
“Roketsan” IDEF-2025-də müdafiə sənayesi sahəsində strateji müqavilələrə imza atıb
“Roketsan” şirkəti IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində həm yerli, həm də xarici müdafiə sənayesi iştirakçıları ilə yeni strateji əməkdaşlıqlara imza atıb.
“Poliqon” xəbər verir ki, sərgidə innovativ məhsulları və sahədə uğuru sübut edilmiş sistemləri ilə böyük maraq doğuran “Roketsan”, tədbirin ən çox diqqət çəkən şirkətlərindən biri olub.
Belə ki, şirkət, sərginin ilk iki günü ərzində təşkil edilən imza mərasimlərində məhsul tədarüklərini və yeni layihələri əhatə edən mühüm müqavilələri reallaşdırıb.
“Roketsan”, Azərbaycanla müdafiə sahəsindəki strateji tərəfdaşlığını bir addım irəli apararaq, artilleriya sistemləri sahəsində yeni bir əməkdaşlıq protokoluna imza atıb. Protokolu Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və “Roketsan” İdarə Heyətinin sədri Faruk Yiğit imzalayıblar.
IDEF-2025-də təqdim olunan GÖKBORA görüş məsafəsindən kənar “hava-hava” raket layihəsinə dair inkişaf müqaviləsi də Türkiyənin Müdafiə Sənayesi Komitəsi ilə “Roketsan” arasında imzalanıb. Bu müqaviləyə müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün və “Roketsan”ın baş direktoru Murat İkinci imza atıb.
Pilotlu və pilotsuz döyüş təyyarələrində istifadə olunacaq GÖKBORA-nın 100 dəniz milindən çox məsafəyə malik olması və yüksək dəqiqliklə hədəfi vurmaq qabiliyyəti sayəsində Hərbi Hava Qüvvələrinin yeni zərbə gücü olması planlaşdırılır.
Layihə çərçivəsində əlavə olaraq RF axtarıcı başlıq və raket üzərindən məlumat ötürmə alt sistemlərinin inkişaf etdirilməsi üçün “Roketsan” ilə ASELSAN arasında da bir müqavilə imzalanıb.
Həmçinin “Roketsan” ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında daha iki əhəmiyyətli müqavilə də imzalanıb:
- Birləşmiş Raket/Raket Sistemi layihəsi müqaviləsi;
- TRLG-122 raket sisteminin tədarükü üzrə əməkdaşlıq protokolu.
Bu müqavilələr Türkiyənin müdafiə imkanlarını daha da inkişaf etdirəcək kritik sistemlərin hazırlanmasını və tədarükünü hədəfləyir.
Bundan əlavə, “Roketsan” və “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətləri arasında müxtəlif layihələrdə istifadə olunmaq üçün yanacaq çubuğu tədarükünə dair müqavilə imzalanıb. Müqaviləyə “Roketsan”ın baş direktoru Murat İkinci və MKE-nin baş direktoru İlhami Keleş imza atıblar.
“Roketsan”, müdafiə və texnologiya sahəsində yeni təşəbbüslərin dəstəklənməsi məqsədilə “Teknopark İstanbul” ilə də yeni bir protokola imza atıb. “İnkubasiya Mərkəzi Fokuslu Korporativ Əməkdaşlıq Protokolu” “Roketsan”ın baş direktoru Murat İkinci və “Teknopark İstanbul”un baş direktoru Abdurrahman Akyol tərəfindən imzalanıb.
Sözügedən əməkdaşlıq çərçivəsində innovativ ideyaların kommersiyalaşdırılması, təşəbbüslərin dəstəklənməsi və müdafiə ekosisteminə qazandırılması hədəflənir.