“Roketsan” “Levent” HHM sistemini IDEX-2023-də ilk dəfə sərgiləyir – FOTOLAR

“Roketsan” “Levent” HHM sistemini IDEX-2023-də ilk dəfə sərgiləyir – FOTOLAR

Türkiyənin “Roketsan” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən IDEX-2023 sərgisində özünün yeni və qabaqcıl məhsullarını nümayiş etdiririr.

“Poliqon” xəbər verir ki, nümayiş olunan məshulların sırasında “Levent”, “Sungur” hava hücumundan müdafiə sistemləri (HHM), “Çakır” qanadlı raketi, MAM mini ağıllı sursat ailəsi, TRG-300, TRLG-230 raketləri və digər raket sistemləri yer alıb.

Bunlar arasında xüsusilə “Levent” qısa mənzilli hava hücumundan müdafiə (HHM) sistemi sərgidə ziyarətçilər tərəfindən maraqla qarşılanıb. “Roketsan”ın yeni məhsulu olan “Levent” ilk dəfə Türkiyədə keçirilən IDEF-2021 sərgisində təqdim olunub. Həmçinin, IDEX-2023-də də ilk dəfədir ki, nümayiş etdirilir.

Əsasən dəniz platformalarına, suüstü gəmilərə yaxın hava təhlükəsizliyi təmin edəcək “Levent” Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. “Roketsan” şirkəti onun inkişaf etdirilməsində “Sungur” və “Hisar” HHM sistemlərindən qazanılan təcrübədən istifadə edib.

“Levent” HHM sistemi hava hücumundan müdafiə layihələri çərçivəsində inkişaf etdirilən sensor texnologiyaları (axtarış başlığı, RF sensorları və s.) ilə təchiz olunub. O, “Sungur” raketlərindən başqa, digər yaxın hava hücumundan müdafiə raketlərini də atacaq infrastruktura malikdir. Beləliklə “Levent” istifadəçiyə fərqli raketləri tək silah sistemi vasitəsilə atmaq imkanı verir.

Gəmilərin döyüş idarəetmə sisteminə tam inteqrasiya oluna bilən “Levent” “Təhlükələrin Qiymətləndirilməsi və Silahların Yerləşdirilməsi Alqoritmi”nə sahib avtomatik atəş rejminə, atdın-unutdun xüsusiyyətinə, RF passiv sensora, infraqırmızı arayıcı başlıq texnologiyasına malikdir. HHM sistemi istifadəçini 360 dərəcə atış qabiliyyəti və tez reaksiya vermək bacarığı ilə təmin edir.

Sistemin əsas üstünlüklərindən biri onun mexaniki, yarı avtomatik və tam avtomatik işləmə rejmlərinə sahib olmasıdır.

Qeyd edək ki, “Levent” ilkin olaraq “Türk Tipi Hücum Botu” (TTHB) layihəsi çərçivəsində Türkiyə HDQ üçün STM şirkəti tərəfindən inşa olunacaq katerlərə quraşdırılaraq istifadə olunmağa başlanacaq.

Poliqon.az

CATEGORIES
TAGS