
“Roketsan”ın “Atmaca” gəmi əleyhinə raketi HDQ-nin inventarına daxil edilib
“Roketsan” şirkəti tərəfindən milli imkanlarla istehsal edilən “Atmaca” gəmi əleyhinə idarə olunan raket Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir Antalyada keçirilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar konfransı çərçivəsində jurnalistlərə bildirib.
““Atmaca” layihəsində çatdırılma fəaliyyətlərinə başlanılıb. AKYA təlim torpedasının atışı keçirilib, digər döyüş torpedalarının tədarükü 2022-ci ildə həyata keçiriləcək. Milli şaquli atış sistemi üçün isə İSTİF sinifli freqat hazır olduqda, o da hazır olacaq”, – deyə SSB başqanı qeyd edib.
Bununla, İsmail Dəmir ilk dəfə olaraq “Atmaca” gəmi əleyhinə idarə olunan raketin istifadəyə verildiyini açıqlayıb.
“Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi Dəniz Qüvvələrlərinin tələbləri üzrə 2005-ci ildə “Roketsan” şirkəti tərəfindən başlanılıb. 2018-ci ilin oktyabrında Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə “Roketsan” arasında “Atmaca” raketlərinin HDQ-ə tədarükünə dair müqavilə imzalanıb.
“Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.
2016-cı ildən “Atmaca” raketinin sınaqları başlayıb. Bu çərçivədə, 2020-ci ilin iyul ayında keçirilən sınaqlar zamanı “Atmaca” raket 200+ km məsafədəki hədəfi yüksək dəqiqliklə vuraraq funksiyalarını mükəmməl formada yerinə yetirib. 2021-ci ilin iyununda “Roketsan” şirkəti tərəfindən yaradılan “Atmaca” gəmi əleyhinə idarə olunan raketin Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən son qəbul sınaqları keçirilib. Türkiyə HDQ-yə məxsus “TCG Kınalıada” korvetindən atılan “Atmaca” raketi ilk dəfə gəmi hədəfini dəqiqliklə vurub və sınaq uğurla nəticələnib.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay 2020-ci ilin noyabr ayından “Atmaca” gəmi əleyhinə raketin seriyalı istehsala başladığını bildirib. “Atmaca”nın Türkiyə Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan ABŞ-ın 140 km atış mənzilinə sahib “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb.
Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800-5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır.
Rizvan Fikrətoğlu