“Rheinmetall” şirkəti “Lynx” PDM-nin ilk partiyasını sifarişçiyə çatdırıb

Almaniyanın “Rheinmetall” şirkəti “Lynx” piyada döyüş maşınının (PDM) ilk partiyasını Macarıstan Ordusuna təhvil verib.
“Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verir ki, keçirilən mərasimlə Macarıstan Ordusuna bir ədəd “Lynx” PDM-i təhvil olunub.
Bildirilib ki, həm NATO, həm də Avropa Birliyi ölkəsi olan Macarıstan “Lynx” PDM-lərinin ilk xarici sifarişçisi və istifadəçisidir. Bununla bağlı 2020-ci ilin sentyabrında şirkət və Macarıstanın Müdafiə Nazirliyi arasında dəyəri 2 milyard avrodan çox olan müqavilə imzalanıb.
Müqaviləyə əsasən “Rheinmetall” şirkəti tərəfindən Macarıstan Ordusuna 209 ədəd “Lynx” PDM-nin, 9 ədəd “Buffalo” zirehli təmir-təxliyyə və 16 ədəd yük maşınının tədarük edilməsi planlaşdırılıb. Həmçinin müqavilədə simulyatorlar, təlim, ehtiyat hissələrin çatdırılması, logistika və texniki dəstək xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, müqavilənin ilk mərhələsində Macarıstan Ordusuna 2023-cü ilin əvvəlinə qədər 46 ədəd “Lynx” PDM-i təhvil veriləcək və bunlar Almaniyada istehsal olunacaq. Növbəti mərhələdə isə 172 ədəd “Lynx” təhvil veriləcək ki, bunlarda Macarıstanda istehsal ediləcək. Bunun üçün 2020-ci ilin avqustunda “Rheinmetall” və Macarıstanın Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.




