
Almaniyanın “Rheinmetall” şirkəti Böyük Britaniya Ordusunun RCH 155 özüyeriyən artilleriya qurğuları (ÖAQ) üçün silah sistemlərini tədarük edəcək.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı dəyəri yüz milyonlarla avro səviyyəsində olan müqavilə imzalanıb.
Hazırda Almaniya və Böyük Britaniya birlikdə 155 mm-lik L/52 RC silah sisteminin kvalifikasiya sınaqlarını həyata keçirirlər. Sınaqların uğurla başa çatmasından sonra “Rheinmetall” 72 ədəd silah sistemi və bort alətlərini tədarük edəcək.
Qeyd edək ki, RCH 155 ÖAQ-ları “KNDS Deutschland” və “Rheinmetall” birgə müəssisəsi olan “ARTEC GmbH” tərəfindən istehsal edilir. Bu ilin may ayında Britaniya Ordusu adından Silahlanma üzrə Birgə Əməkdaşlıq Təşkilatı 72 ədəd RCH 155-in tədarükü üçün “ARTEC GmbH” şirkətinə 1 milyard funt sterlinq dəyərində sifariş verib. Sifariş üzrə ilk tədarüklərin 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.




