“Roketsan”ın “Yalman” silah sistemi ordunun silahlanmasına veriləcək
Türkiyənin “Roketsan” şirkəti tərəfindən milli imkanlarla hazırlanan “Yalman” silah qülləsinin dövlət sınaqları tamamlanıb.
“Poliqon” xəbər verir ki, Türkiyyə Milli Müdafiə Nazirliyi “Yalman” silah qülləsinin qəbul sınaqlarının uğurla həyata keçirildiyini açıqlayıb.
Bildirilib ki, “Yalman” silah qülləsi tank əleyhinə bölmələrin əlavə imkanlar əldə etməsi məqsədi ilə başladılan KMC (Kaideye Monteli CİRİT) Silah Sistemi Layihəsi çərçivəsində hazırlanıb. “Roketsan”ın UMTAS və “Cirit” raketləri ilə komplektləşdirilən “Yalman” silah qülləsinin Konyadakı Karapınar poliqonunda keçirilən qəbul sınaqları çərçivəsində təyin olunan hədəflər yüksək dəqiqliklə vurulub.
“Yalman” silah qülləsi Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməyə hazırdır. Şirkət mütəxəssislərinin sözlərinə görə, silahların dəstləşdirilməsi istifadəçinin ehtiyaclarına uyğun olaraq dəyişdirilə bilər. “Roketsan” istehsalı olan OMTAS, UMTAS, L-UMTAS və “Cirit” raketləri “Yalman” silah sistemi ilə eyni anda müxtəlif hədəflərə qarşı istifadə oluna biləcək.
Sistem hədəfləri 8 kilometrdən aşkarlama, ayırd etmə və izləmək qabiliyyətinə malikdir. Təhdidlərə uyğun olaraq hədəf məlumatı raketlərdən hər hansı birinə ötürülür və hədəfə atəş açılır.
Qeyd edək ki, “Yalman” silah qülləsi ilk dəfə 2020-ci ilin sentyabrında ROKETSAN Peyk Buraxma, Kosmos Sistemləri və Qabaqcıl Texnologiyalar Araşdırma Mərkəzinin açılış mərasimində üzərində 1 ədəd UMTAS, 1 ədəd L-UMTAS, və 4 ədəd “Cirit” raketi ilə nümayiş etdirilib.