabxana, sinif otaqları, diskussiya yerləri, internet və kommunikasiya sistemləri və s. formalaşamalıdır.

Poliqon: AzTU-nun son illərdə Azərbaycanın milli müdafiə sənayesinin inkişafına daha çox istiqamətləndiyini müşahidə edirik. Milli müdafiə sənayesinin inkişafına yönələn layihələriniz barədə nələri söyləyə bilərsiniz?

Vilayət Vəliyev: Azərbaycan Texniki Universiteti olaraq milli müdafiə sənayesinin inkişafı ilə bağlı bir sıra regional layihələrdə iştirak etməyi planlaşdırmşıq. Bu səbəbdən üç istiqaməti əsas götürürük. Birincisi, informasiya texnologiyalarının müdafiə sənayesinə ciddi surətdə tətbiqini ortaya qoyuruq və düşünürük ki, bizim üçün süni intellekt, süni intellektin tətbiqi, kibertəhlükəsizlik və robortlaşdırma əsas ana istiqamətlərdir. Biz bu istiqamətləri nədən ana istiqamətlər kimi götürürük? Çünki bizim universitetimiz texnologiya universitetidir. Logistika və nəqliyyat sektorunun inkişafında süni intellektin, informasiya texnologiyaları (İT) sistemlərinin, robot texnikasının inkişafı kifayət qədər önəmlidir.

Azərbaycanda nəqliyyat sektoruna dair mobillik proqramının inkişafı ilə bağlı Nazirlər Kabinetinin müəyyən bir proqramı var və biz orda iştirak edirik. Ölkədə logistika sisteminin qurulması ilə bağlı, xüsusilə Bakı şəhərinin ətrafında olan logistika sisteminin qurulması ilə bağlı layihələrimiz var. Bütün bu istiqamətlərin formalaşması dolayısı ilə müdafiə sənayesi sitemlərinin inkişafına da təsir göstərir. Çünki bizim təklif etdiyimiz xüsusi texnologiyalar istər-istəməz burada öz rolunu ortaya qoyur.

Türkiyənin İzmir Texnologiya Universiteti ilə müdafiə sənayesinin inkişafına yönəlmiş layihəmiz var. Hazırda bu istiqamətdə bəzi işlər görürülür. Layihələrimiz çoxdur, hidrogen energetikası ilə bağlı layihəmiz də formalaşmaq üzrədir.

Bir məqamı da qeyd etmək istəyirəm, birbaşa müdafiə sənayesi ilə bağlı olan texnologiyaların inkişafı, əslində ikili texnologiyalardır. Kadr hazırlığının və tədqiqatlarımızın mülki istiqamətdə aparılması o demək deyil ki, müdafiə sənayesinə töhfələr vermirik və yaxud əksinə. Son dövrlər nəqliyyat sektorunda həyata keçirdiyimiz layihələrdə o qədər mülki yanaşmlar, mülki həllər var ki, bunları birbaşa müdafiə sənayesinə tətbiq etmək olur.

Poliqon: Vilayət müəllim, Müdafiə sənayesi üzrə elmi-tədqiqatların inteqrasiyasında və təhsildə innovativ yanaşmada hədəflərinizi bilmək istərdik.

BSR 6418 — копияVilayət Vəliyev: Müdafiə sənayesi komplekslərindən danışırıqsa, bildirməliyəm ki, son dövrlərdə aparılmış təhlillər onu göstərir ki, müdafiə sənayesi məhsulları iqtisadiyyatın ən aparıcı sahələrindən biri olmalıdır. Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin 30-a yaxın çıxışı oldu. Bu çıxışlara bir dəfədən çox, hətta, eləsi var idi ki, 4-5 dəfə qulaq asmışam və səsləndirilən məqamları diqqətdə saxlamışam. Cənab Prezident siyasət adamıdır və çıxışları siyasi kontekstdədir. Mən bir neçə çıxışda eyni məqamları analiz edib uyğunlaşdırmışam. Müharibə başlayandan qurtarana qədər o çıxışlarda diqqətimi çəkən məqamlardan biri bizim ermənilər üzərində qələbəmizi təmin edən texnologiyaların təkmilləşdirilməsi idi. Ermənistanın elə silahlarını məhv etmişik ki, o silahların məhv olunması haqqında düşünmək belə çətin idi.

