“Roketsan” MİLDAS sistemindən “Hisar-RF” raketinin atışını keçirəcək

“Roketsan” MİLDAS sistemindən “Hisar-RF” raketinin atışını keçirəcək

Türkiyənin “Roketsan” şirkəti milli şaquli raket buraxma sistemindən (MİLDAS) “Hisar-RF” aktiv radiolokasiya özütuşlanan başlıqlı raketin atış sınaqlarını keçirəcək.

“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, “Roketsan” şirkəti MİLDAS-ın “Hisar-RF” raketi ilə qurudan atış sınaqlarına cari ildə başlamağı planlaşdırıb. Sınaqlar uğurlu başa çatarsa, MİLDAS ilə “Hisar-RF” kombinasiyası TCG İSTANBUL freqatında istifadə ediləcək.

Tikintisi və avadanlıq inteqrasiyası davam edən ilk İSTİF sinif TCG İSTANBUL freqatı (F-515) 2023-cü ildə istifadəyə veriləcək.

Məlumat üçün qeyd edək ki, Türkiyə MİLGEM layihəsinin birinci mərhələsi çərçivəsində 4 ədəd ADA sinif korvet inşa edərək istifadəyə verib. MİLGEM-in ikinci mərhələsində isə TCG İSTANBUL freqatının da daxil olduğu 4 ədəd İSTİF sinifli freqatım inşa edilməsi planlaşdırılıb.

İSTİF sinifli freqatlar ADA sinifli korvetlərdən fərqli olaraq, şaquli raket buraxma sistemi və orta/uzaq mənzilli hava hücumundan müdafiə raketləri ilə təchiz ediləcək.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) uzun illərdir istifadə etdiyi Mk-41 şaquli raket buraxma sisteminin (VLS) tədarükü üçün ABŞ-a müraciət edib. ABŞ tərəfi İSTİF sinifli freqatlarda istifadəsi nəzərdə tutulan Mk-41 VLS-nin tədaükünə icazə verməyib və Türkiyəyə embarqo tətbiq edib. Bu kimi səbəblərdən dolayı “Roketsan” şirkəti bir müddətdir ki, həyata keçirdiyi MİLDAS layihəsinin sürətləndirilməsinə qərar verib. 

“Roketsan” MİLDAS-a son mərhələdə “Quad-Pack” qabiliyyəti qazandırmağı planlaşdırıb. Bu qabiliyyət sayəsində İSTİF sinif freqatları 16 hücrəli şaquli raket buraxma sisteminə sahib olacaq. MİLDAS şaquli raket buraxma sisteminin “Quad-Pack” qabiliyyətinə sahib olması nəticəsində hər bir hücrə 4 ədəd zenit idarəolunan raket (ZİR) ilə təchiz edilməklə, ümumilikdə 64 ədəd ZİR-ə sahib olacaq. Burada istifadə olunan zenit idarəolunan raketin ölçüsü də böyük əhəmiyyət kəsb edir. Hazırda Türkiyə HDQ-nin Mk-41 VLS ilə ESSM kombinasiyasına malik BARBAROS və GABYA sinif freqatları bu qabiliyyətə malikdir.

MİLDAS-ın zamanla yeni konfiqurasiyalarının inkişaf etdirməsi və çoxlu sayda raket atma qabiliyyətinə nail olması hədəflənib.

Poliqon.az

CATEGORIES
TAGS