Rəşad Süleymanov – Azərbaycan hərbi mətbuatının yaddaşında əbədi yaşayan ad

Bu gün “Poliqon” (“AzerDefence”) müdafiə və aerokosmik texnologiyalar jurnalının mərhum təsisçisi və baş redaktoru Rəşad Süleymanovun doğum günüdür. 2020-ci il dekabrın 15-də 38 yaşında COVID-19-a yoluxaraq vəfat edən hərbi jurnalistin yaşasaydı bu gün 44 yaşı tamam olacaqdı.
Rəşad Süleymanov 1982-ci ildə Füzuli rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra 1999-2003-cü illərdə müxtəlif media orqanları ilə əməkdaşlıq edib. Onun daimi iş fəaliyyəti ilk dəfə “Həftə içi” qəzetində başlayıb. Daha sonra “525-ci qəzet”, APA İnformasiya Agentliyi və digər media qurumlarında çalışan jurnalist 2012-ci ildən təsisçisi olduğu “Azeri Defence” (POLİQON) jurnalında baş redaktor kimi fəaliyyət göstərib.
Azərbaycan mətbuatının inkişafında xüsusi rolu olan Rəşad Süleymanov 44 günlük Vətən müharibəsi dövründə hərbi jurnalist və ekspert kimi cəmiyyətin operativ məlumatlandırılmasında və ictimai rəyin düzgün formalaşmasında böyük səylə çalışıb.
Hərbi texnologiyalar sahəsini dərindən bilən Rəşad Süleymanov Azərbaycanın regional və dost ölkələrlə, xüsusilə də Azərbaycan-Türkiyə müdafiə sənayesi əməkdaşlığının işıqlandırılmasına və inkişafına mühüm töhfələr verib.
38 yaşında koronavirusa yoluxaraq dünyasını dəyişən jurnalist 2020-ci il dekabrın 15-də vəfat edib.
Rəşad Süleymanov ölümündən sonra 2020-ci ildə Vətən müharibəsi zamanı arxa cəbhədəki fəaliyyətinə görə “Xarıbülbül” mükafatına, 2021-ci ildə isə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına layiq görülüb.
2021-ci ilin aprelində onun xatirəsinə hərbi jurnalist Anar Şuşalı tərəfindən “Rəşad xatirələrdə” adlı sənədli film hazırlanıb. Film jurnalistin həyat yolunu və yaradıcılığını əhatə edərək televiziya vasitəsilə geniş auditoriyaya təqdim olunub.
Rəşad Süleymanovun təhsil aldığı Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində adına sinif otağı yaradılıb, həmçinin fəaliyyətini əks etdirən xüsusi guşə təşkil edilib.
2023-cü ildə “Poliqon” jurnalının təsisçisi və baş redaktoru olmuş Rəşad Süleymanovun xatirəsinin yaşadılması və hərbi jurnalistika sahəsində çalışan jurnalistlərin əməyinin dəyərləndirilməsi məqsədilə “POLIQON JURNALI” MMC tərəfindən “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis olunub.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü ilə bu mükafat ilk dəfə 2023-cü il iyulun 18-də, Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, onlayn media, qəzet və informasiya agentliklərində hərbi sahədə çalışan bir sıra jurnalistlərə təqdim edilib.