Düşünürəm ki, müdafiə sənayesi üçün kadr hazırlığı və tədqiqatların aparılması ən önəmli məsələdir. AzTU-da mövcud olan “Nəqliyyat və logistika” kimi fakültələr müdafiə sənayesində bilavasitə önəm daşıyır. Müharibədə qələbə qazanmağımızın ən böyük səbəblərindən biri logistika sistemimizin düzgün qurulması idi. Məsələn, Ağdam əməliyyatında logistikanın üstünlüklərini çox aydın gördük. Müharibə ərəfəsində hər hansı bir formada silah çatışmazlığından tutmuş, əsgərin yemək çatışmazlığından kimi hər hansı bir problemi eşitmədik.

İndiki müharibələrin xarakterinə baxdıqda, logistika sistemi demək olar ki, qurula bilmir, amma biz müharibədə logistika və nəqliyyat sistemini qura bildik. AzTU Azərbaycanda logistika sahəsi üzrə fakültəsi olan yeganə universitetdir. AzTU-nun bu fakültəsinin hərbiyə istiqamətlənsin istəyirik.

Azərbaycan Texniki Universitetində mövcud olan “Metarulgiya və materialşünaslıq”, “Maşınqayırma və robototexnika” kimi fakültələrin müdafiə sənayesində yeri məlumdur. Robototexnikanın inkişafı bizim üçün önəmlidir. Pilotsuz uçuş aparatları, elektronika, energetika və avtomatika, informasiya texnologiyaları (İT), informasiya telekommunikasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik kimi sahələr müdafiə sənayesinin istiqamətləridir. Eyni zamanda bizim “İqtisadiyyat və idarəetmə” fakültəmiz də müdafiə sənayesi istiqamətinə yönəlib. Universitetin bütün potensialını müdafiə sənayesinə cəlb etmək istəyirik. İT sahəsində də müdafiə sənayesi texnologiyalarına ciddi dəstək verməyi hədəfləyirik. Dizayn məsələlərində, texnologiyaları yeniləmək məsələsində və bu istiqamətlərdə tədrisi mükəmməl vermək istəyirik. Məsələn, əlavə alternativ dərslər müəyyənləşdiririk və bu istiqamətdə “Kod Akademiya” (“Code Academy”) ilə əməkdaşlıq edirik. “Kod Akademiya”nın köməyi ilə həm də mühəndis qrafikası ilə bağlı işlər görürük.

Müəyyən proqram təminatlarından konfuqurasiyaların və prototiplərin hazırlanması istiqamətində hədəflərimiz böyükdür. Bütün potensialı bu istiqamətə yönəltmişik, eyni zamanda xarici universitetlərlə, daha çox Türkiyə universitetləri ilə ikili diplom əməkdaşlığını da həyata keçiririk. Müdafiə sənayesi istiqamətində tədqiqatlara Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti, Qəbzə Texniki Universitetini də cəlb etmişik. Eyni zamanda Türkiyənin Qazi Universiteti, Orta Doğu Texniki Universiteti, Ankara Universiteti, Boğaziçi Universiteti ilə çox ciddi əlaqələrimiz var və müdafiə sənayesinin inkişafı ilə əlaqədar kadr hazırlığı, tədqiqatların aparılması, innovativ texnologiyaların yaradılması ilə bağlı bütün imkanlarımızı ortaya qoyuruq.

Poliqon: Regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olan AzTU həm də müasir innovasiyalara uyğun islahatlar həyata keçirir, texnopark və inkubasiya mərkəzinin yaradılması istiqamətində işlər görür.

BSR 6413 — копияVilayət Vəliyev: Azərbaycanın müdafiə sənayesinin inkişafı ilə bağlı olan hədəflərimiz naminə qardaş Türkiyə Respublikasının gücündən istifadə edirik. Türkiyədəki universitetlər artıq dünya universitetlərinə inteqrasiya olunmuş universitetlərdir. Türkiyə universitetlərini geniş əraziləri, instsional strukturu, xeyli texnologiyaları və çoxlu imkanları var. Həmçinin xeyli sənaye bölgələri yaradılıb, texniparklar qurulub.

AzTU Türkiyədə sənaye bölgəsi sayılan Qəbzədə yerləşən və kifayət qədər imkanları olan Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzi ilə əməkdaşlıq edir. Mərmərə Araşdırmalar Mərkəzində AzTU nümayəndələrinin tədqiqat aparması, texnoparkdan, infrastrukturdan istifadə etməsi üçün yer verilib. Azərbaycanın müdafiə sənayesinin inkişafına istiqamətlənmiş texnoparkın yaradılması ilə bağlı Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi İdarəsi Başqanlığı (KOSGEB) və TÜBİTAK, eləcə də Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək vermək istəyir. Yaxın zamanlarda AzTU-nun müdafiə sənayesinin inkişafına yönəlmiş texnoparkı fəaliyyətə başlayacaq. Hazırda bununla bağlı bütün prosedurları həyata keçiririk.

Onu da xüsusilə bildirmək istəyirəm ki, Türkiyə üzərindən bəzi təcrübələri öyrənməyə ehtiyacımız var. Türkiyənin Boğaziçi Universiteti ilə bərabər proqram üzərində işləmiş və elektromobil və energetikanın inkişafı ilə bağlı layihə vermişik. Layihədə elektromobillərin müdafiə sənayesi istiqamətində istifadə olunması ilə bağlı yanaşmamız var. Türkiyə tərəfindən bizim verdiyimiz layihəyə çox böyük maraq var. Bu marağın bir tərəfi də layihəmizin müdafiə sənayesinin inkişafı ilə bağlı olmasıdır.

Bundan başqa, Türkiyədə birbaşa müdafiə sənayesi üçün yaradılmış “Texnopark İstanbul” ilə əməkdaşlığa başlamışıq. “Texnopark İstanbul”da Azərbaycan Texniki Universitetinə yer verilib, müəllim və tələbələrimizi qəbul etmək, texnoparkda işləyə bilmək üçün imkanlar yaradılıb. Bütün bunlar ciddi danışıqların və kifayət qədər uğurla aparılmış işlərin nəticələridir.

AzTU ailəsi olaraq Türkiyədə müdafiə sənayesinin mərkəzi sayılan Qəbzə bölgəsinə çox önəm veririk. Qəbzədə AzTU üçün texnopark qurulur. Bununla bağlı 1600 kvadrat metr ərazi ayırılıb, əlavə hardasa 2400 kvadrat metr ərazi də ayrılacaq. Bu mənada ölkə rəhbərimiz Prezident İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana çox minnətdaram ki, bu işləri görmək üçün bizə şərait yaradırlar. İki ölkənin rəhbərlərinin yaratdığı bu imkanlardan yüksək səviyyədə istifadə etməliyik. Mən özümü burada çox məsuliyyətli sayıram və düşünürəm ki, bu imkanları biz bir yerə gətirsək, çox ciddi işlər görmüş olacağıq.

Poliqon: TÜBİTAK ilə AzTU-nun əməkdaşlığına toxundunuz, birgə fəaliyyət proqramınız haqqında ətraflı məlumat verə bilərsinizmi?

Vilayət Vəliyev: TÜBİTAK Türkiyədə elmin tətbiqi, innovasiyaların inkişafı ilə bağlı çox ciddi addımlar atan böyük bir təşkilatdır. TÜBİTAK-ın Mərmərə Araşdırma Mərkəzində müdafiə sənayesi üçün həm texnologiyaların inkişafı, həm də kimya sənayesinin, pirotexnika və optotexnikanın inkişafı ilə bağlı ciddi sahələr var. Biz əslində reallıqda bu istiqamətdə olan işlərimizi orada daha çox formalaşdırmaq istəyirik.

TÜBİTAK-ın rəhbəri Hasan Mandal ilə hələ 2 il bundan əvvəl görüşmüş və AzTU haqqında kifayət qədər məlumat vermişik. Daha sonra TÜBİTAK Mərmərə Araşdırma Mərkəzində olduq. Burada bizə xeyli imkanlar yaradılıb. Mərkəzin nümayəndələri 2 dəfə bizim universitetdə olub. Mərkəzin rəhbərlərindən biri Osman Okur bəyin başçılıq etdiyi nümayəndə heyəti ilə daha çox müdafiə sənayesinin problemlərini müzakirə etmişik. Mərmərə Araşdırma Mərkəzində müdafiə sənayesi ilə bağlı ciddi işlər görülür. Bizim həmin Mərkəzlə işçi planımız və ayrıca proqramlarımız var. Hazırda Mərkəzlə çox ciddi proqram üzərində işləyirik.

