ROKETSAN Avropa və NATO ölkələrinə ixracatını artırmağı hədəfləyir

ROKETSAN Avropa və NATO ölkələrinə ixracatını artırmağı hədəfləyir

Türkiyənin ROKETSAN şirkəti döyüş meydanında özünü sübut etmiş məhsullarını 22-24 may tarixlərində Rumıniyada keçirilən BSDA-2024 sərgisində nümayiş etdirir.

ROKETSAN-dan “Poliqon”a verilən məlumata görə, Cənub-Şərqi Avropanın ən mühüm müdafiə sənayesi sərgilərindən biri olan BSDA-2024-də ROKETSAN NATO standartlarına uyğun yeni nəsil texnologiya malik məhsulları ilə iştirak edir.

Bildirilib ki, Avropa və NATO ölkələrindən çoxlu nümayəndə heyətinin iştirak etdiyi sərgiyə güclü heyətlə qatılan ROKETSAN BSDA 2024-də keçirəcəyi görüşlərlə bölgəyə ixracatını artırmağı hədəfləyir.

Sərgi ilə bağlı fikirlərini bölüşən ROKETSAN-ın baş direktoru Murat İkinci, Türkiyə və Rumıniyanın həm Qara dəniz qonşusu, həm də iki NATO müttəfiqi olduğuna diqqət çəkib.

“Bu gün Asiyadan Amerikaya, Yaxın Şərqdən Avropaya qədər dünyanın bir çox yerinə ixrac etdiyimiz məhsullarımızla ölkəmizi qürurla təmsil edirik. NATO standartlarına uyğun olaraq hazırladığımız hər cür ehtiyaca aid geniş məhsul portfelimizi dost və müttəfiq ölkələrə təqdim etməkdən ötrü qatıldığımız  BSDA-2024-ün bizim üçün məhsuldar sərgi olacağına inanıram”, – deyə M.İkinci qeyd edib.

BSDA-2024 sərgisində ROKETSAN stendində aşağıdakı məhsullar nümayiş olunur:

  • MAM-C, MAM-L və MAM-T mini ağıllı sursatları;
  • KARAOK qısa mənzilli tank əleyhinə raket kompleksi;
  • OMTAS orta mənzilli tank əleyhinə raket kompleksi;
  • L-UMTAS lazer tuşlamalı uzun mənzilli tank əleyhinə raket kompleksi;
  • “Sungur” daşınan zenit-raket kompleksi (DZRK);
  • “Siper” uzun mənzilli zenit-raket sistemi (ZRS);
  • “Çakır” qanadlı raketi;
  • “Yer-yer” tipli TRLG-122 və TRLG-230 ballistik raketləri.
CATEGORIES
TAGS