“Rheinmetall” adı açıqlanmayan ölkəyə PzH 2000 ÖAQ-ın L52 lülələrini tədarük edəcək
Almaniyanın “Rheinmetall” şirkəti adı açıqlanmayan Avropa ölkəsinin PzH 2000 (“Panzerhaubitze 2000”) özüyeriyən artilleriya qurğuları (ÖAQ) üçün “Krauss-Maffei Wegmann” (KMW) konserninə 155 mm-lik L52 lülələri tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən bildirir ki, L52 lülələri 2024-2029-cu illərdə KMW konserninə təhvil veriləcək.
Qeyd edək ki, 1990-cı illərin sonlarında etibarən “Krauss-Maffei Wegmann” tərəfindən seriyalı istehsal edilən PzH 2000 özüyeriyən haubitsanın silahlanmasına 155 mm-lik L52 topu və 7.62 mm çaplı MG3 pulemyotu daxildir.
PzH 2000 özüyeriyən haubitsa naviqasiya, avtomatlaşdırılmış atəşi idarəetmə, avtomatik doldurma, kütləvi qırğın silahlarından mühafizə, yanğın aşkaretmə və avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunub.
Döyüş kütləsi 55.3 ton olan PzH 2000 özüyeriyən haubitsa 30-50 km-ə qədər məsafədə 9 saniyə ərzində 3 atəş və ya 56 saniyəyə 10 atəş açmaq imkanına qadirdir.