Poliqon: Vilayət müəllim, AzTU-nun tərəfdaş olduğu Erasmus+KA2 proqramının UniClaD layihəsi barəsində oxucularımıza məlumat verə bilərsinizmi?

Vilayət Vəliyev: Son dövlərdə AzTU olaraq Erasmus+ KA2 kimi proqramlarla müntəzəm işləyirik. Nəqliyyat sektorunda belə bir proqramımız var idi, çox da uğrlu oldu. Böhran şəraitində nəqliyyat sektorunda risklərin idarə olunması ilə bağlı o layihə “e-Care” adlanırdı. Onunla bağlı artıq tələbə qəbulu elan edirik, çox da ciddi istiqamətdir. UniClaD layihəsində Litva, Polşa, Avstrliya, Macarıstan, İspaniya, Ukrayna və Moldova kimi tərəfdaş ölkələr iştirak edir. Layihəyinin əsas mərhələsi görülüb, hətta biz orda sinif otaqları ayırmışıq, avadanlıqlar alınıb. Layihə Azərbaycanın inkişafına çox ciddi tövhə verməkdədir. Ukraynada olan hadisələr görə layihənin icrasında səngimələr yaranıb.

Poliqon: Dövlət qurumları, xüsusilə güc strukturlarının tabeliyində olan təhsil müəssisələri ilə əməkdaşlıq necə qurulur? Birgə hansı fəaliyyətləriniz mövcuddur?

Vilayət Vəliyev: Azərbaycanın güc strukturlarının, onların universitetlərinin imkanları çox yaxşıdır. Güc strukturlarının universitetlərinin hamısında olmuşuq və ayrı-ayrı konfranslarda iştirak etmişik. Daxili İşlər Nazirliyinin Akademiyası ilə çox ciddi əlaqələrimiz var. O Akademiyada bizim müəllimlərimiz birgə dərslər keçirlər. Eyni zamanda biz son konfransda bir qərara gəldik ki, müdafiə sənayesi ilə bağlı vahid bir platforma formalaşdırmalıyıq. Bu istiqamət kadrların yetişdirilməsi, təqdiqatların aparılması və onların tələblərinin ödənilməsi ilə bağlıdı.

Süni intellekt və kibertəhlükəsizliklə bağlı hökumətin müəyyən qərarları var. Bu qərarlardan irəli gələrək Təhsil Nazirliyi komissiya formalaşdırıb. Komissiyada universitetimiz ən aparıcı universitetlərdən biridir. Süni intellekt və kibertəhlükəsizliklə bağlı müvafiq tədqiqat institutumuz formalaşdırılır. Bu istiqamətdə artıq bəzi ilkin hədəfləri müəyyənləşdirmişik. Fövqəladə Hallar Nazirliyinin universiteti və Gömrük Akademiyası ilə də ciddi əlaqələrimiz var. Yaxın vaxtlarda bir iş planının üzərində tədbirlər planına uyğun hərəkət edəcəyik.

Poliqon: AzTU yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. CDİO ailəsinə daxil olmaq AzTU-ya hansı imkanları yaradacaq?

Vilayət Vəliyev: Bizim qoşulduğumuz strategiya “öyrən, inkişaf etdir, yarat!” bizim üçün önəmlidir. Mühəndis bilik əldə etməli, biliyini inkişaf etdirməli, bacarığa çevirməli, nəsə bir şey yaradıb işlətməlidir. Bu ideya 70-ci illərin əvvəlində formalaşmağa başlayıb. Dünyanın bir çox universitetləri, o cümlədən AzTU da bu ailəyə qoşulub. CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə qoşulma prosesi ağırdır. AzTU-ya təyinat alanda ilk hədəfim CDİO ailəsinə üzv qəbul olunmağımız olub. Çünki, mühəndislərimizin bura yönəlmələri vacib idi. Bu gün universitetin tələbələri nə qədər işlə təmin olunur və yaxud da ki, iş şəraiti tələbələrimizi qəbul edirmi, bazar iştirakıları bizim tələbələri işə götürürlər, götürmürlər – mən bunları müzakirə etmək istəmirəm. Əsas məsələ budur ki, bazar iştirakçıları çox yüksək təhsilə malik, əldə etdiyi biliyi bacarığa çevirə bilən tələbələri istəyir ki, onlar gedib iş yerində vərdişə uyğunlaşa bilsinlər. Mənə elə gəlir ki, tələbələrimizə yüksək bilik vermək üçün yeganə yol bu ailəyə daxil olmaq idi. Əgər tələbə öyrətdiyimiz nəzəriyyəni həyata keçirə və özünü tapa bilmirsə, bu tələbənin əmək bazarında yeri olmayacaq. Bütün bunları nəzərə alıb 2 il bundan qabaq bu ailəyə qoşulmaq üçün müraciət etdik. CDİO ailəsinə qəbul olunanda özümüzü tərifləmədik. Qəbul prosesində onların xoşuna gələn özümüzün özümüzə olan rəyimiz idi.

