“Rheinmetall” konserni yeni “Panther KF51” tankını təqdim edib

“Rheinmetall” konserni yeni “Panther KF51” tankını təqdim edib

Almaniyanın “Rheinmetall” konserni Fransada keçirilən “Eurosatory-2022” silah sərgisində yeni innovativ tankını rəsmən nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, “Rheinmetall” konserninin baş direktoru Armin Papperger “Leopard 2” tankının varisi sayılan yeni “Panther KF51” tankını təqdim edib.

Bildirilib ki, “Panther KF51” tankı “Rheinmetall” konserninin zirehli döyüş maşınları ailəsinin ən yeni üzvüdür.

Qeyd edək ki, KF “Kettenfahrzeug” söz birləşməsinin qısaltmasıdır və açıqlandıqda “Panther Tırtıllı Maşını 51” mənasını verir.

KF51 tankı, çəkisi 59 ton olan “Leopard 2” tankının mobillik konsepsiyasına əsaslanır. İstisna olunmur ki, tank 2035-ci ildən başlayaraq “Leopard 2” və “Leclerc” tanklarının dəyişdirilməsinə yönəlmiş Almaniya-Fransa MGCS proqramının bir hissəsidir.

KF51 tankının əsas silahı 130 mm-lik hamar lüləli topdur. Bundan başqa, uzun mənzilli və hətta çoxsaylı hədəflər üçün cəmlənmiş atəş gücü təmin etməkdən ötrü əlavə silahlar da mövcuddur. Tank 20 atəş yığımı üçün nəzərdə tutulmuş doldurma avtomatı ilə də təchiz edilib.

Top kinetik enerjili mərmilərlə, həmçinin proqramlaşdırıla bilən hava partlayışı sursatları ilə atəş apara bilir.

12,7 mm-lik qoşalaşdırılmış pulemyot 130 mm-lik topu tamamlayır. Tanka bir neçə variantda hazırlanan məsafədən idarə olunan döyüş modullarının inteqrasiyası pilotsuz uçuş aparatlarından müdafiədə çevikliyi təmin edir. Tank qülləsində 7,62 mm-lik pulemyotu olan NATTER döyüş modulu quraşdırılıb.

Qülləyə “Rheinmetall” konserninin partnyoru olan “UVision” şirkətinin istehsalı “HERO 120” süzən sursatının inteqrasiyası da mümkündür. Bu, KF51 tankının düzünə görmə mənzilindən kənar hədəfləri vurma qabiliyyətini artırır.

“Panther KF51” tankı aktiv, reaktiv və passiv mühafizə texnologiyalarını özündə birləşdirən tam inteqrasiya olunmuş müdafiə konsepsiyasına malikdir. Bununla yanaşı, onun rəqəmsal arxitekturası düşmən mərmilərinin atılmasına dair izləri aşkar etmək üçün əlavə sensorların inteqrasiyasına imkan verir. Buraxma (atəş) yerlərini aşkar etmək qabiliyyəti sayəsində KF51 tankı təhlükələri ilkin mərhələdə aşkar edib zərərsizləşdirə bilir.

Tank “Rheinmetall” konserni tərəfindən istehsal olunan yuxarıdan hücumlara qarşı müdafiə sistemi və tüstü qumbaraları buraxmaq üçün ROSY sistemi ilə təchiz edilib.

Gərgin elektromaqnit mühitində işləmək üçün nəzərdə tutulmuş KF51 tankının kibertəhlükələrdən tamamilə qorunduğu bildirilir.

Tank üç nəfərdən ibarət heyət üçün nəzərdə tutulub: komandir və tuşlayıcı – qüllədə, mexanik-sürücü – idarəetmə bölməsində yerləşir. Əlavə sistemlərin operatoru və ya bölmə komandiri üçün əlavə iş yeri də var.

Gələcəkdə pilotsuz qüllələrə və ya tam məsafədən idarə olunma xüsusiyyətlərinə malik KF51 tankının variantlarının da hazırlanması planlaşdırılır.

SEOSS2 panoramik optik sensoru və EMES əsas döyüş nişangahı sayəsində komandir və tuşlayıcı həm gündüz, həm də gecə bir-birindən asılı olmayaraq hədəfləri müşahidə edə və vura bilir.

Bundan başqa, döyüş bölməsindəki monitor vasitəsilə heyət tankın ətrafını gecə-gündüz 360 dərəcə görünüş sahəsində müşahidə edə bilir.

İnteqrasiya edilmiş hava kəşfiyyatı pilotsuz uçuş aparatları isə heyətin vəziyyətlə bağlı məlumatlılığını artırır.

https://m.youtube.com/watch?v=fTBA5tQsDbE&feature=emb_title

NATTER doyus modulu

NATTER döyüş modulu

Panther KF51 tankinin 130 mm lik topu

“Panther KF51” tankının 130 mm-lik topu

Panther KF51 tankinin nisangahlari və dronlari buraxma sistemi

“Panther KF51” tankının idarəetmə paneli və müşahidə monitorları

Panther KF51

“Panther KF51” tankı

Tustu qumbaralari buraxmaq ucun ROSY sistemi

Tüstü qumbaraları buraxmaq üçün ROSY sistemi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS