
“Roketsan” yeni TRLG-122 raketini nümayiş etdirib
Türkiyənin “Roketsan” şirkəti tərəfindən yeni 122 mm çaplı TRLG-122 “yer-yer” tipli raket hazırlanıb.
“Poliqon” xəbər verir ki, yerli və milli imkanlar hesabına hazırlanan TRLG-122 raketi ilk dəfə IDEF-2021 XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.
Şirkət mütəxəssislərinin sözlərinə görə, lazer arayıcı başlıq ilə təchiz edilən TRLG-122 raketi yüksək dəqiqliyə malikdir. GPS və ya GNSS naviqasiya sistemi ilə idarə olunan raket, yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 13-30 kilometr aralığında yerləşən böyük əhəmiyyətli hədəflərin məhv edilməsi üçün hazırlanıb.
TRLG-122 raketinin dizayn təsdiqləmə işləri davam etdiyi halda, bir il ərzində layihə müqaviləsinin imzalanması, sonra kütləvi istehsala başlanması planlaşdırılıb.
Kütləsi 76 kq təşkil edən TLRG-122 raketi, 13,5 kq ağırlığında döyüş başlığı ilə təchiz edilib. Raket 2 metrdən az sapma ilə hədəfi vurmaq qabiliyyətinə malikdir.
Atışa hazır vəziyyətdə nəql edilə, saxlanıla və istifadə edilə bilən TRLG-122 raketi, istifadəçinin sahədəki təchizat və hazırlıq proseslərini də asanlaşdıracaq. Artilleriya və hava hücumundan müdafiə sistemləri, radar mövqeləri, cəmləşmə rayonları, logistika müəssisələri, o cümlədən komanda, nəzarət və rabitə sistemləri və digər yüksək strateji hədəfləri məhv etmək üçün istifadə edilə bilər.