
ROKETSAN 5000-dən çox MAM ağıllı sursatı istehsal edib
Türkiyənin ROKETSAN şirkəti bu günə qədər 5000 ədəddən çox MAM-L və MAM-C ağıllı sursatı istehsal edərək sifarişçilərə təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə NTV televiziya kanalında canlı yayına qatılan ROKETSAN şirkətinin baş direktoru Murad İkinci bildirib.
Murad İkinci həmçinin, yaxın zamanlarda MAM (Mini Ağıllı Sursat) ailəsinin yeni üzvü olan MAM-T ağıllı sursatının AKINCI pilotsuz uçuş aparatı (PUA) ilə bərabər bu ilin ikinci yarısında Türkiyə Silahlı Qüvvələrinin inventarına girəcəyini qeyd edib.
Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilər.
Yüksək dəqiqliyə malik yeni ağıllı sursat yarı aktiv lazer arayıcı başlıq ilə təchiz edilib.
Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T, 30 km-dən artıq mənzilə sahibdir. MAM-T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib.
Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı sayəsində su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür.