DünyaXəbərlər

“Rheinmetall” Rumıniyadan böyük həcmli müdafiə sifarişi alıb

Almaniyanın “Rheinmetall” şirkəti son illərin ən böyük beynəlxalq müqavilə paketini əldə edib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, Rumıniya hökuməti şirkətə döyüş texnikalarının, hava hücumundan müdafiə (HHM) sistemlərinin, sursatların və hərbi gəmilərin istehsalını əhatə edən genişmiqyaslı müdafiə layihələrinin icrasını həvalə edib.

Müqavilələr paketi 29 may 2026-cı ildə Rumıniyanın Silahlanma Baş İdarəsi tərəfindən Avropa İttifaqının “Security Action for Europe” (SAFE) proqramı çərçivəsində təqdim olunub.

Ümumi dəyəri 5,7 milyard avro olan müqavilələr artıq imzalanıb. Sifarişlərin icrası üçün “Rheinmetall” Rumıniyadakı mövcud istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, eyni zamanda texnologiya transferini həyata keçirəcək. Layihələr üzrə əlavə dəyərin böyük hissəsi Rumıniyada formalaşdırılacaq.

Çatdırılmaların 2028-ci ildə başlanması və 2030-cu ildə tamamlanması planlaşdırılır.

Sifariş çərçivəsində Rumıniya Silahlı Qüvvələri üçün 298 ədəd yeni nəsil “Lynx” platforması istehsal ediləcək. Bu platformaların əksəriyyəti piyada döyüş maşını olacaq, həmçinin minaatan daşıyıcısı, komanda-idarəetmə və tibbi təxliyə variantları da tədarük ediləcək.

Bununla yanaşı, “Lynx” platforması əsasında yaradılmış “Skyranger” hava hücumundan müdafiə sistemləri də Rumıniyaya veriləcək. Bu sistemlər xidmətə qəbul edilənədək “Rheinmetall” hazırda istifadə olunan “Gepard” zenit-artilleriya komplekslərinin istismarını təmin edəcək.

Sifariş paketinə həmçinin hava hücumundan müdafiə sistemləri və zirehli texnikalar üçün orta kalibrli sursatların istehsalı, iki ədəd dəniz patrul gəmisi və iki ədəd dalğıc dəstək gəmisinin inşası daxildir. Gəmilər “Rheinmetall”ın “Naval Systems” bölməsinin layihələri əsasında hazırlanacaq.

“Rheinmetall” layihələrin icrası çərçivəsində Rumıniyaya yüz milyonlarla avro investisiya yatırmağı planlaşdırır. Bunun minlərlə yeni iş yerinin yaradılmasına səbəb olacağı gözlənilir. Eyni zamanda, təchizat zəncirinə 200-dən çox subpodratçı müəssisə cəlb olunacaq.

Back to top button