“Roketsan”ın AKYA torpedosu Türkiyə HDQ-nin inventarına daxil edilib

“Roketsan”ın AKYA torpedosu Türkiyə HDQ-nin inventarına daxil edilib

“Roketsan” şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan AKYA ağır torpedosu Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına daxil edilib.

“Poliqon” “SavunmasanayiST”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) yaydığı məlumatda bildirilib.

SSB-nin məlumatına görə, AKYA təlim torpedoları Türkiyə HDQ-də istifadəyə verilib. AKYA döyüş torpedolarının isə yaxın vaxtlarda HDQ-nin inventarına girməsi planlaşdırılıb.

AKYA torpedoların ilk tədarükləri keçən ilin dekabr ayında həyata keçirilib. “Roketsan” şirkəti HDQ Komandanlığına torpedolarla yanaşı lazımi istehlak materialları, sınaq avadanlığı və logistika materiallarını çatdırıb.

İndiyədək 60-dan çox AKYA torpedosunun atış sınağını həyata keçirən “Roketsan” MUREN kimi döyüş idarəetmə sistemləri ilə inteqrasiya işlərini həyata keçirəcək. 2009-cu ildən “Roketsan” tərəfindən hazırlanan AKYA torpedosu sualtı platformalar tərəfindən sualtı və ya yerüstü hədəflərin məhv edilməsi üçün istifadə ediləcək.

Hazırda Türkiyə HDQ-də fəal şəkildə Almaniyanın DM2A4 və Amerikanın Mk46 torpedaları istifadə edilir. “Roketsan” şirkəti yerli istehsalla HDQ-nin torpedo ehtiyaclarını qarşılamağı planlaşdırıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS