“Roketsan” yeni ixracatlarla Azərbaycanın müdafiəsinə olan dəstəyini artırmağa hazırlaşır

“Roketsan” yeni ixracatlarla Azərbaycanın müdafiəsinə olan dəstəyini artırmağa hazırlaşır

Türkiyənin “Roketsan” şirkəti Qətərin paytaxtı Dohada keçirilən DIMDEX 2024 beynəlxalq müdafiə sərgisində özünün qabaqcıl məhsullarını nümayiş etdirir.

“Roketsan”dan “Poliqon”a verilən məlumata görə, sərgidə bir çox yüksək səviyyəli hərbi nümayəndə heyəti və rəsmilər şirkət stendini ziyarət edir.

Bildirilib ki, “Roketsan”ın baş direktoru Murat İkincinin də iştirak etdiyi sərgidə Azərbaycan Müdafiə Nazirliyinin rəsmiləri ilə yeni əməkdaşlıqlar barədə müsbət müzakirələr aparılıb. Ötən dövrdə Azərbaycana etdiyi ixracatlarla ölkənin etibarlı tərəfdaşına çevrilən “Roketsan”, yeni ixracatlarlarla da Azərbaycanın müdafiəsinə olan dəstəyini artırmağa hazırlaşır.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin hər sahədə müsbət şəkildə irəlilədiyini söyləyən “Roketsanın” baş direktoru, bunun müdafiə sənayesində də özünü göstərdiyini vurğulayıb: “Özünü əməliyyat meydanında dəfələrlə sübut etmiş və performansı ilə rəqiblərindən fərqlənən məhsullarımız Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsində də mühüm rol oynayıb. İndi biz yeni əməkdaşlıqlar üçün yelkən açırıq.

DIMDEX sərgisində qardaş ölkə Azərbaycan ilə görüşlərimizdən sonra müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlara imza atmaq barədə razılığa gəldik. “Roketsan”ın yüksək texnologiyalı məhsulları dünən olduğu kimi bu gün də, sabah da Azərbaycanı və Azərbaycan Silahlı Qüvvələrini gücləndirməyə davam edəcək. Türkiyə və “Roketsan” olaraq Azərbaycana hər cür imkan və dəstəyi verməyə davam edəcəyik”.

“Roketsan” şirkətinin DIMDEX 2024 sərgisində nümayiş etdirdiyi məhsulların sırasında aşağıdakılar yer alır:

  • MAM-C, MAM-L və MAM-T mini ağıllı sursatları;
  • “Cirit” lazerlə idarə olunan raketi;
  • “Karaok” qısa mənzilli tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi;
  • OMTAS orta mənzilli TƏİR kompleksi;
  • L-UMTAS lazer tuşlamalı uzun mənzilli TƏİR kompleksi;
  • “Çakır” qanadlı raketi;
  • “Sungur” hava hücumundan müdafiə (HHM) sistemi;
  • “Levent” yaxın mənzilli HHM sistemi;
  • MİDLAS milli şaquli buraxıcı sistem;
  • KMC taktiki raket buraxma sistemi.
CATEGORIES
TAGS