Orada bir punkt var ki, özün özünün hesabatını, özün özünə rəy verirsən. Onlar rəyimizi oxudular və gördülər ki, biz bütün addımlarda univeristeti, tədris prosesini, müəllimlərimizi tam açıb göstəririk. Ondan sonra qiymətləndirdilər. Yekunda Azərbaycan Texniki Universitetindən 4-5 nəfər iştirak ediridik. AzTU regionda yeganə universitetdir ki, bu ailənin üzvü oldu. Bu bizə regionda avantaj verir. Hazırda CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsindən proqramlar götürürük. 4 proqramımızı bu istiqamətdə dəqiqləşdirməli, bu vərdişlərin əldə olunmasına qədər istifadə etməliyik.

Onu da qeyd edim ki, bu gün əmək bazarı əlavə çox şey tələb edir. Məsələn, “Boeing” şirkətinə qəbul olunan işçi yüksək səviyyədə biologiyanı, etikanı və s. bilməlidir. Biz də bu tələblərə uyğunlaşmalıyıq. Bu baxımdan maddi-texniki bazamızı qurmalıyıq, tədrisin keyfiyyətini artırmalı, lazımsız fənləri çıxarmalı və bu kimi məsələləri həyata keçirməliyik.

Poliqon: AzTU-nun prioritetlərindən biri də universitet-sənaye işbirliyinin gücləndirməsidir. Bu istiqamətdə bir sıra yerli və xarici şirkətlərlə, o cümlədən Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri ilə də əməkdaşlıq sazişləriniz var.

Vilayət Vəliyev: AzTU olaraq universitet-sənaye işbirliyinin həyata keçirilməsi ilə bağlı bir sıra işlər görmüşük. Builki müdafiələrdə, dissertasiya işlərinin yazılmasında çox ciddi irəliləyişlər olacaq. Planlaşdırmışıq ki, universitetdə magistr və doktorantura səviyyəsində dissertasiya, eləcə də buraxılış işləri birbaşa biznesin tələblərini ödəsin. Bu ildən 3-5 nəfərlik qrup şəklində dissertasiya işləri yerinə yetiriləcək. Bu mənfi vərdişlərdən uzaqlaşmağa təkan olacaq. Əlbəttə individual işlər də olacaq. İkinci bir tərəfdən, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi bizdən tələb edir ki, müdafiə sənayeyönümlü fakültədə oxuyan tələblər mütləq şəkildə müdafiə sənayesinə uyğun mövzu müdafiə etsinlər. Bu da universitet-sənaye işbirliyinin gücləndirilməsini, ciddi təlimlərin aparılmasını ortaya qoyur. Bu səbəbdən universitet-sənaye işbirliyi mərkəzi yaratmışıq. Eyni zamanda Türkiyə təcrübəsini öyrənirik. Türkiyənin ASELSAN şirkəti ilə AzTU arasında ilkin olaraq müqavilə bağlanıb. Bu yaxınlarda ASELSAN şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Haluk Görgün ilə uzun görüşümüz olub.

İkinci bir tərəfdən Türkiyənin TUSAŞ şirkəti ilə də bir proqramımız var. Proqram əsasında müqavilə bağlamışıq. Belə ki, hər il 3-4 ay müddətinə 20 tələbə TUSAŞ-a göndərilir. Şirkət azərbaycanlı tələbələrə orda işləmələri ilə yanaşı, maddi xərclərini də qarşılayır.

Hazırda AzTU ilə “Roketsan” şirkəti arasında əməkdaşlıq qurulması istiqamətində danışıqlar gedir. Yəqin yaxın zamanda ciddi bir müqaviləyə başlayacağıq. Bizim əsas hədəflərimizdən biri odur ki, bu istiqamətdə Türkiyə universitetləri, xüsusən də Yıldız Texniki Universiteti və İstanbul Texniki Universiteti ilə əməkdaşlıq edib, bu əməkdaşlığı üçlük çərçivəyə gətirək.

Poliqon: AzTU-nun kosmik sənayenin inkişafına yönəlik apardığı tədqiqatlar və bu sahədə həyata keçirilən layihlər barədə də danışardıq.

WhatsApp Image 2022 03 23 at 00.50.59Vilayət Vəliyev: AzTU-nun yeni “Radioelektron və aerokosmik sistemlər” fakültəsi Milli Avasiya Akademiyası ilə bərabər kosmik sənayesi sahəsində birgə işlər görmək istəyir. Çünki Milli Aviasiya Akademiyasının bu sahədə kifayət qədər təcrübəsi var. Bu istiqamətdə tədqiqata başlamaq üçün bu yaxınlarda bir görüş planlaşdırımışıq. Daha çox süni intellekti, kibertəhlükəsizliyi və enerji sistemlərinin yaradılması ilə bağlı işlər görmək istəyirik. Eyni zamanda bizim bu istiqamətdə bəlli hədəflərimiz var.

İkinci bir məsələ yeni nanomateriallarla bağlı işlərdir. Bununla bağlı bizdə xüsusi bir Labaratoriya Mərkəzi qurulub. Türkiyənin Ortadoğu Texniki Universitetinin professoru, həmyerlimiz Həmdulla Mehrabov Mərkəzin rəhbəri təyin olunub. Mərkəzə Türkiyənin İzmir Yüksək Texnologiyalar Universitetinin keçmiş rektoru, TUSAŞ-ın əsas icraçılarından olan Mustafa Güldən də Mərkəzimizdə çalışır. Bu iki alim dünya çapında kifayət qədər məşhur alimlərdilər. Mustafa bəy hazırda nanotexnologiyaların üzərindən materialların formalaşması ilə bağlı işlər görür. Mərkəz çox ciddi layihələr ortaya qoyacaq. Robortlaşma, xüsusilə də mexatronika ilə bağlı böyük hədəflərimiz var.

Yıldız Texniki Universiteti ilə də kosmik sənayesi sahəsində danışıqlar aparmışıq. Mexatronika və proseslərin avtomatlaşdırılması ixtisasları üzrə Yıldız Texniki Unuversiteti ilə ikili diplom layihəmiz var. Bu diplom layihəsini cari ildə həyata keçirəcəyik. Eyni zamanda İstanbul Texniki Universitetilə yeni materiallar üzrə yeni bir mərkəzdə – “AzərGold”da birləşəcəyik. Bununla yanaşı AzTU olaraq müdafiə sənayesinin inkişafı ilə bağlı kimya texnologiya fakültəmizi inkişaf etdirmək istəyirik. Bununla bağlı Qəbzə Texniki Universiteti ilə ikili diplom layihəsinə başlayırıq, bu yaxınlarda müqavilələr imzalanacaq. Energetika üzərindən batareyaların inkişafı, o istiqamətdə tədqiqatlarımız, hidrogen sənayesini tətbiqi ilə bağlı da layihələr düşünürük. Eləcə də süni intellekt, kibertəhlükəsizlik bizim əsas istiqamətlərimizdir. Onunla bağlı Ankara Universitetilə işlərimiz var.

Delegation Aserbaidschan 5778 — копияBundan başqa, bu il aprel ayının sonunda Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdə olduq. Səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzaladıq. Bu müqavilə AzTU ilə BTU arasında 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi idi. Bu sənəd hər iki ali təhsil müəssisəsi üçün faydalı olacaq, iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək. Bu istiqamətdə Almaniyanın digər universitetləri ilə də əməkdaşlığımız olacaq.

Poliqon: Vilayət müəllim, universitetiniz “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalının tərafdaşıdır. Festivala hazırlıqlarla bağlı nələri deyə bilərsiniz? Bu festival ilə əlaqədar AzTU qarşısında hansı vəzifələrin durduğunu bilmək istərdik?

Vilayət Vəliyev: Azərbaycan Texniki Universiteti TEKNOFEST-in tərfdaşı olaraq “TEKNOFEST Azərbaycan” festivalına 20-yə yaxın layihə verib. TEKNOFEST-də kosmik sənayenin inkişafı ilə bağlı Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbərliyi AzTU-da prezentasiya verib. Eyni zamanda TEKNOFEST-in icraçıları da universitetimizdə olub, treninqlər keçib. Artıq TEKNOFEST-lə bağlı bütün materialları təhvil almışıq. Festivalın idarə heyəti də formalaşıb və daimi olaraq bizimlə əlaqədədirlər. Bir sözlə, TEKNOFEST komandası Azərbaycanda bütün tədbirlərini AzTU-da keçirirlər.

“TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktarın “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq prosesində Azərbaycana səfəri çərçivəsində AzTU-nun rektorları ilə görüşü oldu. Bundan başqa, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “ASAN xidmət” tərəfindən bizim də iştirak etdiyimiz tədbirlər keçirildi.

AzTU əməkdaşları festival ilə bağlı üzərimizə düşən işləri yüksək səviyyədə yerinə yetirirlər. Bu festival üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə kifayət qədər yaxın işləyirik. Həmçinin, Türkiyənin ayrı-ayrı təşkilatları, əməkdaşlıq etdiyimiz bütün universitetləri ilə birgə çalışırıq. Eyni zamanda, AzTU-da şəhid övladlarını TEKNOFEST-ə hazırlamaq üçün iki kursumuz təşkil olunub.

Poliqon: “Teknofest Azərbaycan” festivalından gözləntiləriniz nələrdi?

Vilayət Vəliyev: TEKNOFEST-in ortaya qoyacağı məqamlardan biri gənclərimizin müdafiə sənayesinə, aerokosmik sistemlərə, ümumiyyətlə innovasiyalara marağını artıracaq. Burda söhbət hansısa pilotsuz uçuş aparalarından getmir, texnologiyaların bütün sektorlarında inkişafdan gedir. Sənaye istiqamətində gənclərdə təfəkkür formalaşacaq, kütləvililik təmin olunacaq. TEKNOFEST-ə təqdim etdiyimiz layihələrin uğurlu olub-olmayacağını deyə bilmərəm. Burada gəncliyin həvəsi var, müəllimlərimizin bu gəncliyə dəstəyi var.

TEKNOFEST həm də Türkiyə və Azərbaycandakı elm və təhsil məkəzləri arasında körpülər yaradacaq. Biznes imkanlarını müəyyən mənada təkmilləşdirəcək. Bugünkü reallıqlar onu göstərir ki, bu istiqamətdə böyük biznes imkanları olacaq.

Poliqon: Cənab rektor, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

Vilayət Vəliyev: Əlavə etmək istədiyim fikirlər tədrisin keyfiyyəti ilə bağlıdır. Tədrisin keyfiyyəti yaxşı olmalıdır. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması dediyim, müəllim hazırlığının yüksək səviyyədə olması və tələbələr üçün yaxşı tədrisin aparılmasından gedir. Hökumət kifayət qədər imkanlar yardır. Biz bu universitetləri Azərbaycanda biznesin bir parçasına çevirməliyik. Danışıqlarımızın mahiyyəti odur ki, universiteti bitirən tələbə özünə iş tapa biləcəkmi, yaxud da bizim bu tədqiqatımızın bir nəticəsi olacaqmı? Məsələ budur.

Universitetlər daimi olaraq əmək bazarının tələblərini ödəmək üçün texniki peşə təhsilini davamlı dəstəkləməlidirlər. Universitetdə daimi olaraq vəziyyət dəyişir, bəzi ixtisaslar yox olur, yerinə bir qrup ixtisaslar gəlir. Təbii ki, müəllimlər də ya ixtisasların tələblərinə uyğunlaşmalı, ya da əvəzlənməlidir. Universitetimiz müəllimləri ixtisasların tələblərinə uyğun hazırlaya bilir. Bəzən 60 yaşında olan müəllimlər yeni ixtisaslarda daha uğurlu ola bilirlər.

Sözsüz ki, bütün işsizlərin tələbini Təhsil Nazirliyinin peşə məktəbləri ödəyə bilməz. Universitetlər də bu işdə aktiv olmalıdır. Universitetlər əməkdaşlarının, tələbələrinin əmək bazarına qoşulmaları üçün texniki peşə təhsilini artırmalı, bu istiqamətdə təcrübələri öyrənməlidir.

Poliqon: Cənab rektor, maraqlı müsahibə üçün təşəkkür edirik!

Poliqon jurnalı №2 (58) Mart-Aprel 2022

CATEGORIES
TAGS